Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağstafa Rayon İcra hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirib.
Lent.az-ın məlumatına görə, tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı M. Quliyev aprel döyüşləri zamanı minlərlə Ağstafa sakininin düşmənlə döyüşmək üçün İcra Hakimiyyətinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli rayon şöbəsinə müraciət etməsinin ölkədə vətənpərvərliyin yüksək səviyyədə olduğunu sübut etdiyini bildirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini N. Orucov qeyd etdi ki, Silahlı Qüvvələrimizin zabit heyətinin formalaşmasında Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış hərbi təhsil müəssisələrinin böyük rolu var. Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri M. Vəliyev Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən ölkənin müxtəlif regionlarında keçirilən belə tədbirlərin gənc nəslin milli ruhda tərbiyə edilməsində müsbət təsirə malik olduğunu qeyd edib.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, həyata keçirilən islahatlar nəticəsində bugün Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlarla, hərbi texnika ilə təmin olunub, şəxsi heyətin döyüş ruhu yüksəkdir.
Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb. tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Ağstafa rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış edib.