Qaynar.info şair Mahir Mehdidən müsahibə götürüb. Lent.az həmin müsahibəni təqdim edir
- Deyəsən, biz də qocalırıq. Sənə ilk sualı vermək istəyəndə gördüm xatirələr yadıma düşür. Məsələn, “Azadlıq” qəzetindəki o məşhur “Ədəbi Azadlıq” səhifəsi. Bir vaxtlar etalon sayılırdı bu səhifə...
- Qocalırıq, özü də necə, müdrikcəsinə, ancaq yaşa dolduğumu, vallah, hiss eləyə bilmirəm,
Olanımız elə xatirələrdi də, özgə nəyimiz var ki?
“Ədəbi Azadlıq” bir ada idi, hamı orda çap olunmaq üçün sino gedirdi. Ancaq mənim işimə Gündüz də (Gündüz Tahirzadə - red.), o vaxtkı baş redaktoru deyirəm, qarışmırdı, bir-iki dəfə şeir göndərmişdi, verməmişdim. Hər şeyi bəyənmirdim, xüsusən ənənəvi şeirləri çalışırdım az verəm. Ona görə də bəziləri vardı ki, məndən xoşları gəlmirdi,
O vaxt ədəbiyyat çap edən qəzetlər də yox idi. Dövr tamam başqa idi, indi şükür, seçim imkanı çoxdu.
- Maraqlıdır, cəmiyyətdə, eləcə də mətbuatda ədəbiyyata marağın tamamilə itdiyi bir vaxtda o səhifəni necə saxlaya bildiniz? Sizi sıxışdırmadılar? İllah da sırf siyasi bir qəzetdə...
- Ağız əyənlər var idi. Nə bilim, şeir nədi, ciddi işlərlə məşğul olun-filan. Özləri də bütün günü “Azadlıq”ın çayxanasında oturub boş-boş siyasi söhbətlər edirdilər. Yadında olar yəqin, hakimiyyətə gəlmək istəyən o boşboğazlar. Ancaq sən nədənsə o səhifədə çap olunmamısan. Rasim, Həmid geninə-boluna çap edilib. Bir də rəhmətlik Rafiq Tağı… Bir dəfə onun bir yazısına görə maaşımı da kəsmişdilər. Rafiqin o günahkar üzü hələ də yadımdadır. Düz bir həftə gəlib mənə pivə aldı, yay vaxtı idi, səhv eləmirəmsə Elçin Səlcuq da bizə qoşulurdu. Sonra Rafiqə anlatdım ki, onsuz da “Azadlıq” maaşlarımızı vermir, verilməyən şeyi necə kəsmək olar. O da bir az rahatladı.
Pulsuz-zadsız işləyirdim. “Azadlıq”ın bütün uşaqları kimi, axşam da pul tapıb gedirdim vurmağa, vurmağın da axırı ya davayla, ya da polis şöbəsiylə bitirdi. Hara toya gedirdimsə bir şuluq salmalıydım. Uşaqlar deyirdilər ki, gör toyunda neyləyəcəyik, sənin özünü döyəcəyik. Mənim də toyum-filan olmadı! (Gülür). Nəsə indi o ipə-sapa yatmayan Mahir Mehdidən əsər əlamət qalmayıb.
- Neçə yaşın oldu?
- 43
- Yaxşı qalmısan, maşallah! Şairlər adətən tez qocalır...
-Deyirsən, yəni arsızam?
- Allah eləməsin! Sənə çoxlu ayama qoşmaq olar, amma arsızı heç vaxt.
Bir şeirin vardı... Düzdü mən o qədər də bəyənmirəm, amma hamı əzbər bilir. “Sənə sevişməyi mən öyrətmişəm...” Bu şeirin konkret obyekti vardı?
- Heç mənim də xoşuma gəlmir, niyə belə populyar oldu bilmirəm. O vaxt bu şeiri Seymur Baycan məşhurlaşdırdı. Həmin şeiri çap etdirməmişdim. Seymur bizə gəlmişdi, mənimlə müsahibə almağa, bloknotuma baxanda o şeiri gördü ,sonra həmin misraları bir yazısında epiqraf kimi verdi. Sonra uşaqlar dirəndilər ki, o şeiri çap etdir, mən də “Ulduz”a verdim...Beləcə dilə-ağıza düşdü. Nə bilim, bizdə yorğan-döşəyi çox sevirlər. Şeirin obyekti olub və indi də var, yenə hərdən görüşüb o günləri yada salırıq və təbii ki, yaşayırıq. Bu, mənim ən gözəl sirrimdi.
- Elə bilirdim qadın məsələlərində sən də mənim kimi fərsizsən.
- İndi hə, ancaq cavanlıqda başqa idim, bir gündə üçü ilə görüşürdüm, “evlənəcəm” deyib aldadırdım onları, axırda məni aldatdılar...
- Ümumiyyətlə, qadınlarla aran necədir. Bilirsən də, bir kişi, illah da, bir şair üçün həyatda üç ciddi problem var: qadın, siqaret, içki... Üçünün də ləzzəti və zərəri var. Amma əksər şairlərin ən sadiq yol yoldaşıdırlar.
- Qadınlarla aram əla! Ancaq bir əmma var, cavan olanda özümdən yaşca böyüklərə vurulurdum, indi də özümdən yaşca balacalara vuruluram. Özün təsəvvür elə, o vaxt da mənə ciddi yanaşmırdılar, indi də!
- Nazim Hikmət deyirdi, qadınlardan başqa kimsəyə yalan satmadım.
- Mən yalançının yekəsiyəm! (Gülür)
- Arada yoxa çıxdın... Evləndin... Ayrıldın... Bir övladın da var... Məncə bu həm də Mahir Mehdinin sürgün həyatı idi. Bu barədə danışmaq istərdin?
- Ərinirəm bu haqda danışmağa. Niyə getdiyimi özün yaxşı bilirsən. Sürgünlüklə bağlı şeirim də var, ancaq mən özüm özümü sürgün etmişdim, özümü cəzalandırmışdım. Evlənməyimə gəlincə, kefləndim, qaçırdım, bir yerdə çox az yaşadıq, yola getmədik, dil tapa bilmədik, nə o deyən kimi oldum, nə də özüm istəyən kimi. İndi təkəm, özüm kimi...
- Niyə kitab buraxdırmırsan? Ayıb deyil?
- Ayıb olsa da, həvəsim yoxdu. Mənimcün yazı prosesi maraqlıdı, yazandan sonra hər şey maraqsız olur. Bir də özün bilirsən, mən ədəbiyyat haqda danışmağı sevmirəm, daha doğrusu bacarmıram. Şeiri yazarlar, şeir haqda danışmazlar. Kitabımı mən olmayanda özün çap etdirərsən.
- Müsahibəyə görə qonaqlıq verərsən mənə? Bu 90-cı illərdə, bizim ədəbiyyata gəldiymiz vaxtlarda yazılmamış qanun idi... Bəlkə yada salaq...
- Mən qonaqlıq verməkdən qaçan deyiləm. Yada salmaqdan və yadda olmaqdan gözəl şey yoxdu.
- Az içirsən. Bəzən heç içmirsən. Bu disiplinli işlə bağlıdır, yoxsa qocalıqdandlr.
- Qocalıram, içə bilmirəm, doymuşam, bəsdi.
- Sən də nadinc olmusan, mən də, amma nədənsə heç vaxt dalaşmamışıq. Məncə bu biabırçılıqdır. İki qoçun başı bir qazanda necə qaynayıb?
- Yox, sadəcə, məqam düşməyib. Həm də o vaxt öz kuruqumuz vardı. Yadındadırsa, çox az oturmuşuq bir yerdə. İstəsən, indi dalaşa bilərik. (Gülür) Ancaq məndə daha qoçluq qalmayıb.
- Sonda nə istəyirsən de... Məsələn, elə bil ev tapşırığıdır. 5 dənə maraqlı cümlə yaz.
- Əvvəllər səndən heç xoşum gəlmirdi, sürgündən qayıdandan sonra çox istədim səni. Olduğumuz qədər varıq. Gedirəm, gəldiyim yerə, yerimi bildiyim yerə. Daha cümləyə də sığmıram. Məni olmadığım gündə, ayda, məni olmadığım yerdə axtar. Sən də sözün boydasan.
- Sənə uğurlar
- Bu gün uğur olub çıxdın rastıma.
Söhbətləşdi: Şərif Ağayar