<b>“Təbriz”i oğurlanan Cənnət: “Zühur etmək ərəfəsindəyəm...” - <span style="color:red;">MÜSAHİBƏ </b>
13 mart 2014 11:11 (UTC +04:00)

“Təbriz”i oğurlanan Cənnət: “Zühur etmək ərəfəsindəyəm...” - MÜSAHİBƏ

Onu demək olar ki, hamımız tanıyırıq.

SSRİ-nin rəsmən ilk milyonçusu olan azərbaycanlı, o vaxtın dövrü mətbuatında “Sovet milyonçusu” kimi tanınıb müsahibələr verən cavan, xarizmatik, maraqlı, istedadlı Cənnət Əliyevdən danışıram.

1989-cu ildə, “Dalğa” verilişində gördük onu, rəhbərlik etdiyi “Təbriz” kooperativi barəsində də o verilişdə özündən eşitdik, elə “Təbriz” ansamblının təqdimatında sözləri Hökumə Billurinin, musiqisi Cənnət Əliyevin olan “Təbriz” mahnısını da o vaxt tanıdıq.

 

Qollarım dolanar boynuna bir gün,

Yenə baş qoyaram dizinə, Təbriz,

Həsrətdən, hicrandan cana doymuşam,

Doyunca baxaram gözünə, Təbriz.

 

Sevdik bu mahnını, dilimizin əzbərinə, toylarımızın-məclislərimizin himninə çevirdik az qala. Sonralar isə Musa Musayevin ifasında, tam başqa sözlərlə dinləməli olduq, sevmədik, çoxlarımıza qəribə də gəldi sevdiyimiz mahnının sözlərinin dəyişdirilməsi. Amma bilsəydik ki, bu mahnını Musa Cənnətdən oğurlayıb...

Nə isə, bu, tam başqa bir söhbətin mövzusudur.

 

***

 

Cənnət Əliyev tanıdığım labirint taleli nadir insanlardandır.

Bir ömrün içində bir neçə tale yaşamaq üçün gəlmiş, göndərilmiş, ayrılmış... təklərdən biri.

Bu günlərdə facebookda onun adına açılmış, “Siz bu səhifədə İlk rəsmi SSRİ milyoneri, Kalmıkiya Respublikasının Yaxın Şərq və ərəb ölkələri üzrə sabiq səfiri, xeyriyyəçi, bütün dinlərin həvəskar tədqiqatçısı, bəstəkar Cənnət Əliyev haqqında məlumat ala, onun uzun və qeyri-adi həyat fəaliyyəti ilə bağlı bir çox şeyi izləyə bilərsiniz”  kimi tanıtım qeydli səhifəni gördüm.

Həmən əlaqə saxlamaq, söhbət etmək istədim.

İsmarışıma köməkçisi cavab verdi, Cənnət bəydən müsahibə almaq istədiyimi söylədim, mətbuatdan küskün olduğunu anlatdı, “Bu saat öz işləri ilə sıx məşğuldur. Son bir həftədə 3-4 müsahibəyə yox cavab verib. Gərək özü ilə danışım sabah. Sizin təklifinizi mütləq çatdıracam... Ancaq mətbuatdan küsüb. Musa Musayev “Təbriz” mahnısını oğurladığı halda, əldə isbatlar olduğu halda mətbuat yazmadı onun oğurluğunu” - söylədi.

Çox xahiş etdim, üç gün sonra isə indi sizlərə təqdim edəcəyim bu balaca söhbəti əldə etməyi bacardım...

 

***

 

- Cənnət bəy, Sizi necə təqdim etməyimi istərdiz?

 

-  Zühur etmək ərəfəsində olan biznesmen.

 

- Çox gözəl.

 

- Gözəl gününüz ola.

 

- Siz elə bir vaxtda milyonçu statusunda açıq və aşkar şəkildə hamıya təqdim edildiniz ki, Sovet adamları üçün milyonçu kəlməsi ən yaxşı halda Hindistan filmlərindəki romantika ilə, ən pis halda isə elə Sovet təhsilinin bizə öyrətdiyi və mənfi obrazlarda göstərdiyi qərb kapitalist dünyasının kabusu ilə assosiasiya olurdu. Yəni Sizin milyonçu olmağınız bütün Sovet məkanı üçün bir sürpriz idi. Bu haqda danışardız.

 

- Bu haqda heç nə danışmaq istəmirəm.

 

- Nə haqda danışmaq istəyirsiz?

 

- Məndən müsahibə götürməyinizdə məqsəd nədir?

 

- Bu mənim şəxsən öz marağımdan irəli gəldi, səhifənizi gördüm, həmən Sizinlə əlaqə saxlamaq istədim. Neçə illərdən sonra belə bir səhifə açılıbsa, arxivdəki videolar, yazılar üzə çıxarılırsa, demək, Cənnət bəyin xalqa, ictimaiyyətə təqdim etmək istədiyi nəsnələr var mütləq və bu nəsnələri öyrənmək istədim. Siz istəsəniz də, istəməsəniz də gəncliyi sərhəd hərəkatı, Qarabağ döyüşləri, imperiya süqutuna düşmüş bütün insanlarımızın həyatının bir parçasısız.

 

- Hal-hazırda 20 Yanvar faciəsinin əlili kimi Ali Məhkəmənin sədri Ramiz Rzayevə teleqram göndərib məni qəbul etməyini xahişini etmişəm, o da dəftərxana rəisi vasitəsilə bildirib ki, martın 17-də  məni qəbul edəcək. Üzləşdiyim vəziyyətlə bağlı, haqq-ədalət rəmzi olan Femidanın büstünü Ali Məhkəmənin qarşısında yandırmaq fikrim vardı. Ona görə də hələ ki, martın 17-ni gözləyirəm. Bu səhifənin, bu materiallar yerləşdirilmə səbəbini isə həmin gün açıqlayacam.

 

- Zühur etmək ərəfəsində olan biznesmen üçün kifayət qədər radikal addım hesab etmək olar bu ultimatumu. Fərqindəsiz yəqin.

 

- Bəli, fərqindəyəm.

 

- "Təbriz" mahnısına çəkdirdiyiniz klipdə yandırdığınız sərhəd yadıma düşdü. Həmin klipin sonrakı sərhəd hərəkatına hardasa da mistik bir təkan verməsini deyirsiz, Sizcə Femidanı yandırmaq nə verər bu nöqteyi-nəzərdən baxsaq?

 

- Bütün bu məsuliyyəti bir ruh kimi Femidanın öz üzərinə qoyuram. Femida istəmirsə mən onu yandırım, hüquqlarımı bərpa etsin haqq-ədalətin nəzarətçisi kimi.

 

- "Təbriz" mahnısından söz düşmüşkən, bir qədər bu mahnının taleyi haqda danışaq. Məhz Hökumə Billurinin sözləri və Sizin bəstənizlə dillər əzbəri olan mahnı sonradan niyə "Ey vətən oğlu" kimi gündəmə gəldi? Qeyd edim ki, ikinci versiyada qəbul olunmadı və sevilmədi.

 

- "Təbriz" mahnısının müəllifi mənəm, o mənim sağlığımda özümə yazdığım matəm musiqisidir. Daha doğrusu, "Tənha döyüşçü"nün, yəni mühasirəyə düşmüş döyüşçünün ümid nəğməsidir.

 

- İlk ifaçısı "Təbriz" qrupunun solisti Vüqar Yusubov olmuşdu. Amma illər sonra bu mahnı dəyişdirilərək, Musa Musayev tərəfindən oxundu.

 

- Bəli.

 

- Bir qədər ətraflı olarmı?

 

- Mən bu haqda çox şey deyə bilərəm. Ancaq artıq önəmi qalmayıb. Təkcə mahnım oğurlansa nə var idi, mənəviyyatım, bütün maddi sərvətlərim, hər şeyim, nə varsa oğurlanıbdı. Ona görə də önəmi yoxdur.

 

- Hər şeyi qaytarmaq istəmirsiz?

 

- Elə onun üçün də indi addımlarımı atıram.. Gördüyünüz kimi, bu internetdəki materiallar və Ramiz Rzayevlə görüşmək cəhdi, elə Sizə verdiyim müsahibə və s. hər biri bu addımın tərkib hissəsidir.

 

- Kimdən inciksiz? İnsanlardan, özünüzdən, yoxsa Allahdan?

 

- Sadaladıqlarınızın heç birindən incik deyiləm, sadəcə olaraq mən sadəlövh biri olmuşam, insanlara və eləcə də Allaha qarşı. Mənim indi dinimin Allahı, yəni yaradanı düz danışmaqdır.

 

- Amma biznes elə bir sahədir ki, burada sadəlik və sadəlövhlük özünü birbaşa oda atmaq deməkdir. Yenə də iyirmi il əvvəlki həmin sadə və saf ruhla işləyəcəyinizdən əminsiz?

 

- Heç bir sual verməyin. Ramiz Rzayevlə görüşməyincə, aprelin 1-də məhkəmə olmayınca bu suallara cavab verməyəcəm. Özüm isə şəxsən Sizə müraciət edəcəyəm dediklərimdən sonra. Bu qədər. Sağ olun...

 

***

 

Belə…

 

Mən Cənnət Əliyevdən onun düzəltdirdiyi “Zülfüqar” qılıncları haqqında soruşacaqdım, əldə etdiyim məlumata görə, şəxsən özünə məxsus olan və oğurlanan 12 metrlik “Zülfüqar”ın taleyi barədə öyrənmək istəyəcəkdim, “Allahla dialoq” poemasından söz açmağını xahiş edəcəkdim…

 

Gələn dəfəyə qaldı…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2977

Oxşar yazılar