Yanvarın 30-da qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birlikdə Qaradağ rayonu ərazisində yerləşən Dövlət Yol Polisi postunda reyd keçiriblər.
DBNX-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, reyd zamanı Ağcabədi rayonunun Xocavənd kənd sakinin Niyazov Sultan Niyaz oğluna məxsus "Mersedes" markalı 04-BL-161 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb. Avtomobilə baxış keçirilərkən onun arxa oturacağında və yük yerində mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmayan, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğuran, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunətli iyi verən, çəkisi 430 kq olan hissələrə bölünmüş 4 heyvan cəmdəyi aşkar olunub.
Aşkar olunan heyvan cəmdəklərinin mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığından və qida üçün yararlığı şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına təqdim edilib.
Bildirək ki, reyd zamanı aşkar edilən heyvan cəmdəklərindən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərarlar qəbul ediləcək.