"Ölkəmizin hər bir şəhərində ən azı müasir bir xəstəxana olmalıdır".
04 oktyabr 2013 03:47 (UTC +04:00)

"Ölkəmizin hər bir şəhərində ən azı müasir bir xəstəxana olmalıdır".

 "Ölkəmizin hər bir bölgəsində hazırda müasir xəstəxanalar tikilir. Qarşıya məqsəd qoyulub ki, ölkəmizin hər bir şəhərində ən müasir xəstəxana - ən azı bir xəstəxana olmalıdır".

 

APA-nın verdiyi xəbərə görə, bunu 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının açılış mərasimində xəstəxananın kollektivi və Sumqayıt ictimaiyyətinin nümayəndələri ilə görüşündə  prezident İlham Əliyev deyib. Onun sözlərinə görə, nəzərə alınsa ki, son illərdə bölgələrdə 15 diaqnostika-müalicə mərkəzi tikilib, indi bəzi şəhərlərdə ən müasir standartlara cavab verən iki və ya üç tibb müəssisəsi var.

Səhiyyə sisteminin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çox böyük işlər görüldüyünü vurğulayan dövlət başçısı qeyd edib ki, bütövlükdə, son on ildə təqribən 500-ə yaxın tibb müəssisəsi tikilib, təmir edilib: “Təsəvvür etmək çətindir ki, əgər biz bu işləri görməsəydik, indi səhiyyə sistemimiz hansı vəziyyətdə ola bilərdi”.

 

Xəstəxanaların təmiri, avadanlıqla təchizatı səhiyyə sisteminin inkişafı üçün çox vacib amillər olduğunu deyən dövlət başçısı, eyni zamanda, vurğulayıb ki, tibbi xidmətin yüksəlməsinə də böyük ehtiyac var: “Əlbəttə ki, həkimlərin peşəkarlığı və bilikləri burada öz rolunu oynayır, oynayacaq. Bilirəm ki, həkimlərin peşəkarlığını artırmaq üçün, xüsusi proqramlar tərtib edilir, onların dünyada gedən proseslərdə iştirakı ilə bağlı məsələlər öz həllini tapır, informasiya mübadiləsi aparılır. Yəni, həkimlər daim işləməlidirlər ki, biz dünyada sürətlə inkişaf edən tibb sahəsinin bütün yeniliklərini Azərbaycanda tətbiq edə bilək”.

 

Prezident İlham Əliyev qeyd edib ki, bundan sonra da Azərbaycanda xəstəxana tikintisi davam etdiriləcək: “Çünki mən dəfələrlə qeyd etmişəm, bir daha demək istəyirəm ki, Azərbaycan dövləti sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əlbəttə ki, hər bir insan üçün onun sağlamlığı çox vacibdir. Biz çalışmalıyıq ki, insanlar öz sağlamlıqlarını itirməsinlər və keyfiyyətli yüksək tibbi xidmətlə təmin olunsunlar. Bunu etmək üçün bundan sonra da müvafiq göstərişlər veriləcək, tədbirlər görüləcək”.

 

Ölkə başçısının sözlərinə görə, Azərbaycanda bu sahədə görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir: “Dünya Səhiyyə Təşkilatı Azərbaycanda islahatların aparılmasında müsbət meylləri qeyd edir. Əlbəttə ki, bu, bizi daha da ruhlandırır. Əminəm ki, növbəti illərdə səhiyyə sisteminin təkmilləşdirilməsi üçün əlavə tədbirlər görüləcək”.

 

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda bir dənə də təmirsiz tibb ocağı olmamalıdır, bir dənə də qəzalı vəziyyətdə poliklinika, yaxud da ki, hansısa kənd ambulatoriyası olmamalıdır: “Əlbəttə ki, ilk növbədə böyük şəhərlərdə, ondan sonra bütün şəhərlərdə və ondan sonra bütün yaşayış məntəqələrində - harada ki, xəstəxanalar, tibb mərkəzləri var, orada bütün işlər görülməlidir”.

 

“Bütövlükdə insanların sağlamlığı üçün bütün lazımi tədbirlər Azərbaycanda görülür. Tibb xidməti, əlbəttə ki, ön plandadır. Ancaq insanların sağlamlığını şərtləndirən başqa amillər də var. Biz bu məsələlərə kompleks şəkildə yanaşırıq. Xüsusən də vaxtilə böyük sənaye mərkəzi olan Sumqayıt kimi bir şəhər üçün kompleks tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır. Bir neçə gün bundan əvvəl Taxtakörpü Su Anbarının tikintisi və Taxtakörpü-Ceyranbatan kanalının açılışı nəticəsində Sumqayıtın içməli su ilə təchizatı daha da yaxşılaşacaq. Halbuki bu gün şəhər sakinlərinin 83 faizi fasiləsiz təmiz içməli su ilə təmin edilir. Bu məsələlərin bir hissəsi öz həllini tapıb. Ancaq şəhər əhalisi artacaq, burada yeni müəssisələr yaradılacaq, ona görə içməli və texniki suya tələbat daha da böyük olacaq”, deyə prezident İlham Əliyev qeyd edib.

 

Sumqayıtın ekoloji vəziyyətinə toxunan dövlət başçısı bu məsələnin daim diqqət mərkəzində olduğunu qeyd edib: “Çünki sovet dövründə Sumqayıtın ekoloji vəziyyəti ağır idi. Biz bunu bilirik. Əfsuslar olsun ki, bu köhnə informasiyalar, məlumatlar bu gün də dünya mətbuatında mövcuddur. Ancaq həqiqət elədir ki, bu gün Sumqayıt ən təmiz şəhərlərdən biridir. Çünki vaxtilə havanı çirkləndirən müəssisələr öz fəaliyyətini dayandırıb. Yeni müəssisələr isə çox yüksək ekoloji standartlar əsasında tikilir”.

 

Dövlət başçısının sözlərinə görə, bu gün Sumqayıt yaşıl şəhərdir, gözəl havası, gözəl iqlimi, gözəl təbiəti var: “Sumqayıt bu gün parklar, bağlar şəhəridir. Parkların sayına görə heç Bakıdan da geri qalmır. Çox şadam ki, Sumqayıtda bu parkların yenidən qurulması prosesi gedir. Mən son on ildə Sumqayıta on dəfədən çox səfər etmişəm və Sumqayıtın inkişafı daim diqqət mərkəzindədir. Çox şadam ki, insanlar üçün vacib olan bu sahə də öz həllini tapır. Sumqayıt parklar, bağlar, ağaclar şəhəridir, yaşıl şəhərdir və burada yenidənqurma işləri aparılır. Binaların bir çoxu əsaslı şəkildə təmir edilir. Sumqayıt üçün ənənəvi istirahət zonaları yenidən qurulur. Burada inkişaf, dizayn, quruculuq işləri Bakı şəhərinin səviyyəsində olmalıdır”.

 

Sumqayıtın Bakıya yaxınlaşdığını vurğulayan prezident qeyd edib ki, coğrafi nöqteyi-nəzərdən bu iki şəhər demək olar ki, birləşib: “İndi Bakı ilə Sumqayıt arasında boş yer qalmayıb. Fərdi evlərin, hündürmərtəbəli binaların tikintisi gedir. Ancaq yaşayış səviyyəsinə görə də Sumqayıt Bakıdan geri qalmamalıdır. Çünki böyük şəhərdir, gözəl tarixi, zəhmətkeş insanları var”.

 

Prezident İlham Əliyev qeyd edib ki, Sumqayıt Bakıdan sonra Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir: “Bu da hesab edirəm ki, çox əlamətdar hadisədir. Çünki Cənubi Qafqazın ən böyük iki sənaye şəhəri Azərbaycan şəhərləridir. Sumqayıtın yeni sənaye mərkəzi kimi inkişafı artıq reallaşır. Bu barədə mən hələ on il bundan əvvəl demişdim, 2004-cü ildə burada böyük elektrik stansiyasının açılışı zamanı demişdim ki, bu stansiyanın tikintisi Sumqayıtda sənayenin inkişafına təkan verəcək və belə də oldu”.

 

Son illər ərzində Sumqayıtda onlarla zavod, fabrik açıldığını xatırladan dövlət başçısı qeyd edib ki,  onların hamısı dünya standartları səviyyəsindədir: “Sumqayıt Texnoparkı bu gün dünya miqyasında seçilən bir texnoparkdır. Xarici qonaqlar, hətta inkişaf etmiş ölkələrdən olan qonaqlar bu texnoparkla tanış olduqda qeyd edirlər ki, doğrudan da çox müasir texnoparkdır. İndi orada 14 zavod fəaliyyət göstərir və 5 zavodun tikintisi davam edir”.

 

Sumqayıtda gübrə zavodunun tikintisinə başlandığını da xatırladan ölkə başçısı bunun ölkə üçün çox vacib sahə olduğunu qeyd edib: “Günəş panelləri zavodunun açılışında mən iştirak etmişəm. Keçən dəfə burada olanda trikotaj fabrikinin açılışında iştirak etmişəm. Burada da daha çox qadınlar üçün iş yerləri açılır və Sumqayıt böyük bir tekstil mərkəzinə çevriləcək. Çünki burada tekstil fabriklərinin sayı getdikcə artacaq”.

 

“Sumqayıt Kimya Sənaye Parkının təməl daşı qoyulur. Bu, ölkəmiz üçün çox əlamətdar hadisədir. Çünki bu, yeni bir sənaye şəhəri olacaq. Kimya Sənaye Parkında onlarla zavod, fabrik tikiləcək. Onların hamısı özəl sektor tərəfindən tikiləcək. Dövlət sadəcə olaraq, bütün infrastruktur layihələrini icra edir, yer ayrılıb, dəmir yolu, ondan sonra elektriklə təchizat, bütün lazımi tədbirlər görülüb ki, investorlar gəlib oraya vəsait qoysunlar. Artıq bu proses başlanıb”, deyə prezident İlham Əliyev qeyd edib.

 

Dövlət başçısı qeyd edib ki, Sumqayıtda yeni, ekoloji cəhətdən təmiz Kimya Sənaye Parkının yaradılması Azərbaycanın müstəqilliyinin üstünlüklərini bir daha göstərir: “Çünki vaxtilə burada tikilmiş kimya zavodları ekoloji cəhətdən standartlara uyğun deyildi. Sovet dövründə ümumiyyətlə, ekologiya barədə heç kim düşünmürdü. Sadəcə, nəyin bahasına olursa-olsun məhsulun istehsalı tələb edilirdi”.

 

Prezident əlavə edib ki, bu gün müstəqil Azərbaycanda, sosial dövlət olan Azərbaycanda insan amili ön plandadır: “Ona görə burada yaradılan, yaradılacaq bütün zavodlar dünya səviyyəsində ekoloji standartlara uyğun olmalıdır. Kimya Parkının yaradılması burada on minlərlə yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq. Çünki böyük şirkətlər böyük müəssisələr yaradacaqlar və ondan sonra orta və kiçik sahibkarlar o böyük zavodlarda istehsal olunan ilkin məhsullardan son məhsulu istehsal etmək üçün öz işlərini quracaqlar”.

 

Prezident İlham Əliyev gələcəkdə Sumqayıtda bütün bu zavod və fabriklərdə işləmək üçün başqa rayonlardan da işçi qüvvəsinin gələcəyini bildirərək, artıq bu prosesin başlandığını qeyd edib. Onun sözlərinə görə, qonşu rayonlardan, ətraf yerlərdən indi işçi qüvvəsinin axını müşahidə olunur.

 

“Yəni, Sumqayıtı mən bax belə görürəm: gələcəkdə Cənubi Qafqazın ən böyük sənaye mərkəzlərindən biri, dünya miqyasında ən böyük sənaye mərkəzlərindən biri olmalıdır, eyni zamanda, ekoloji cəhətdən tam təmiz, insanlar üçün rahat, yaşamaq, işləmək üçün rahat, gözəl, abad bir şəhər olmalıdır. Sumqayıtın təbiətini, dənizə çıxışını nəzərə alaraq şəhər geniş miqyasda sənaye, turizm, mədəniyyət, istirahət mərkəzi olmalıdır. Bax mən Sumqayıtı belə görürəm. Bu məqsədlərə çatmaq üçün hesab edirəm ki, kifayət qədər işlər görülmüşdür və sumqayıtlılar bütün bu işlərdə fəal iştirak ediblər. Bütün bu uğurlarla mən sizi təbrik edirəm. Əminəm ki, gələcəkdə bizim bütün planlarımız həyatda öz əksini tapacaq”, deyə prezident İlham Əliyev bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1358
avatar

Oxşar yazılar