[b]Akademik Rasim Əliquliyev: “Həmişə deyərdilər ki, oxuyun, çünki başqa yol yoxdur”[/b]
12 may 2016 11:24 (UTC +04:00)

[b]Akademik Rasim Əliquliyev: “Həmişə deyərdilər ki, oxuyun, çünki başqa yol yoxdur”[/b]

...Əvvəla, təşəkkür edirəm ki, məni bu proqrama dəvət etmisiniz. APA Holdinqin rəhbərliyinə, APA TV-nin kollektivinə minnətdaram. Doğrudan da, APA Holding, onun müxtəlif strukturları, eləcə də APA TV Azərbaycanda çox mühüm əhəmiyyətli işlər görür. APA TV, mən deyərdim ki, internet televiziyasının pionerlərindən biridir. İnformasiya texnologiyaları üzrə mütəxəssis kimi, mən sizin fəaliyyətinizi izləyirəm və yüksək qiymətləndirirəm.

 

...O ki, qaldı mənim fəaliyyətimə, mən adi bir ziyalı həyatı yaşamışam və yaşayıram. Sizin dediyiniz ailə akademiyası sözü mənim çox xoşuma gəldi. Doğrudan da, cəmiyyətin əsasını ailə təşkil edir, ailənin cəmiyyət qarşısında böyük məsuliyyəti var. Ailə, təkcə, bioloji bağlılıqlarla yaşayan insan toplumu deyil. Ailə, həm də bir sosial mühitdir, orada təhsil də var, elm də var, iqtisadiyyat da var. Yəni kiçik bir dünyadır. Bu dünyanı necə qurursansa, təbiidir ki, gələcəkdə o cür də bəhrəsini görürsən. Mən də bir ailənin nümayəndəsiyəm. Böyüdüyüm ailədən çox razıyam, tək ona görə yox ki, məni ailəmlə bioloji, genetik bağlar bağlayır. Söhbət ondan gedir ki, bu gün mən müəyyən yaşa dolduqca, müəyyən fəaliyyətlə məşğul olduqca, dünyanı dərk etdikcə, bu qlobal dünyanın bütün gərdişinə baş vurduqca, görürəm ki, böyüdüyüm mühit çox əhəmiyyətli  keyfiyyətlərə malik bir mühit olub.

 

...Valideynlərim elmə, təhsilə çox böyük qiymət veriblər. Düzdür, o vaxtlar elə imkan olmayıb ki, onlar yüksək təhsil alsınlar. Mənim atam həmişə deyərdi ki, biz ermənilərin törətdiyi təhlükəyə məruz qalacağıq.  7 dəfə yaşayış yerimizi dəyişmişik. Buradan oraya, oradan başqa yerə. O vaxtlar onlar Qərbi Azərbaycanda yaşayıblar və həmişə də təhlükə altında olublar. Bu gün Azərbaycanın başına gələn hadisələr, bilirsiniz ki, daha qədimdən başlayıb. Ailəmiz belə təhlükələri görən, qarşılaşan, öz üzərində hiss edən ailələrdən olub. Ona görə də Bakıda özümüzə bir yuva düzəldəndə atam deyirdi ki, bu, mənim 7-ci evimdir.

 

...Hətta elə ağır vaxtlar olub ki, mənim babalarım İrana, Türkiyəyə keçiblər. Sonra qayıdıb gəliblər. 50-ci illərdə, bilirsiniz ki, Stalin, Mikoyan siyasətinin nəticəsində onlar, məcburən Azərbaycanın müxtəlif  bölgələrinə köçürülüblər. Belə mürəkkəb  bir mühitdə formalaşmaq, qaçqın, məcburi köçkün həyatı yaşamaq, yuva düzəltmək, maddi problemləri həll etmək həmişə çətin olur. Qaçan özü ilə nə aparar? Bir paltarını, bir də beynindəkini götürə bilər. Bizim evdə atam da, anam da eyni taleyi yaşayıblar. Həmişə bizə deyərdilər ki, bala, oxuyun, oxuyun, başqa yol yoxdur. Çünki, onlar uzaqgörən idilər.

 

...Bizim ailəmiz 4 qardaş və 2 bacıdan ibarət idi. Ailə akademiyasının üzvləri daim bir yerdə fəaliyyət göstərər, həyətyanı sahədə bərabər işləyər, hər hansı bir faydalı işlə məşğul olardılar. Ziyanlı işlər bizim ailəyə yad olan şeylərdir. Valideynlərim bizim üçün, eləcə də yaşadığımız kənd üçün böyük nümunə olublar. Onlar üçün əsas məqsəd o olub ki, bizim balalarımız oxumalıdırlar. Bizə o istiqamətdə tərbiyə veriblər. İndi yaşlandıqca, öz-özümə analiz edirəm ki, məndə humanitar təfəkkürlə riyazi təfəkkürün sintezi formalaşıb. Yəni humanitar biliklərə, ədəbiyyata, gözəlliyə, bütün cəmiyyətdə gedən proseslərə də soyuqqanlı olmuram. Həmişə bütün bunlara həvəslə yanaşıram, münasibətimi bildirirəm, fəal oluram. Eyni zamanda, dəqiq elmlərə də həvəsim güclüdür. Bu da atamdan mənə keçib. Atam ali təhsil almasa da, mən böyük məsuliyyətlə deyə bilərəm ki, bugünkü gündə həm Azərbaycan səviyyəsində, bəlkə də Avropa səviyyəsində universitet bitirmiş ən yüksək alim səviyyəsində təfəkkürə malik idi. Ətrafımızda, kənddə kimin problemi var idisə, həmişə atama müraciət edərdi. Müraciət edənlər beynəlxalq münasibətlərdən tutmuş, hər hansı riyazi məsələlərə qədər onun rəyini öyrənər, məsləhət alardılar. Atam təfəkkürü ailə akademiyasının əsas istiqamətlərini də müəyyən edirdi.

 

...Atam və anam valideyn olmaqla, ailə yükünü daşımaqla yanaşı,  bizə, sözün əsl mənasında, həm də müəllim olublar. Əlbəttə, məktəbdəki müəllimləri də, məmnuniyyətlə, xatırlayıram. Onların qarşısında, çəkdikləri zəhmətin qarşısında  baş əyirəm. Amma, eyni zamanda, valideynlərim də müəllimlərlə bərabər bizə müəllimlik edirdilər. Bizdə evdə riyaziyyat dərsləri, ədəbiyyat, tarix, coğrafiya dərsləri keçirilirdi. Bizim ailə akademiyasının bütün məsələləri evdə müzakirə olunurdu. Dediyim kimi, o vaxt hər hansı informasiyanı əldə etmək çox çətin idi. İnternet yox, radio bir az məhdud, televiziya məhdud... Heç o vaxtlar çoxlarının evində televizor da yox idi, çünki televiziya  təzə-təzə fəaliyyətə başlamışdı. Hansısa bir kitab  çıxanda, əvvəlcə anam oxuyardı. Sonra bədii qiraət kimi  onu səsləndirərdi, biz hamımız qulaq asardıq, müzakirə və təhlil edərdik, ayrı-ayrı personajları qiymətləndirərdik. “Filan obraz bunu düz edib və ya səhv edib” - deyə fikirlərimizi bildirərdik. Məktəb dövrünü belə xatırlayıram,  isti xatirələr məni sevindirir. Biz həmin mühitdə böyüdük.

 

..Atam dedi ki, siz dəqiq elmlərlə məşğul olmalısınız. Biz fizika, riyaziyyat və digər fənləri xüsusilə dərindən öyrəndik  və ali məktəbə daxil olduq. 1974-cü ildə mən orta məktəbi bitirmişdim. Təbii ki, seçim çox idi. O dövrün özünün dəbdə olan sahələri var idi. Amma atam bizə dedi ki, siz kompüter elmləri sahəsinə getməlisiniz. Düzdür, o vaxt belə termin yox idi. Tətbiqi-riyaziyyat fakültəsi var idi. Kompüterə də kompüter demirdilər, elektron hesablayıcı maşınlar deyirdilər. Mən mühəndis təfəkkürünə daha yaxın olduğum üçün atam mənə dedi ki, sən, o vaxt Politexnik İnstitutu deyirdilər, indi adı Texniki Universitetdir, həmin ali təhsil müəssisəsinə getməlisən,  kompüter mühəndisliyi ixtisası üzrə təhsil almalısan. Təbii ki,  başqa alternativlər - zamanın tələbinə uyğun peşələr də var idi. Atam mənə dedi ki, yox, sən bu ixtisasa başla, görəcəksən, bu əsrin sonunda bu hansı imicə, prestijə malik olacaq. O vaxt elmi ixtiraçıların, alimlərin şəkillərini haradansa tapıb evdə divardan asmışdıq. Həmin şəkillərin hər birinin ətrafında müzakirələr edərdik. Hansı alim  hansı kəşfləri edib, o kəşflər bu gün harada tətbiq olunur. Ona görə atam deyirdi ki, bu, çox yaxşı bir sahədir. Gələcək bu peşənin üstündə qurulacaq. Ondan sonra qardaşımı Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat  fakültəsinə yönəltdi. Beləliklə, biz taleyimizi kompüter elmlərinə, kompüter texnologiyalarına, informasiya texnologiyalarına bağladıq. İndi şükürlər olsun ki, atamızın və anamızın bizim qarşımızda qoyduğu vəzifələr ki, var idi - “gedin bu işin dalınca, bu sahədə böyüyün, inkişaf edin, alim olun” - onlar hamısı yerinə yetib. İndi atam rəhmətə gedib, onun qarşısında da hesabat verirəm ki, mən də müdafiə etmişəm, bu sahədə elmlər doktoru adını almışam. Qardaşım da elmlər doktorudur. O biri qardaşlarım, düzdür, elm istiqamətini seçmədilər, amma onlar da mühəndis peşəsinə yiyələniblər və müxtəlif sahələrdə çalışırlar. Yəni demək istəyirəm, o ailə akademiyası estafeti bu gün Elmlər Akademiyasına verilib.

 

...Ailə akademiyası bizi Bakıya təhvil verdi. 5 il həm qardaşım, həm də mən ali məktəbdə yüksək səviyyədə oxuduq. Yeri gəlmişkən, mənə dərs demiş bütün müəllimlərimə öz minnətdarlığımı bildirirəm. Texniki Universitetdə birinci kursdan başlayaraq, sonuncu kursa qədər nə imkan var idisə, təhsildən, müəllimlərimizdən bəhrələndik. Yəni müəllimlərin mühazirələrində, müxtəlif seminarlarda, elmi toplantıların hamısında iştirak edirdik. Ali məktəbi qurtarana yaxın qalıb müəllim, laborant işləmək kimi variantlar var idi. Amma sonra Azərbaycan Milli Elmlər Akademiyasına gəlib orada fəaliyyət göstərmək kimi başqa seçim ortaya çıxdı.

 

...Taleyimdəki xüsusi bir məqamı qeyd etmək istəyirəm ki, o vaxt bizim kompüter mühəndisliyi ixtisası üzrə dərs deyən çox ləyaqətli müəllimlərdən biri Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika institutunun direktor müavini idi. Həmin o direktor müavini, institutda çalışmaqla yanaşı, bizə də dərs deyirdi. Çünki, o vaxt müəllim qıtlığı var idi. Bu sahə üzrə qabaqcıl bilikləri tədris etmək asan deyildi. Həmin şəxs 50-ci illərdə ilk azərbaycanlılardan biri kimi, kasıb bir ailənin üzvü olaraq, Moskvaya getmişdi və çox ciddi təhsil almışdı. Oradan da qapalı, hərbi xarakterli kompüterlərin yaradılması laboratoriyasına göndərilmişdi. Rusiyada dissertasiya müdafiə etmişdi. O vaxtlar Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri  Moskvaya səfər edəndə, onlara qapalı işlərdə hansı nailiyyətlərin olduğunu nümayiş etdiriblər. Soyuq müharibə dövründə, Sovet elminin gücü, potensialı çox yüksək idi. Həmin alim də o istiqamətdə çalışırmış. Azərbaycan Elmlər Akademiyasının prezidenti Moskvada olarkən görüb ki, bu, azərbaycanlıdır. O vaxt Azərbaycanda,  ümumiyyətlə, kompüter elmləri ilə, kompüter texnologiyası ilə heç kim məşğul olmurmuş. Nə laboratoriyası, nə mütəxəssisi varmış, nə də elmi qurumu. Akademiyanın rəhbərliyi SSRİ Elmlər Akademiyasının rəhbərliyi ilə danışıb, həmin o alimi Bakıya gətirib. Alimin özü o vaxt mənə danışırdı ki,  stolun üstündə kiçik cihazlarına, tədqiqat apardığı alətlərə, qurğulara qədər, hamısını vaqona qoyub Bakıya gətiriblər.

 

...Həmin azərbaycanlı alim o olimpiya məşəlini, o közü, o qığılcımı özü ilə  Bakıya gətirib Azərbaycanda indiki informasiya texnologiyalarının, sözün əsl mənasında, həm elmi məktəbini, həm tədrisini, həm də mühəndis ordusunu yaratmışdı. Bu gün şükürlər  olsun ki, informasiya texnologiyaları dünya səviyyəsində yüksək qiymətləndirilir. Haqqında danışdığım alim professor Yunus Mahmudov idi. Sonra gənc ikən səhhətində problem oldu, biz onu itirdik. Yunus müəllim o vaxt, dediyim kimi, Rusiyadan gəldi, laboratoriya yaratdı. Bu gün kompüterlə bağlı Azərbaycanda nə qədər alim və akademik varsa, hamısı onun adı ilə bağlıdır. Yunus müəllim o vaxt müəllimimiz  oldu, mənə də Texniki Universitetdə 2 ilə yaxın dərs dedi. Ondan sonra mənim taleyimi o şəxs müəyyənləşdirdi. Yunis müəllim mənə dedi ki, sən gəlməlisən AMEA-nın Kibernetika İnstitutuna. O məni öz laboratoriyasına dəvət elədi. Müəllimimin rəhbərliyi altında biz uzun müddət çalışdıq. Sonra, təbii ki, bizə imkan verdi Moskva ilə işləyək. SSRİ Elmlər Akademiyasının İnformasiyaların Ötürülməsi Problemləri adlı çox güclü institutu var idi. Bizim ora ilə  əlaqələrimizi yaratdı, əməkdaşlığımızın əsasını qoydu.

 

...Tez-tez məni SSRİ-nin müxtəlif şəhərlərinə göndərərdi, özü də səfərlərdə iştirak edərdi. Bu gün mənim elmi həmkarlarımın hər biri ölkədə tanınmış şəxslərdir. Hərəsinin müəyyən vəzifəsi var. Biz bir yerdə kompüter texnologiyası əsasında çalışdıq. Ölkəmizdə həm onun nəzəri araşdırmaları, həm tədrisi ilə məşğul olduq. Müəllimim deyirdi, necə ki, mən Moskvadan gəlib Bakıda azərbaycanlı balalarına bu bilikləri  tədris edirəm, zəhmət çək, o apardığın tədqiqatlar üzrə aldığın bilikləri sən də get, Texniki Universitetdə, auditoriyada, o gənclərin qarşısında onlarla bölüş. Mən 10 ilə yaxın Akademiyada çalışa-çalışa, eyni zamanda, Texniki Universitetdə müəllimlik etdim. Kompüter texnologiyaları, onların elmi-nəzəri əsasları, strukturu, müxtəlif problemləri ilə bağlı mövzuları tədris etdim.

 

...Bu gün biz internetdən danışırıq. O vaxtlar internet yox idi və təzə-təzə hələ şəbəkə nədir, naqillə kompüteri necə bağlayırlar, informasiya necə ötürülür kimi məsələlər müəyyənləşdirilirdi. İndi Yunus müəllimin tələbələri siyahısında akademiklər, professorlar var. Demək istəyirəm ki, həmin illərin mənə verdiyi tərbiyəni, zəhməti  çox fəxrlə xatırlayıram. Mənim əmək kitabçamda bir ünvan var, düzdür, son zamanlar onun adı dəyişdi - Bakı, Firudin Ağayev küçəsi 9. Həmin ünvan Bakı Dövlət Universiteti ilə üzbəüz, Zahid Xəlilov və Bəxtiyar Vahabzadə küçələrinin kəsişməsindədir. O çox məşhur bir ünvandır.

 

Amerikada Silikon Vadisi deyilən bir yer var. Kaliforniyada bütün aparıcı universitetlər, bu gün informasiya, kommunikasiya texnologiyaları sahəsində məşhur olan şirkətlər, Google,  HP də daxil olmaqla,  bir çox məşhur  şirkətlər oradan  çıxıb. Bu gün mən fəxrlə deyə bilərəm ki, Azərbaycanın da Silikon Vadisi həmin o Firudin Ağayev küçəsi 9-dur. Nəyə görə mən onu deyirəm? Ona görə ki, Kibernetika İnstitutu, indiki bizim İnformasiya Texnologiyaları İnstitutu, Kosmik Tədqiqatlar İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu və digər qurumların hamısı həmin bizim o Azərbaycanın Silikon Vadisində, kiçik bir ünvanda yerləşir. Bu müəssisələr  bir-biri ilə elmi əməkdaşlıq çərçivəsində ölkəmizdə həm kadr bazası yetişdiriblər, həm tədris, həm də tədqiqat işi aparıblar. Hansı tərəfə  baxsam,  bu sahələrdə alimlərin xeyli hissəsi o müəssisələrdən çıxanlardır, ya da oradan çıxanların tələbələridir. Yəni bu gün həmin o Azərbaycanın Silikon Vadisinin tələbələri Azərbaycanda yüksək texnologiyalar cəmiyyətinin formalaşmasına öz töhfələrini verirlər. Mən də əmək fəaliyyətinə orada başladım. Ən kiçik vəzifə mühəndis vəzifəsi idi. Ardıcıl olaraq, heç bir kənar fəaliyyətlə məşğul olmadan, həyatımı bu elmə, mühəndisliyə bağladım. Yəni ki, elmi tutumlu mühəndisliyə. Bu kollektivdə çalışdım. Bizim İnformasiya Texnologiyaları İnstitutu o vaxtlar Kibernetika İnstitutu ilə bir yerdə idi. 80-ci illərdə o ayrıldı və ayrı bir təşkilata çevrildi. Təşkilata çevrilməsinə baxmayaraq, əməkdaşlıq bu gün də davam edir. Bizim qarşımıza Azərbaycanda dövlət hakimiyyəti orqanlarına informasiya texnologiyalarının, kompüter texnikasının tətbiq olunması, idarəetmənin asanlaşdırılması və s. kimi məsələlər  qoyuldu. Bu gün ona elektron dövlət, elektron hökumət deyirlər. O ideologiya o vaxt var idi və biz də o vaxtlar Kibernetika İnstitutunun rəhbərliyi, mənim müəllimlərim, bu gün də həmkarı olduğum akademiklər, professorlar, onlarla bir yerdə çalışdıq və biz elmdə öz xəttimizi davam etdirdik. Ardıcıl olaraq, mənim əmək fəaliyyətim Bakı, Firudin Ağayev küçəsi 9-la bağlıdır. Yəni 79-cu ildə həmin o qapıdan keçmişəm içəri və bu gün də orada fəxrlə çalışıram ki, mən ömrümü gələcəkdə də bu istiqamətdə davam etdirim, xalqımıza, cəmiyyətimizə öz töhfəmi verə bilim. 

 

...Təbii ki, elmi fəaliyyət bir ekipajdır. Elmi kollektiv müxtəlif insanların toplumudur. Mən mənsub olduğum, çalışdığım kollektivdən həmişə razı olmuşam. İstər aşağı statusda, kiçik vəzifədə olmağıma baxmayaraq, həmişə qayğı görmüşəm. Kibernetika İnstitutunda fəaliyyət göstərərkən, ətrafımda müəllim statusunda olan və həmçinin gənc həmkarlarımdan ibarət çox dəyərli insanlar var idi. Kollektiv çox mehriban və  səmimi idi. Təbiidir ki, yavaş-yavaş inkişaf etdikcə, elmi fəaliyyətini qurursan, müdafiə edirsən, müxtəlif  insanlarla münasibət qurursan. Yəni o isti ocaqda mənim fəaliyyətim məni tam qane edib.

 

...Başqa  seçim imkanlarım da olub, seçimsiz olmamışam. Mənə çoxlu müxtəlif vəzifələr təklif olunub. İstər təhsil, istərsə də başqa dövlət strukturlarında. Həmişə özüm üçün qərar qəbul etmişəm ki, yox, bura mənim üçün çox yaxşıdır. Mən elmi fəaliyyətlə məşğul olmalıyam. Təşkilatın daxilində olan münasibətlər məni tam qane edir. Məni cəlb edən odur ki, institutda bir yaradıcı mühit var. Mən həmişə hesab etmişəm ki, fəaliyyətimi dəyişərəmsə, mən o yaradıcılıq mühitindən kənara çıxaram, sanki bir növ rutin əməliyyatlarla məşğul olaram. Məni həmişə düşünmək fəaliyyəti, düşünmək imkanları cəlb edib ki, mən bu xətdən kənara çıxmayım. Elmi fəaliyyətinin gözəlliyi ondan ibarətdir ki, səni öyrədirlər, sən fəaliyyət göstərirsən, məhsul istehsal edirsən, elmi nəticə verirsən. Yəni elmi fəaliyyət nədir? Düşüncə fəaliyyəti, məhsul ortaya qoyursan. Müəyyən bir məsələnin həllinə öz töhfəni verirsən. Təbii ki, bu, təkbaşına mümkün deyil. Düzdür, bəzi fərziyyəçi alimlər var. Təkbaşına məşğul olur, elmi nəticəsini, bəzi hallarda lap yüksək elmi nəticəsini ortaya qoyur, bəşəriyyət üçün çox böyük bir töhfə verir. Amma bu gün elm, elə bil ki, sosiallaşıb. Görünür, burada kommunikasiyanın da imkanları genişdir. Əvvəllər dəftər-qələm götürüb hansısa bir tərəfə, meşəyə, dağa, bağa çıxardıq. Gedib orada düşünərdik, yazardıq, hansısa riyazi bir problemi həll edərdik və yaxud da hər hansı bir tədqiqat aparardıq. Amma bu gün kommunikasiya imkanlarının artması, fərdi intellektin kollektiv intellektə çevrilməsi prosesi gedir. Ona görə də elmi fəaliyyətin özü də kollektiv bir intellektual prosesdir. İkinci arqument ondan ibarətdir ki, qarşıya qoyulan problemlər tək adamın işi deyil. Ona görə də ətrafına bu və ya digər statusda əməkdaşları toplayırsan. Hərəsinə bir iş tapşırırsan və balaca bir kollektiv ortaya çıxır. Kollektivin özü bu problemləri yavaş-yavaş araşdırdıqca, daha əhəmiyyətli, daha ciddi nəticə əldə edirsən. Bunun özü nə deməkdir? Yəni ki, sənin özünü hansısa bir kollektivdə yetişdiriblər, özün fəaliyyət göstərirsən, ətrafında da bir mikro elmi mühit yaradırsan. Bunun da nəticəsində sənin aldığın, qazandığın imkanlar sənin tələbələrinə, şagirdlərinə ötürülür. Ona görə də bizim elmi fəaliyyətin xüsusiyyəti belədir ki, sən, mütləq, kadr yetişdirməlisən. Kadr yetişdirməsən, gələcəyə hansı biliklər ötürülə bilər? Ona görə də bu gün, cəmiyyətimizin və yaşadığımız əsrin də çağırışı ondan ibarətdir ki, yüksək intellektli insanlar yetişdirilməlidir. Bizim institutda da çoxlu gənclər var, ətrafımızda çox gözəl insanlar toplaşıblar.

 

...Araşdırılmalı problemlər ölkə siyasətinin, dünyanın tələblərindən irəli gəlir. Və bu problemləri araşdırmaq üçün gənclərlə işləmək lazımdır. Elmi fəaliyyətimdə məni qane edən əsas məsələlərdən biri ondan ibarətdir ki, müəllim-tələbə münasibəti öz yerində, amma yaradıcılıq prosesində biz tərəf-müqabilik. Tez-tez seminarlar keçiririk, müzakirələr aparırıq. Gənclərin yetişdirilməsi, hansısa bir problemə sahib çıxması bizim üçün çox önəmlidir və mən bu məsələyə xüsusi qayğı göstərirəm.

 

...Ümumiyyətlə, tək elmi fəaliyyətdə yox, həyatda da bütün qapılar açıq deyil, müqavimətlər var. Müxtəlif obyektiv və subyektiv problemlər də yaranır. Mənim fikrim belədir ki, bu problemlərin qarşısında təslim olmaq lazım deyil. İnsanlar müxtəlif olur. Mən onları heç günahlandırmaq da istəmirəm. Çünki hamı sənin kimi düşünmür axı. Ona görə də zaman keçdikcə, yaş mənə imkan verir ki, bu məsələləri bir az başqa cür qiymətləndirim. Vaxtilə kiminsə mənim üçün yaratdığı problem barədə bu gün deyirəm ki, yəqin, o vaxt mən düzgün anlamamışam. Ümumiyyətlə, bu proseslərin içində, əsasən, ədaləti qorumaq lazımdır. Ədalət cəmiyyəti qane edən haqdır, meyardır. Onu qorumaq lazımdır ki, sənin və ya kiminsə hansısa hərəkəti cəmiyyətdə ədalət prinsiplərinin pozulmasına gətirib çıxarmasın. Mənim də inkişafımda obyektiv, ya subyektiv nə isə ola bilər. Mən onları özümlə daşımıram. Onlar hamısı tarixdir. Amma onlar, həm də  həyat dərsləridir. Həyat dərslərindən nəticə çıxarmaq lazımdır. Bəzi hallarda öz fəaliyyətinə korreksiya vermək lazımdır. Bu o demək deyil ki, həmin müqavimət mənim üçün müqavimətdir. Ola bilsin ki, mən elə bir  şərait yaratmışam ki, o müqavimət mənim qarşıma, təbii olaraq, çıxıb. Ona görə də mən, ümumiyyətlə, bir formul kimi demək istəyirəm ki, heç kim pessimist hisslərə qapılmalı deyil ki, qarşıda hansısa çətinlik var, bu, əlçatmazdır. Hansısa bir problem varsa, mən bu işi qoymalıyam, başqa işin dalınca getməliyəm...Yox! Öz həyatımdan gözümün qabağına gətirirəm ki, heç vaxt qarşıdakı məqsəddən geri çəkilmək olmaz və yaxud da ki, yan keçmək olmaz. Hər hansı bir problemin həlli indi alınmırsa, mütləq, onu qarşıya qoyub yaxşıca düşünmək lazımdır. Öz potensialını götür-qoy etməlisən. Və yavaş-yavaş böyük iradə ilə həmin məsələnin həllinin üzərinə getməlisən. Özü də ki, insan qarşıya hansı məqsədi qoyursa, o məqsədə də, mütləq, nail olur. Ona görə də  çoxməqsədlilik,  bəzən görürsən ki, gətirib ona çıxarır ki, heç bir məqsədə nail olmursan. Yəni ki, insan ömrü azdır, resurslar azdır. Elə “bu gün bu işlə məşğul olum, sabah o biri işlə məşğul olum” kimi düşünmək düzgün deyil. Mən öz ailə üzvlərimə, övladlarıma, yaxınlarıma, qohumlarıma, ərkim çatan bütün gənclərə deyirəm ki, bala, bu yolu seç, sənin   qabiliyyətin buna uyğundur. Bax bu istiqamətdə getsən, sən cəmiyyət üçün çox faydalı bir insana çevrilə bilərsən, həmin faydadan, həmin o işıqdan özünə də pay düşər, cəmiyyətə də, səni böyüdən ailəyə də.  Ona görə də faydalı insan olmaq üçün gərək, başlıca məqsədləri müəyyənləşdirəsən və onların həyata keçməsi üçün ardıcıl fəaliyyət göstərəsən.  Mən xeyri bu istiqamətdə görmüşəm.

 

... Ailədən danışmaq bir az o qədər də  yaxşı deyil... Normal azərbaycanlı ailəsiyik. İki uşağımız var. Hər biri də elmi istiqamətdə fəaliyyət göstərir. Amma peşə baxımından məndən fərqlidirlər. Onlar Azərbaycanda Tibb Universitetini bitiriblər. Ondan sonra fəlsəfə doktorluğu üzrə, biri Haydenberq Universitetində, digəri isə Almaniya Milli Onkoloji Araşdırmalar mərkəzində təhsillərini davam etdiriblər. Hər ikisi dissertasiya müdafiə edib, fəlsəfə doktoru adını alıb. Övladlarım tibbin müxtəlif sahələri üzrə, amma elmi fəaliyyəti davam etdirmək şərti ilə, ixtisaslarını inkişaf etdirirlər. Mən bir valideyn kimi, mənsub olduğum ailə akademiyasının bütün sirlərini, imkanlarını öz ailəmə gətirmişəm. Çünki elmi fəaliyyətlə məşğul olan ailələr  bir az fərqli ailələr olur. Həyat yoldaşın da, ailə üzvlərin də səni anlamalıdırlar. Bu, bir az xüsusi iş qrafiki tələb edir. Başqa peşələrdən fərqlidir. Alimin gecəsi-gündüzü olmur. Daim kitablar, dəftərlər, internet... Daim yeni bir aləmdə olursan. Axtarışda olursan. Bu, sənin hərəkətinə də təsir edir, psixologiyana da, davranışına da, sosiallaşmağına da... Xeyirdə-şərdə iştirak etməyinə də təsir edir. Çünki elmi fəaliyyət yaradıcılıq fəaliyyətidir. Və alim o vaxt xoşbəxtdir ki, onun ailəsi onu başa düşür.

 

... Etiraf edim ki, “Mənim üçün başlıca hədəf bundan sonra nə olacaq?” sualı bir az çətin sualdır. Mənim əsas məqsədim cəmiyyət üçün faydalı işlə məşğul olmaqdan ibarətdir. Təbiidir ki, mənim yaşım da, statusum da, cəmiyyətin mənə verdiyi imkanlar da üzərimə xüsusi məsuliyyət qoyur. Yəni Rasim bu gün bir fərd olaraq, fəaliyyət göstərməklə yanaşı, eyni zamanda, Azərbaycan cəmiyyətinə xidmət etməlidir. İnsanları maarifləndirmək lazımdır. Dövlətimizin, xalqımızın, cəmiyyətimizin mənə verdiyi bu imkanları Azərbaycan balalarına tədris etmək, onlara çatdırmaq, gənclərlə yaxından işləmək, kadr yetişdirmək lazımdır. Azərbaycanımızın qarşısında bu gün böyük məsələlər var. O problemlərin  həllinə dəstək vermək  lazımdır.

 

...Bizim Qarabağ problemimiz var ki, hərə öz imkanları çərçivəsində  onun həllinə kömək etməlidir. Bizim şəhidimiz Vətənə qanıyla, canıyla xidmət edirsə, alim də beyni ilə, fikri, zəkası ilə bu işə öz töhfəsini verməlidir, Azərbaycanın müdafiə qüdrətini yüksəltməlidir. Yüksək texnologiyaların Azərbaycan Ordusuna gətirilməsinə dəstək verməlidir. Yəni hər bir vətəndaş kimi, alimin də cəmiyyətin qarşısında xüsusi missiyası var. Mən Rasim Əliquliyev olaraq, cəmiyyətin qarşısında öz məsuliyyətimi anlayıram. Həm institutun rəhbəri kimi,  həm Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü kimi tam məsuliyyətlə demək istəyirəm ki, ölkəmizdə yüksək texnologiyalara əsaslanan biliklər cəmiyyətinin təkmilləşməsi, xalqımızın təhsil səviyyəsinin, intellektinin yüksəlməsi istiqamətində mən və mənim həmkarlarım  əl-ələ verib bu işləri uğurla həyata keçirməyə cəhd edirik. Ölkəmizin başçısı, möhtərəm prezidentimiz İlham Əliyevin bununla bağlı qarşıya qoyduğu çox ciddi vəzifələr var.  Elmin, təhsilin qarşısında yüksək öhdəliklər var. Bir sıra mühüm siyasi sənədlər qəbul edilib. Onların icrasını tışkil etmək lazımdır.

 

...Tək fərd olaraq, alim  kimi yox, eyni zamanda bir institut kollektivinin rəhbəri kimi, informasiya texnologiyaları sahəsində müəyyən bir missiya daşıyan alim kimi, eyni zamanda Azərbaycan elminin idarə olunmasında müəyyən statusa malik olan şəxs kimi, bunların hamısını tam anlayıram və imkanım daxilində, hətta bütün resurslarımı bu işə yönəldirəm ki, qarşıya qoyulan bütün işlər həyata keçirilsin. Təbii ki, ailə də cəmiyyətin tərkib hissəsidir. İstəyirəm ki, ailəmiz də, uşaqlarımız da, gələcək nəsil də ölkəmiz üçün layiqli vətəndaşlara çevrilsinlər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 203
avatar

APA TV

Oxşar yazılar