Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi, yeni yaşayış massivində məskunlaşan sakinlər 2015-ci ildən bəri qaz problemi yaşayır.
Lent.az-a müraciət edən qəsəbə sakinləri deyir ki, 2015-ci ildən bu yana dəfələrlə qazla bağlı problem yaşayıblar. Bu ilin yanvar ayından isə vəziyyət daha da acınacaqlı hal alıb.
Abşeron rayon qaz istismar idarəsi, “Azəriqaz” İB-nin “Qaynar Xətt”inə dəfələrlə müraciət edən sakinlərə bildirilib ki, qaz verilişində yaranmış problem qaz xətlərində gedən profilaktik təmir işləri ilə əlaqədardır və problem həllini tapacaq. Amma uzun müddətdir, nə təmir işləri yekunlaşır, nə də qaz verilişi təmin olunub.
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən “Azəriqaz” İB-nin mətbuat katibi İbrahim Kərbəlayev deyib ki, problem qaz xətlərində təmir işlərinin bu qədər uzun çəkməsi ilə bağlı ola bilməz: “Təmir işləri olanda bir neçə saata yekunlaşır və haradasa təmirlə bağlı uzunmüddətli qaz verilməsində məhdudiyyət tətbiq olunursa, əvvəlcədən mətbuat vasitəsilə xəbərdarlıq edilir. Həmin sakinlərin uzun müddət qaz problemi yaşamasının bəlli ki, bir əsaslı səbəbi var. Vətəndaşlar “Azəriqaz” İB-ə yazılı şəkildə müraciət etsin və onların şikayətləri araşdırılsın”.