Lars fon Trierin “Antixrist” filmi bir ailənin həzz fonunda darmadağın olması ilə başlayır.
Valideynlərinin sevişdiyi məqamlarda onların iki yaşlı oğlu diqqətdən kənar qalaraq, pəncərəyə çıxır və oradan aşağıya yuvarlanıb dünyasını dəyişir.
Film boyunca hər iki valideynin çəkdiyi iztirabları görürük, amma ananın yaşadıqları bir başqadır, bu əzabın içində təəssüfdən özünü qınayıb günahlandırmağa qədər ən dəhşətli duyğular var və onlar bir ömür boyu heç bir zaman susmayacaq...
Trierin bu filmini nə üçün xatırladım?
İndi deyərəm.
Yəqin siz də fikir vermisiz, son illərin ən aktual qəzalarından biri də azyaşlı uşaqların əllərinin ət maşınlarında qalıb didilməsidir.
Az qala hər ay iki, ya üç yaşlı körpələrin əllərinin ət maşınında ilişməsi, FHN əməkdaşlarının maşını kəsib uşağın əlini ordan parçalanmış halda çıxarması barədə xəbərləri eşidir, oxuyur, görürük.
Bu cür xəbərləri eşidən əksər adamların ilk reaksiyası çox radikal olur: “Anası harda ölmüşdü?”
Anaların harda öldüklərini demək asan iş deyil.
İki və ya üç yaşlı körpəni ət maşınını işlədib, əlini doğrayacaq dərəcədə tək və nəzarətsiz saxlayan böyüklərin sayı nə qədər olursa olsun, yada düşən, ağılın süzgəcinə ilk gələn şəxs məhz ana olur.
Ata, nənə, baba və digər yaxın qohumların hamısının varlığı bir tərəfə olur, ananın varlığı və uşaq üçün əhəmiyyəti, məsuliyyəti başqa tərəfə.
İşə gedən, günün yarıdan çoxunu evdən kənarda keçirməyə məcbur olan analar övladlarını ya uşaq baxçalarına, ya dayəyə, ya da yaxın qohumlardan birinə etibar edirlər.
Amma hətta bu hallarda belə hər hansı bir təsadüf nəticəsində uşaq zədə alırsa, məsuliyyətə ilk cəlb olunası adam ana olur sanki.
Hər birimiz onlarla misal gətirə bilərik anadan kənarda uşaqlarla baş verən xoşagəlməz hadisələrlə bağlı.
Məsələn, Səbinə adlı xanım işə getdiyi saatlarda qızını Bakıdakı uşaq baxçalarından birinə etibar etmişdi iki il bundan qabaq. Bir gün işdən dönüb uşağı baxçadan alanda, həmişəki kimi saçından öpmüşdü və burnuna dəyən nəcis iyindən şübhələnib uşağın saçlarını yoxlamışdı. Məlum olmuşdu ki, nəzarətçilərin nəzarət etməməsi ucbatından tualetdə qarşok üstündə düşən davada başqa bir uşaq edib bunu.
Başqa bir misal.
Kəndlərin birində ananın başı xalça-palaz yumağa qarışdığı zaman, iki-üç yaşında oğlan həyətin başından axan arxa sarı getmiş və ayağı sürüşdüyü üçün suya yıxılıb boğulmuşdu.
Elə keçən il Lənkəranda bağda işləyən ananın nəzarətindən çıxmış uşaq həyətdəki plastik butulkadakı ilan zəhərini şirin su bilərək içmiş və həyatını itirmişdi.
Analar həyət-bacada işlədiyi və ya ev təmizlədiyi saatlarda həyətdəki su quyusuna, ayaqyoluna düşən, küçəyə qaçıb maşın qəzalarına və öz ölümünə səbəb olan uşaqlar azdırmı?
Ananın gözündən yayınıb dərman həbləri atan, elektrik şəbəkələrinə saç sancağı və ya digər metal əşya salan, kibrit və ya alışqanla evdə yanğın törədən, balkona çıxıb yıxılan uşaqlar yoxdurmu?
Ana nəzarətindən kənar uşaqların bir-birinə, yaxud evdəki böyüklərdən hansınasa zədə yetirdikləri, bəzən hətta ölümlə nəticələnən hadisələr də az olmur.
Mən, məsələn, bir yaş yarımımda, anam məni ayaqları üstə yatırdarkən, atamın xorultusundan qorxub gözlərimi sıxmışammış, anam yorulub yuxulayanda isə yerimdən qalxıb, sobanın yanındakı dəmir maşa ilə atamın üzünə zərbələr vurmuşammış.
Atamın əlbəttə ki, ilk reaksiyası məni yuxulu halıyla itələmək, anama bağırmaq olub: “Harda ölmüsən?”
Anaların öldüyü yerlər indiki dövrdə az deyil.
Sosial şəbəkələr, serial nümayişləri, telefon söhbətləri...
Və sair və ilaxır.
Zalım qızları, heç olmasa ətçəkən maşınları iki yaşlı uşağın əlinin çatmayacağı yerdə saxlayın, dünya dağılmaz ki?