Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı (bundan sonra – “YT Park”) yaradılıb.
Sərəncamla müəyyən edilib ki, “YT Park” innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.
“YT Park”a münasibətdə səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Milli Elmlər Akademiyası həyata keçirir.
Azərbaycan Milli Elmlər Akademiyası “YT Park”ın ərazisində xarici və daxili infrastrukturun yaradılmasını və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görəcək.
Bundan başqa, “YT Park”ın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılacaq.
“AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra – Cəmiyyət) Ümumi Yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət təşkilatına və orqanına həvalə ediləcək:
6.1. Azərbaycan Milli Elmlər Akademiyasına:
6.1.1. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
6.1.2. Cəmiyyətin Müşahidə Şurasının seçilməsi;
6.1.3. Cəmiyyətin strukturunun, işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi;
6.1.4. Cəmiyyətin icra orqanının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
6.1.5. Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
6.1.6. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
6.1.7. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
6.2. Azərbaycan Milli Elmlər Akademiyasının təklifləri əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:
6.2.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
6.2.2. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;
6.2.3. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Qeyd edək ki, cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
Nazirlər Kabinetinə isə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində dövlət başçısına məlumat vermək, “YT Park”ın fəaliyyəti üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 622-ci küçədə yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə-Sənaye Zavodunun torpaq sahəsinin, onu icarəyə vermək hüququ ilə, Cəmiyyətin istifadəsinə verilməsini iki ay müddətində təmin etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu Sərəncamın 4-cü hissəsində nəzərdə tutulmuş işlərin görülməsi üçün zəruri maliyyələşmənin, habelə Cəmiyyətin nizamnamə kapitalının və ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini təmin etmək, “YT Park”ın fəaliyyət profili üzrə elmi tədqiqat və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi məqsədi ilə yerli və xarici elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi-texniki və innovasiya sahələrində əməkdaşlığının təşkili, əlaqələndirilməsi və genişləndirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə altı ay müddətində tədbirlər görmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, “YT Park”ın fəaliyyət istiqamətləri üzrə innovativ layihələrin icrası, sınaq-ekspertiza və prototiplərin hazırlanması və elmin kommersiyalaşdırılması fəaliyyətlərinin beynəlxalq əməkdaşlıq və qrant proqramları ilə əlaqələndirilməsi, o cümlədən potensial donorların cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, “YT Park”da istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi mexanizminə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə isə Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görmək tapşırığı verilib.