Aynadakı qadınlar – Lent.az-da yazı serialı – II BÖLÜM
19 mart 2019 13:03 (UTC +04:00)

Aynadakı qadınlar – Lent.az-da yazı serialı – II BÖLÜM

2-ci hissə

 

Kişilər nə istəyir?

 

- Qadın nə zaman bədbəxt olur?
 

- Layiq olmayan kişiyə sadiq olanda.

 

 

Əvvəli: http://news.lent.az/news/308211

 

 

Onun adı nə idi görəsən?

 

Bəlkə də hələ çox dayanıb düşünəcəkdim, amma yağış qəfildən elə gücləndi ki, özümü bumbuz su şırnağının altında hiss etdim. Etiraf edim ki, həmin anlarda o cür soyuq duşa doğrudan da ehtiyacım vardı. Surxay mənim çiynimdən tutub silkələdi:

 

- Eyy! Ayıl! Nolub sənə? İki qədəh içdin-içmədin, it gününə qalmısan. Ver maşının açarını!

 

- Yox, ayığam mən, - hələ də o naməlum gözəl qadının maşınının arxasınca baxa-baxa dedim.

 

- Ver, ver! – Surxay əlimdən açarı demək olar ki zorla alıb, sükan arxasına keçdi. Mən də daha bir söz demədən onun yanında oturdum.

 

İçəridən bir neçə adam çıxıb maşınımıza tərəf cumdu. Deyəsən, restoranın mühafizə xidmətinin işçiləri idi.

 

- Lənət şeytana! – Surxay onları görüb maşından düşmək istədi. Lakin bu vaxt ad günü olan dostumuz və bir neçə qonaq bunların dalınca çıxıb, bizə sarı gəlmələrinə mane oldular, dostumuz qısa şəkildə mühafizəçilərə nəyisə izah etdi və əl hərəkətiylə bizə “gedin” işarəsi verdi.

 

Surxay maşını işə saldı və biz oradan uzaqlaşdıq.

 

Bütün yol boyu hər ikimizin telefonuna aramsız zənglər gəldi. Dostlar, tanış qadınlar yəqin ki, baş verənlərlə bağlı suallar vermək istəyirdilər. Hər birinə qısa şəkildə “heç bir narahatlıq yoxdur, sağ ol” – deyib, yola verdim. Surxay sükan arxasındaydı deyə, ona gələn zənglərə də mən cavab verirdim.

 

- Hələ gör özü zəng elədi, maraqlandı? – Surxay qırmızı işıqda telefonuna göz atdı, - Tofiqi deyirəm e!

 

- Daha nəylə maraqlansın? Çıxdı mühafizədən canımızı qurtardı da.

 

- Dəxli yoxdur ki! Adamda bir mərifət olar! Sən hər yoldan keçən şərəfsizi niyə məclisinə çağırırsan ki? Sən tanıdın o zibili?  Qızı vuranı deyirəm e!

 

- Yoox, nə bilim kimdi.

 

- Bax, mənə də o maraqlıdır! Mən, sən, Tofiq, bir məhəllədə böyümüşük, hə? Bir-birimizin evinə qapı döymədən girən uşaqlar olmuşuq. Bax mən niyə öz dostumun əziz günündə hansısa bir tullantı ilə üz-üzə oturmalıyam? Hələ onun o mamlı-matan…

 

- Ə, yaxşı! – mən Surxaya acıqlandım, - yekə adamsan, yola bax!

 

Yaşıl işıq yandı və maşın yerindən tərpəndi.

 

Elə bu vaxt Tofiq zəng elədi.

 

- Gör yenə kimdir? – Surxay əsəbi halda başıyla əlimdəki telefonlara işarə etdi.

 

Zəng Surxaya gəlirdi. Mən cavab üçün düyməni basdım. Tofiqin səsi qulaqlarımda gurladı:

 

- Bax, sənə deyirəm, neynirsən elə, amma Buludu məndən bir-iki ay gizlət! Yoxsa onu salaram təpiyimin altına, adı yadından çıxar!

 

- Tofiq, mənəm! – dedim.

 

- Surxay! – deyəsən karıxdı, sonra daha artıq qəzəblə bağırmağa başladı, - ay  heyvan! Sən haçan adam olarsan, hə? Sənə görə işimdən oldum! Axı sən niyə burnun girməyən yerə o eşşək başını soxursan? Sənnənəm e, Bulud!

 

- Nə səsini atmısan başına? Niyə qışqırırsan? Nə iş, hansı iş? Qayıdaq ora, görüm nə deyirsən! Surxay, sür geriyə!

 

- Cəhənnəm olun ikiniz də, gözüm sizi görməsin! Surxay da, sən də, bir köpüklük adam deyilsiz!

 

- Ver görüm hələ! – Surxay dözməyib telefonu məndən aldı, - nə deyirsən?

 

Mən daha Tofiqin nə dediyini eşitmədim, amma Surxayın üzündəki ifadə qəzəbdən pərtliyə, sonra da nədənsə iyrənirmiş kimi bir hala keçdi və mənim də hirsim marağa keçməyə başladı.

 

Surxay Tofiqi dinləyib iki kəlməlik “yaxşı, hələlik” deyərək telefonu qapadı və üzümə baxdı.

 

- Təzə müdiriymiş e Tofiqin. Yazıq ad günündən çox işə girməyinə görə sevinib məclis düzəltmişdi. Biz də vurduq kişini xəşil elədik orda.

 

- Necə yəni? – heyrətdən gözlərim bərəlmişdi, - kim imiş? Müdir? O bizim vurduğumuz? Qızın… əri?

 

- Hə də… - müdirdisə, deməli, əri olar da. Daha işçisinin ad gününə sevgili gətirməz ki müdir.

 

Biz artıq öz binamızın həyətində idik.

 

 

***

 

Səhərə kimi o qadını düşündüm. Onun gəlib stulu çəkib oturması, gözlərindəki qızartı, üzündəki gərginlik, yanındakı arıq, uzun adam və o qəfil şillə. Yox, şillədən əvvəlki bağırtı: “Bəsdir!”

 

Şillə məhz bu kəlmədən sonra oldu.

 

Demək, bizim Tofiqin müdiri imiş onun “yiyə”si. Və bu “yiyə” o qədər yad adamın içində öz həyat yoldaşına şillə vuracaq dərəcədə özünü idarə edə bilməyən tip idi. Belə hallar üçün ən primitiv reaksiya belə ola bilər: Özünü idarə edə bilməyən adam işini necə idarə edər? Yanındakı qadına “yiyə”lik edə bilməyən kişi əlinin atında işləyən adamlara necə yiyə çıxar? Ümumiyyətlə, belə adamla işləmək, onu tanımaq, ona salam vermək özünə hörmət edən kişiyə yaraşarmı?

 

Lakin mən ali təhsilli və müəyyən qədər iş təcrübəsi olan psixoloqam və belə primitiv yanaşma tərzi mənə yaddır.

 

Bəs o qadın? Onun hissləri? O qədər adamın içində təhqir olunması? Görəsən niyə o adama ərə gedib? Sevibmi? Ailəsi zorla verib bəlkə? Yox, axı o qadın zorla ərə verilən qadınlara bənzəmirdi? İşimlə əlaqədar olaraq mən belə qadınlarla çox qarşılaşıram. Erkən nikaha məcbur olunanlar, şantaja məruz qalanlar, uşaqları əllərindən alınanlar… Onların heç birinə bənzəmirdi Tofiqin təzə (indi artıq köhnə) müdirinin həyat yoldaşı. Bircə elə o “Bəsdir!” bağırtısında nə qədər güc vardı. Hələ maşını ilə üstümüzə gəlməsi, gölməçənin suyunu bizə sıçratması…

 

Bu qədər aqressiv olmaq üçün o cür zərif bir qadın həyatda çox böyük travma almış biri olmalıydı. Mən bunu bilirdim. Mənim bilmədiyim başqa bir həqiqət də vardı amma: Belə qadınlar onların yaralarını sağaldan kişilərə o qədər böyük travma yaşadırlar ki…

 

***

 

Səhər ilk işim acı tünd qəhvə içə-içə Surxaya zəng etmək oldu. Deyəsən, möhkəm yatmışdı, üçüncü zəngimdən sonra cavab verdi. Səsi yuxulu və yorğun idi.

 

- Bulud, sən mənə de görüm, kişilərə nə lazımdır?

 

- Nə sarsaqlayırsan? Söz soruşmaq istəyirəm.

 

- Yox, e, sən axı psixoloqsan, sən daha dəqiq bilərsən, kişilərə nə lazımdır?

 

- Surxay, məzələnmə, hirsliyəm onsuz da.

 

- Bulud, sənə nə lazımdır? – Surxay bağırdı.

 

- Tofiq harda işə girmişdi?

 

- Ə, sənin… - telefonu qapadı.

 

Mən ona bir də zəng etdim, amma artıq onun telefonu sönülü idi. Tofiqin nömrəsini axtardım. Elə tapıb zəng edəcəkdim ki, Surxayın adı telefonun ekranında göründü.

 

Bircə kəlmə dedi: Sehrbazda!

 

Sonra yenə telefonu qapadı və nə qədər yığsam da, cavab vermədi. Görünür, yatmışdı.

 

 

***

 

“Sehrbaz”.

 

Şəhərdə bu adda nə vardı axı?

 

İnternetdə axtarıb bu adda yerin ünvanını öyrənəndə isə təəccübdən gözlərim kəlləmə çıxdı. Bu ki bizim dünən ad günündə olduğumuz həmin o restoran imiş?!

 

Lənət şeytana!

 

Mən mütləq Tofiqlə görüşməli idim.

 

Lakin həmin gün mən onu ancaq axşamtərəfi tapa bildim. Biz – mən, Surxay və o, kafelərin birində oturub pivə içə-içə dərdləşirdik. Tofiq çox pərt və üzgün idi. Deyirdi ki, “Sehrbaz”da baş mühasib işləmək çox adamın arzusudur və Tofiqin bəxti üzünə gülmüşdü, ən yaxın dostları da vurdular gözünü çıxartdılar.

 

- Dayan e, dayan! – Surxay onun sözünü kəsdi, - restoranın baş mühasibi işləmək niyə çox adamın arzusu olsun axı? Bulud, sənin belə arzun olub? Mənim də yoxdur!

 

- Ay adam, ay Surxay! – Tofiq səbirsizcə səsini qaldırdı, - “Sehrbaz” bəyəm ancaq restorandan ibarətdir? O restoran sizin o vurduğunuz kişinin şirkətinin ancaq bir budağıdır. Mən isə şirkətin baş mühasibi olmuşdum! Artıq deyiləm…. Sayənizdə.

 

- Hmmm… - Surxay fikrə gedib mızıldanaraq başını buladı, - işləri korlamışıq.

 

- Niyə korlamışıq axı? İşdən çıxarıblar səni? Vəssalam? – soruşdum.

 

- Çıxarıblar, çıxarmayıblar, mən nə bilim?! – Tofiq əsəbi halda masadakı ümumi ləbləbi boşqabını öz qabağına çəkdi, - yəqin ki çıxarıblar.

 

- Əşi, cəhənnəm olsun! – Surxay ləbləbi boşqabını Tofiqin qarşısından özünə sarı çəkdi, ağzına beş-altı noxud atdı, - elə axmaq adamın əlinin altında işləməsən yaxşıdı.

 

- Niyə axmaq olur e? Axmağın şirkəti olur? – Tofiq əlini yellətdi, - ay hay!

 

- Axmaq deyil, arvadını şillələyir? Özü də işçisinin ad günündə? – Surxay qabı Tofiqə sarı itələdi.

 

- Öz avradıdır, özü bilər! Sənə nə? Sizə nə? – Tofiq bizə acıqla baxdı, - lazım idi onu vurmaq? Lazım idi məni işsiz saxlamaq? Anama kim baxacaq? Onun dərmanlarına hər ay nə qədər pul lazım olur, bilirsiz? Bəs mənim evlənməyim? Nə qədər nişanlı qalacam mən? Toy eləməliyəm axı! Guya bunları bilmirsiz? Elə bilirsiz onun arvadı sizə çox sağ ol deyəcək? Arvadıdı e kişinin, başa düşürsüz? Gəlib sənin, mənim olmayan arvadlarımızı vurmayıb e, özününkünü vurub!

 

Yox, daha dözmək olmazdı!

 

Mən bütün səbrimi toplayıb qətiyyətlə ayağa qalxdım və bəyan elədim:

 

- Gedək, kişini tap, mən üzr istəyəcəm.

 

- Nə? – dostlarımın hər ikisi xorla soruşdu.

 

- Üzr istəyəcəm! – dedim.

 

Həmin an həmin situasiya üçün ən doğru qərarı verdiyimdən o qədər əmin idim ki, məni fikrimdən kimsə daşındıra bilməzdi...

 

(Davam edir...)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2305
avatar

Bulud Qara

Oxşar yazılar