<b> Şəkili  “Sibir cigiti”, “Samuray qılıncı”, ayaqlar altındakı erməni bayrağı</b> – <span style="color:red;">BİR HƏBSİN TARİXCƏSİ
18 aprel 2015 12:15 (UTC +04:00)

Şəkili “Sibir cigiti”, “Samuray qılıncı”, ayaqlar altındakı erməni bayrağıBİR HƏBSİN TARİXCƏSİ

 

Ölüm haqdı. Vaxt çatanda hamımız öləcəyik. Amma bu ananın arzusu var. Oğlunu balalarıyla qovuşdurmadan ölmək istəmir.

 

Qarşımda bir ana oturub. Çantasında gətirdiyi qəzetləri masanın üstüylə bir sərib. Həyəcanla danışır. Gah gözləri yaşarır, gah səsi boğulur. Danışdıqca qəzetləri qarışdırır, oğluyla bağlı yazılmış məqalələri bir-bir göstərir. Onlarla mətbu orqanda müxtəlif başlıqlarla Azad Məmmədov haqqında yazılar çıxıb. Həbsə düşməzdən əvvəl və sonra.

 

 

Azad Məmmədov Şəkinin Qormux kəndindəndir. Hələ universitetdə oxuyanda təhsilini yarımçıq qoyub könüllü Qaradağda gedən döyüşlərə qatılıb. İndi Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olan Nəcməddin Sadıqovun komandanlığı altında. Atəşkəsdən sonra Rusiyaya gedib. İdmanın sambo, duzu-do, pankration (qaydasız döyüş) növü ilə məşğul olub. 10 il Rusiyanın müxtəlif şəhərlərində keçirilən yarışlarda iştirak edib. İlk azərbaycanlı olaraq 2001-ci ildə ağır çəkili idmançıların qaydasız döyüş yarışlarında Rusiya çempionu qazanıb, Yaponiyada “Samuray qılıncı”na layiq görülüb. Rusiya mediası ona “Sibir cigiti” titulunu verib. O, 46 peşəkar döyüşü qələbəylə bitirərək Avropa gümüşçüsü olub. 2002-ci ildə Fransada keçirilən qaydasız döyüş yarışında özündən 45 kilo ağır çəkili erməni döyüşçüsü Sergey Tevotosyanı məğlub edib. Yarışdan əvvəl döyüşçülər arasında maraqlı şərtləşmə olub. Tevotosyan qalib gələrsə pul mükafatı, Azad isə erməni döyüşçüsünün zala çiynində gətirdiyi bayrağını alıb yerə atacaq. Alır da, yerə atıb tapdalayır da. Bunları bizə Azadın anası Maqsudi Hacər xanəm danışır.

 

 

 

 

 

Bir zamanlar idmanda qazandığı uğurlara, yaxşı nəticələrə görə fəxr etdiyimiz Azad Məmmədov bu gün Cinayət Məcəlləsinin 178.3.2 maddəsiylə həbsxanada yatır. 3 balası 7 ilə yaxındır ki, atasına dəmir barmaqlıqlar arasından baxır.

 

 

 

- Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində oxuyurdu ki, Qarabağ müharibəsi başladı. Könüllü getdi. Ağdərə, Qubadlı, Tərtərdə vuruşub. Müharibədən gələndən sonra təhsilini başa vurdu. Evləndi, 98-də getdi Rusiyaya. Çox savadlıydı. Xəyyam adlı tələbə yoldaşı danışır ki, bizim 3-4 günə öyrəndiyimizi Azad bir günə öyrənərdi. Məktəbi də əla qiymətlərlə bitirmişdi.

 

Ailədə tək idmançı Azad deyil. Xalası Gülüstan stol üstü tennis üzrə respublikada tanınan idmançıdı. Atası ağırlıq qaldırıb, həm güləşib, həm də yaxşı üzgüçü olub. Qardaşı Eldəniz də idmançıdır. Azad özü də şahmatı peşəkar səviyyədə oynayır. Daha doğrusu oynayıb.

 

 

-2009-cu il, aprelin 14-ü idi. Həmin gün bacım rəhmətə getmişdi. Bacımı təzə torpağa tapşırmışdıq ki, Azadı Şəki rayon Polis Şöbəsinə çağırdılar. Getdi. Dalınca polislər gəlib evdə axtarış apardılar. Evdən üç silah tapıldı, hamısının rəsmi sənədi olduğundan bu barədə cinayət işi açılmır.

 

 

Amma. Amma Azada dələduzluq maddəsiylə cinayət işi açılır və hakim ona 10 il iş kəsir. Bu gün o, 13 saylı cəzaçəkmə müəssisəsində cəzasının altı ilini çəkib. Artıq yeddinci ilinə keçib. Hacər xalanın tək istəyi oğlunun azad olunmasıdır. “Qul xəta edər. Bir xətadır edib. Bağışlasınlar. Qayıtsın evinə. Balalarının yanına. Qayıtsın idmana”.

 

 

- Azad tutulanda oğlunun iki yaşı vardı, indi ikinci sinfə gedir. Bu gün, sabah böyüyüb əsgərliyə gedəcək, ailə quracaq. Oğulun ataya çox ehtiyacı var. Mən müəlliməm, amma Azad məndən də çox bilir. Onda həm fiziki güc var, həm də elm var. İkisi bir adamda az hallarda olur. Gücü olanın savadı olmur, savadı olanın gücü. Azadın böyük ürəyi var. Özü ac qalar, amma tikəsini yanındakılarla paylaşar. Qurban olum Allaha, taleyi pis gətirdi Azadımın. Altı ili bir gecə yata bilməmişəm, qızım. Altı ildi yuxu nədir bilmirəm. Uşaqlarını fikirləşirəm, özünü fikirləşirəm...

 

Bura qədər özünü birtəhər cilovlasa da, bu anda dözmür. Əvvəldən bəri gözündə düyünlənmiş yaş axır ki, yanağından süzülür. Ananı daha da incitməmək üçün müsahibəni burda dayandırmaq istədiyimi hiss edib, özünü ələ alır. Yanaqlarındakı damlaları barmağının ucuyla silib, yenə bayaqkı güclü qadın görkəmini alır.

 

- Allahdan arzu edirəm ki, mənə möhlət versin. Balalarının əlini onun əlinə tapşırım. Sonra rahat ölüm. Bakıya gəlməzdən, internetdə yenə oğlumun videolarına baxdım. Səhərə qədər yerimdə dörd döndüm. Mən prezidentimizdən xahiş edirəm ki, Azadın səhv edərkən gənc, üç azyaşlı balasının olmasını, ahıl yaşlı ata-anasını nəzərə alıb oğlumu bağışlasın, əfv eləsin. Çox xahiş edirəm. Azadın nə səhvi varsa, bağışlasın.

 

Azadın ailəsinə, idmana qayıtmasını biz də istəyirik. Yazını hazırlamaqda da məqsədimiz Hacər xalanın müraciətini çatdırmaqdır. Bu günü isə təsadüfi seçmədik. Aprelin 18-i Azadın doğum günüdür. 41 yaşı tamam olur. Arzu edirik ki, 42 yaşını öz evində, balalarıyla keçirsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar