[b]İntihara cəhd edən qadından maraqlı etiraflar - REPORTAJ[/b]
31 yanvar 2017 14:42 (UTC +04:00)

[b]İntihara cəhd edən qadından maraqlı etiraflar - REPORTAJ[/b]

Yaşam müddətində insan bir çox psixoloji situasiyalarla rastlaşır. Öz iradəsini ortaya qoyaraq qarşılaşdığı problemi həll etməyə çalışır.

 

Psixoloq Gülər Məmmədovanın sözlərinə görə, bəzən elə olur ki, bu cür məqamlarda, bu cür situasiyalarda çarəsiz duruma düşürlər. Sanki çarəni çarəsizlikdə görürlər - ölümdə.

 

Sevinc Əhmədova 15 yaşında intihara cəhd edib. Onun valideynləri boşanmaq qərarı vermişdilər: "İlk ağlıma gələn o olmuşdu ki, mən intihar etsəm, bunlar birləşəcək. Artıq bir övladımızı itirdik, boşanmayaq deyəcəklər. Heç olmasa, məndən sonrakı bacım-qardaşım birləşib xoşbəxt olacaqlar".

 

Atası işə gedir, anası isə öz atasının evinə. O, anasının istifadə dərmanları içib yatağa uzanır: "Artıq ölümümü gözləyirəm. Bu anlarda peşman deyiləm". 

 

Qonşuluqda yaşayan əmisi qızı təsadüfən onlara gəlir və Sevinc xəstəxanaya çatdırılır. Həkimlər onun həyatını xilas edir. Oyananda yaşadığına çox sevinir. İntihar ona dərs olur, o, boşanmaya normal yanaşa bilir: "Və mən xilas olmuşdum. Ayılanda ilk anamı görmüşdüm. Ayılan kimi həkim, anam gözləyirdi ki, mən deyəcəyəm, "məni niyə xilas etdiniz?" Amma mən əksinə, sevinmişdim. Nə yaxşı ki, mən ölməmişəm. Nə yaxşı ki, sağam. Nə yaxşı ki, xilas olmuşam".

 

Psixoloqlar vurğulayır ki, bəzən ailələr övlada dayaq olmaqdansa, onları intihara itələyir, gənclərin istəklərini, şəxsiyyətini nəzərə almır. Basqı tək ailədən yox, cəmiyyətdən də hiss edilir. Sevinc Əhmədova da bunu etiraf edir: "Mental şeylər də var idi. Utanmaqlar var idi. Cəmiyyətin boşanmanı qarşılamamağı var idi.  Mən sinifdə necə deyəcəkdim mənim atamla anam ayrılıb? Bunu qəbul edə bilməyəcəkdim".

 

Gülər Məmmədova insanların əksəriyyətinin nə vaxtsa intihar fikrinə düşdüyünü deyir: "Yalnız güclü insan, qarşısına məqsədlər qoyan insan bu situasiyadan belə çıxır ki, "mən yaşamaq üçün bu dünyaya gəlmişəm"".

 

Bunu edə bilməyən insan mütəxəssisə müraciət etməlidir. Adicə psixoloji yardım, kiçik dəstək, təkan onları həyata qaytara bilər: "Əgər insan dəstəyin köməyi ilə bu durumdan qurtula bilirsə, deməli o heç də ölümü tam sidq ürəkdən arzulamamışdı".

 

İntihara cəhd edən həmsöhbətimiz də insanları intihar fikrinə düşməməyə çağırır: "Məncə, intihar edən hər kəs sağ qalırsa, peşman olur. İstəyərdim heç kəs intihar etməsin. Əlbəttə, həyat gözəldir, yaşamaq gözəldir. İnsan yaşamaq üçün hər zaman gözəl şeylər tapa bilər. Və vardır ətrafınızda".

 

Yaşamaq gözəldir. Sonunda isə onsuz da ölüm var. Ona görə yaşayaq...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187
avatar

APA TV

Oxşar yazılar