Azərbaycanda turizm siyasəti
27 noyabr 2014 12:24 (UTC +04:00)

Azərbaycanda turizm siyasəti

 

Hal-hazırda turizm istənilən ölkənin milli dəyərlərindən birinə çevrilib. Ölkə iqtisadiyyatına ən az sənaye  qədər gəlir qazandıran turizm sektoru istər milli mənfəətə, istərsə də ölkənin dünyəvi tanıtımına və etibarına çox böyük təsir göstərməkdədir. Müasir dövrdə ölkələrin turizm siyasəti:

1)    Turizmin inkişafı üçün yeni imkanlar, hədəflər və mümkünlüklər ortaya qoyur;

2)    İqtisadi hədəfə istiqamətlənir və turizmdən gələn iqtisadi faydaları ən yüksək həddə çatdırmağa istiqamətlənir;

3)    Turizm sahəsində mövcud olan psixoloji və sosial maneələri, fərqli fikir və davranışları tənzimləyir;

4)    Turizm sektorunda mövcud problemlərin müəyyənləşib, qarşısının alınmasına qismən yardım edir.

Turizm sektorunun inkişafı üçün 3 şərtin olması vacibdir:

1)    Mövcud təbii-coğrafi şərait, yəni zəruri infrastruktur (cəlbedici, tarixi, maraqlı məkanların olması);

2)    Yüksək xidmət;

3)    Münasib qiymət.

Bu gün, Azərbaycan üçün əsas hədəf neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun dinamik inkişafının təmin olunmasıdır. Neft tükənən,bərpa olunmayan təbii sərvətdir.  Bu baxımdan, bu zəngin təbii sərvətdən son dərəcə səmərəli şəkildə, qənaətlə istifadə olunmalıdır. Ulu öndər Heydər Əliyev çıxışlarında daim bəyan etmişdir ki, neft təkcə indiki deyil, həm də gələcək nəsillərə məxsusdur.

Respublikamızda iqtisadiyyatın yalnız neft amilindən asılılığının qarşısının  alınması istiqamətində tədbirlər həyata keçirilir. Bu istiqamətdə turizmin inkişafı ayrıca qeyd olunmalıdır. Məlumdur ki, ölkənin turizm potensialının inkişafı təsərrüfatın bütün sahələrinə təsir göstərir və onların inkişafını stimullaşdırır. Azərbaycan Respublikasında tətbiq olunan turizm siyasəti iqtisadi inkişafa yönləndirilir. 

son illər ərzində Azərbaycanda turizm qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilməkdədir. Turizmin inkişafı çərçivəsində qəbul edilən çoxsaylı hüquqi-normativ aktlar, aparılan islahatlar  məhz ölkənin turizm imkanlarından səmərəli şəkildə yararlanması, Azərbaycanın dünyada yalnız neft ölkəsi kimi deyil, eyni zamanda zəngin turizm potensialı, əlverişli coğrafi mühitin hakim olduğu bir dövlət kimi tanınması məqsədini daşıyır. 2010-cu ildə “2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair” Dövlət Proqramının qəbul olunması, Prezidenti İlham Əliyev tərəfindən 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi, bununla əlaqədar geniş Tədbirlər Planının təsdiq və icra olunması nəticəsində ölkəmizdə turizm sənayesi yeni mərhələyə qədəm qoymuşdur. Bununla belə yenə də müəyyən istiqamətlərdə boşluqlar özünü göstərir. Baxmayarq ki, Azərbaycan 23 illik qısa tarixi müstəqilliyə və faktiki müharibə şəraitinə malik bir dövlətdir,  artıq tarixi minillərə dayanan turizm potensialının reallaşması vaxtıdır. Bunun üçün də çalışmalıyıq ki, Azərbaycanın məhz zəngin, çoxəsrlik, özünəməxsus turizm dəyərlərini layiqincə dünyaya tanıdaq. Əvvəl evin içi, sonra çölü” prinsipini tətbiq edərək,  daxili turizm imkanlarını artırmalı, qanunvericilikdəki boşluqları tənzimləməli, problemlərin həlli yollarını müəyyənləşdirməliyik.  

Nailə Məmmədova

Azerbaijan Realities

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 892
avatar

Oxşar yazılar