Mövzu: “Televiziya tərbiyəsi”
Lent.az “Svetofor” adlı layihəsinə davam edir. Tanınmış gənc yazar Şəhriyar del Geraninin aparıcı olduğu layihədə cəmiyyətimiz üçün aktual olan ictimai-sosial-mədəni məsələlər müzakirə olunacaq. Adından göründüyü kimi, layihə çərçivəsində mövzular üç rəngin – üç baxışın, üç mövqenin toqquşması üzərində müzakirə olunur.
Rənglər:
Qırmızı – Arzu Ümid (telejurnalist)
Sarı – Gülnarə İlham (telejurnalist)
Yaşıl – Şəhriyar del Gerani (layihənin aparıcısı)
Şəhriyar: Qədim Roma deyimi var: “İstənilən halda xalq onu idarə edən şaha layiqdi”. Təxminən fikir belədi. Niyə burdan başladım? Yaxın keçmişdə - Sovetlər dönəmində hakimiyyətin sözünü şair deyirdi, yazıçı deyirdi. Kütləni bu adamlar yönəldirdi. Məsələn, Bəxtiyar Vahabzadə pambıq tarlasında görüşlər keçirirdi, şeirlər deyirdi. Torpaqdan, əkin-biçindən poemalar yazırdı. Adamları təsərrüfata yönəldirdi. Mənim nənəm and-aman eləyir ki, biz 5 bacıydıq, heç birimizi pambığa apara bilmirdilər. Bəxtiyar gəlib kolxozda əkinçilik-maldarlıqdan danışandan sonra hamımız gedib kolxozda işlədik. Kişinin qızları şairə, şeirə vurğun imişlər. Şairə olan inam onları kolxoza apardı. Yəni, Bəxtiyar hökümətlə-xalq arasında körpü rolu oynayırdı. Əlbəttə, bu işdə hakim dairələrin maraqları vardı. İndisə kütləni Səməd Səmədov yönəldir, hansısa idmançı yönəldir, ismin hallarını düzgün bilməyən telejurnalist yönəldir. Və bu adamlar xalqın ən sevilən, inanılan nümayəndələridi. Və bu adamların təqdim elədikləri verilişlər, proqramlar kütlə tərəfindən yüksək səviyyədə qarşılanır. Mən düşünürəm ki, belə də olmalıdı. Yəni, hər şey həddindən artıq qaydasındadı. Telekanalların yayımladığı verilişlər yüksək səviyyədədi. Bizim möhtərəm camaatımız bu verilişlərə, bu adamlara layiqdi.
Gülnarə: Ümumiyyətlə mövzu Azərbaycan televiziyasına aiddirsə, hər hansı telekanalın adını çəkmək qeyri-peşəkarlıq olardı, məncə. Mən ad çəkmədən danışacam. Televiziyada verilişlər hazırlanarkən müəyyən bölgülər aparılır. Ziyalı-intellektual təbəqə, orta təbəqə və aşağı təbəqə üçün nəzərdə tutulmuş proqramlar. Əlbəttə, bu bölgü rəhbərlik tərəfindən müəyyən edilir. Tamaşaçı bunu bilmir. Hər hansı tamaşaçıya sən deyə bilməzsən ki, “sənin izlədiyin bu veriliş aşağı təbəqə üçün nəzərdə tutulub”. O adam sənə inanmayacaq. Çünki hər kəs özünü ziyalı və intellektual bilir, ağıllı zənn edir. Yerli telekanalların birində intellektual bir veriliş gedirdi. Amma orda da şou yaratmışdılar. Mən bunu təqdir edirəm. Şousuz geniş auditoriya yığmaq mümkün deyil. Əgər o verilişə şou tərəfinə görə baxan kütləyə sən hansısa bir bilgini ötürə biləcəksənsə, bax, bu, sənin uğurundu, həmin telekanalın üstünlüyüdü.
Arzu: Mən öz rakursumdan münasibət bildirim. Telekanalı “palatka toyu”na çevirmək olmaz. Gülnarə xanım yaxşı vurğuladı, gərək verilişlər hardasa reytinqə də xidmət eləsin. İndi hər şey reytinqə ayarlanıb. Ciddi layihələrin reytinqi çox aşağı olur. Və heç kəs sponsorluq eləmir, reklam vermir. Nəticədə layihənin gerçəkləşməsi baş tutmur. Tutaq ki, biz başladığımız dövrdə deyirdilər “kütlə bunu istəyir, biz də bunu edək”. Ancaq, əslində biz nə etməliyik? Kütləni arxamızca aparmalıyıq.
Şəhriyar: Siz kütləni arxanızca aparırsız?
Arzu: Bəli, mən aparıram. Mən Türkiyədə Azərbaycan ulduzlarını təbliğ edirəm.
Şəhriyar: Reytinq deyirsiz. Bilirsizmi, bizdə reytinq necə ölçülür? Çox bərbad bir nümunəsi var bunun...
Arzu: Bildiyimə görə, bir-iki yaşayış binası götürülüb və həmin binadakı evlərin televizoruna quraşdırılıb. Özü də çox az sayda.
Şəhriyar: 200 evə quraşdırılıb. Onlar da sıravi adamlardı – avtobus sürücüsü, aşpaz, çilingər və s. Əlbəttə, bu bacı-qardaşlar mətbəx verilişlərinə baxacaqlar, Elgizə-melgizə baxacaqlar. Bu səviyyədə 200 nəfərin zövqüylə 9 milyonluq bir ölkənin baxış bucağını müəyyən eləmək nə dərəcədə doğrudu?
Arzu: Haqlısız, amma dünyada bəlli bir reytinq sistemi var. Saniyəbəsaniyə hansı aparıcı nəyi necə elədi və həmin vaxt reytinq necə qalxdı, necə endi. Hamısını göstərir. Bizdə çox aşağı səviyyədədi. Həmkarlarımdan çox narazıyam. Hamısı ulduz olmaq istəyirlər. İntellektual səviyyəsi, ümumi jurnalist qabiliyyəti çox aşağı səviyyədə olan adamlar indi aparıcı olublar, layihə rəhbəri olublar.
Gülnarə: Arzu xanım deyir ki, aşağı səviyyəli aparıcılar-filan. Əlbəttə, hər verilişin öz layiqli aparıcısı var. O dediyiniz aşağı səviyyəli verilişin aparıcısı elə həmin verilişə layiqdi. Hər kəs öz səviyyəsinə uyğun veriliş aparır. Mən gedib aparası deyiləm ki, o şou proqramları? Həmin adamlar aparmalıdırlar də.
Arzu: Yox, bu çox təkəbbürlü oldu. Siz də “Ulduz axını”nın aparırsız də. Bəs niyə “ulduzlardan” veriliş hazırlayırsız?
Gülnarə: Siz verilişin adını eşitmisiz, baxmamısız. Baxsaz görərsiz ki, mənim apardığım verilişin siz deyən “ulduzlar”a dəxli yoxdu. Hər hansı bir sahənin vaxtilə populyar olan simalarını dəvət edirik. Hansı ki, bir dövrdə məşhur olub daha sonra “ulduzları axıb”. Məsələn, yazıçı Vidadi Babanlı, aktyor Hacı İsmayılov və sairə bu “kalibrli” insanları dəvət edib öz sahələri üzrə danışırıq. Siz deyən “ulduzlar” isə tamamilə mənə yaddırlar. Mən onlarla bir kəlmə də kəsə bilmərəm. Onların üzləriylə mənim üzüm bir deyil.
Arzu: Qətiyyən elə deyil. Siz nə qədər aqressivsiz bu mövzuda. (gülür) Onların arasında da intellektli, savadlı olanları var.
Şəhriyar: Kimdi onların içində intellektli?
Arzu: Faiq Ağayev.
Gülnarə: Yaxşı ki, Faiq var, adını rahat çəkə bilirsiz bu mövzuda. (gülür)
Şəhriyar: Arzu xanım, Faiq Ağayevi 9-cu sinif normal orta məktəb şagirdinin səviyyəsində hesab etmək olar. Röya ilə müqayisədə, əlbəttə, yaxşı cümlə qura bilir, özünü ifadə edə bilir. Məncə, Faiq söhbətini bu mövzuda qapamaq lazımdı, ümumiyyətlə. Faiq Ağayev normal səs sahibidi, 1-2 yaxşı mahnısı var, vəssalam. Nə də mən hansısa musiqiçidən, müğənnidən, “manıs”dan ədəbi-bədii düşüncə, intellekt tələb etmirəm. Və bunun birmənalı əleyhinəyəm. Ümumiyyətlə müğənnini, musiqiçini danışdırmaq yox, oxutmaq lazımdı, çaldırmaq lazımdı.
Arzu: Gülnarə xanım deyir, mən AzTV məktəbi keçmişəm. Əlbəttə, AzTV ciddi məktəbdi, mən də keçmişəm o məktəbi. Ancaq, mən həm də BBC təcrübəsi görmüşəm. Və bilirəm ki, televiziya hərəkətdi, dinamikadı, görüntüdü. Əgər sənin apardığın proqramda dinamika yoxdursa, olay bitmişdir. Sən aparıcı olaraq yazıçı da çağırsan, şair də dəvət eləsən verilişinə, ədəbiyyat söhbəti etmiş olsan da, bunu görüntülü, hərəkətli, dinamik etməlisən. Yoxsa elə açaram “kulis.az”ı, sizin hansısa köşənizi oxuyaram, müsahibənizə baxaram də. Hərəkətsiz, quru veriliş təqdim edəcəksizsə mənə, əlbəttə, mən o söhbəti oxumağı seçərəm, nəinki baxmağı. Mən bunu teleaparıcı kimi yox, izləyici kimi deyirəm.
Gülnarə: Hər şeydən öncə televiziya zövq məsələsidi. Gərək aparıcının televiziya zövqü olsun. Bu, belədi. Əks halda heç bir iş uğurlu alınmayacaq. Verilişlər auditoriyanın zövqünə xidmət etməlidi. Aparıcı, layihə rəhbəri öz zövqünü diktə edir. Bunu elə estetik etməlidir ki, izləyicinin onu seçməmək variantı olmasın.
Arzu: Mən demək olar, hər gün “Star” telekanalında “Bu gün” proqramını izləyirəm. Səhər proqramıdı. Aparıcı Seda adlı bir xanımdı. Hər dəfə bir kitabı publikaya təqdim edir. Öz adına danışır ki, “bu həftə filan kitabı aldım, filan yazıçının, şairin kitabıdı, sizə də məsləhət görürəm-filan”. Bu mənə o qədər xoş gəlir ki. Ancaq bizdə səhər proqramlarında ancaq yemək bişirirlər. Bəyəm bizim milləti ancaq yeyib-içmək maraqlandırır?
Şəhriyar: Bəs siz niyə etmirsiz bunu?
Gülnarə: Bəyəm aparıcının özündən asılıdır ki bu? Aparıcı özbaşına deyil ki?! Bunu rəhbərlik etməlidi.
Şəhriyar: Təşəbbüs etsin də. Siz nə vaxt rəhbərliyə dediniz, o, sizin təklifinizi yerə saldı? Mən bilirəm ki, “TRT-Avaz”ın ziyalı rəhbərliyi var. İbrahim müəllimə desəniz, sizin təşəbbüsünüzü “dördəll”i dəstəkləyər, inanın.
Arzu: Maraqlı təklifdi. Mütləq buna çalışacam.
Gülnarə: Bizim də elə işimiz-gücümüz kitab oxutdurmaqdı... (gülürük)
Bu televiziya ki var, çox qəliz məsələdi. Həm qəlizdi, həm də ki, vacib...)) Biz müzakirə etdik. Amma, siz daha aydın görürsüz. Bizim kimi adamların həqiqətən kitab kimi bir dərdi var. Biz o qədər sadə hisslərlə, arzularla yaşayan adamlarıq ki, küçədə, metroda, parkda kitab oxuyan kimsə görəndə xoşbəxt ola bilirik. Bu mövzumuzun da sonu gəlib kitaba, kitabın təbliğinə çıxdı. Növbəti debatımızın mövzusu – “Azərbaycanda kitab piarı varmı”? Özünüzdən muğayat olun, hələlik...)))