<b>2 milyard dollarlıq reklam, AzTV-nin güzəşti, “Ana  vətən çağırır” </b>– <span style="color:red;">ARAŞDIRMA
18 yanvar 2016 11:50 (UTC +04:00)

2 milyard dollarlıq reklam, AzTV-nin güzəşti, “Ana vətən çağırır” ARAŞDIRMA

Bunu reportajlarımdan birinin qəhrəmanı, İİV virusu daşıyıcısı Samir Nuriyev (ad şərtidir)  demişdi o vaxt mənə: “Ortaq şprisdən yoluxmuşam. Məlumatsızlıqdan. O vaxt da, elə indi də bu və ya digər yoluxucu viruslar haqqında, onlardan qorunma qaydaları, yoluxma metodları haqqında məlumat azdı. Ancaq QİÇS-lə Mübarizə Mərkəzinin və bir qrup təşkilatların hazırladıqları broşürlər, məlumat kitabçaları var. Vizual məlumat daha çox yadda qalır. Yaxşı olardı ki, televiziyalarımızda bu haqda sosial video-roliklər, verilişlər, reklam bloklar olardı. Çünki məlumatsızlıq bu gün də var. Yoxsa, virus ilbəil bu qədər artmazdı. Ümumiyyətlə, İİV haqqında məlumat azdı”.

 

 

 

“Reklam” haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 1-ci bəndində də belə deyilir: “Sosial reklam - insanların şüurunda ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına və təkmilləşdirilməsinə, onların diqqətinin cəmiyyətdəki sosial məsələlərə, mədəni irsi qorumağa cəlb edilməsinə yönəlmiş, maarifləndirmə və xeyriyyəçilik məqsədi daşıyan qeyri-kommersiya xarakterli məlumatdır”.

Elə sosial reklamlardan danışacağıq bu dəfə.

 

 

Dünyada ilk sosial reklam 1906-cı ildə ABŞ-da “Amerika vətəndaş assosiasiyası”  tərəfindən Niaqara şəlaləsini enerji kampaniyasından qorumaq üçün çəkilib.

Sosial reklamların daha böyük layihəsi Birinci Dünya Müharibəsi zamanı yenə ABŞ-da “Sən Amerika müharibəsinə lazımsan!” şüarı ilə reallaşıb. Bu tip şüarlar SSRİ-də də olub: “Sən könüllülər sırasına yazılmısan?”, “Ana vətən çağırır!”

 

 

 

“Sosial reklam” termini ingiliscə “public service advertising” (PSA –İctimai Xidmət Reklamı) ifadəsinin analoqu kimi istifadə edilməyə başlayıb. SSRİ dağılandan sonra Rusiyanın məşhur sosial reklamı “Valideynlərinizə zəng edin! (“Pozvonite roditelyam!)” olub.

 

 

Zamanla ABŞ-da sosial reklam siyasətini dəyişdi. Kampaniya üçün daha isti və həssas mövzular seçilməyə başlayır. Məsələn, cəmiyyətin savadsızlıq problemi, uşaq zorakılığı və ya QİÇS-lə bağlı.

 

 

 

1993 - 2000-ci illərdə ABŞ-da narkotiklə mübarizəyə qarşı aparılan sosial reklamlara Klinton administrasiyası 2 milyard dollara yaxın vəsait xərcləyib.

Qonşu Rusiyanın “Reklam haqqında” qanununda deyilir ki, sosial reklam - informasiya,  xeyriyyə və digər ictimai faydalı məqsədlər, eləcə də dövlətin maraqlarını nail olunmasına yönəlməlidir.

 

 

 

Yuxarı adıçəkilən qanunda sosial reklam sifarişçilərinin dövlət, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər ola biləcəyi qeyd edilib. Bundan əlavə, sosial reklamda çətin vəziyyətdə, yaxud müalicəyə ehtiyacı olan fiziki şəxslər, habelə reklamvericinin adı istisna olmaqla, reklam istehsalçısının, reklam agentinin, reklam yayıcısının adı, maarifləndirmə və xeyriyyəçilik fəaliyyətinə dair məlumatlar verilə, əmtəələri, əmtəə nişanları və loqotipləri göstərilməsi isə qadağan edilib. Sosial reklamın reklamvericisinin reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti ilə, habelə reklam istehsalçısı yaxud reklam agentinin reklam yayıcısı ilə münasibətləri müqavilə ilə tənzimlənir. Sosial reklam dövlət və ictimai yayımçılar tərəfindən ödənişsiz yayımlanır.

 

 

 

Mülkiyyət formasından asılı olmayaraq, hər bir reklam yayıcısı televiziya və radio yayımı zamanı reklam üçün ayrılan efir vaxtının, nəşrlərdəki reklam yerlərinin və reklam qurğularının ümumi sahəsinin ən azı 8 faizini sosial reklam üçün ayırmağa borcludur. Sosial reklam efirdə məzmununa uyğun olaraq saat 9:00-dan 00:00-a qədər olan müddət ərzində yayımlanmalıdır. Habelə, televiziya və radioda yayımlanan sosial reklamın müddəti reklam üçün ayrılan ümumi efir vaxtına daxil edilmir.

 

Yuxarıda da oxuduğunuz kimi “reklam üçün ayrılan efir vaxtının ümumi sahəsinin ən azı 8 faizini sosial reklam üçün ayırmağa borcludur” ifadəsi var. Bəs görəsən Azərbaycanda vəziyyət necədir?

 

Bununla bağlı insanlar arasında kiçik bir sorğu keçirdik. Sorğunun nəticəsindən də bəlli oldu ki, televiziyalarda bu tip reklamlar çox azdır. O qədər azdır ki, bəziləri belə reklamı görmədiklərini deyirlər.

 

Psixoloq Elnur Rüstəmov deyir ki, sosial çarxlar cəmiyyətə bir növ mesaj ötürülməsinə xidmət edir: “Görürsən ki, yol hərəkət qaydalarının tənzimlənməsi haqqında, uşağın tərbiyə olunması, ailə daxili münaqişələrlə bağlı sosial çarxlar var, ancaq təbliğ olunmur. Sosial çarxların çəkilməsi, təbliğ olunmasına çox böyük ehtiyac var. Bu cür çarxların yayılması, paylaşılması insanların psixoloji durumuna müsbət təsir göstərir.

 

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva sosial çarxların maariflənmədə mühüm rol oynadığını bildirir: “Çox istəyərdik ki, maariflənmə efirlərdə çarxlar vasitəsi ilə də aparılsın. Nəinki hansısa qeyri-peşəkar insanların, dırnaqarası ekspertlərin dilindən. Bizim bir necə sosial çarxımız var. Televiziyalar isə onların yayımlanması üçün vəsait istəyib. Söhbət özəl kanallardan gedir”.

 

 

“Təmiz Dünya” İctimai Birliyi 10-a yaxın sosial çarx və bir neçə film hazırlayıb. İB-in sədri Mehriban Zeynalovanın sözlərinə görə, əgər layihə çərçivəsində bu sosial çarxların nümayişi üçün məbləğ nəzərdə tutulurdusa, o halda müəyyən güzəştlərlə onun nümayişi mümkün olub: “Yox, əgər maliyyə yoxdursa, hər hansı televiziya onun pulsuz nümayişi ilə bağlı maraq göstərməyib. Yəni belə bir ənənə yoxdur ki, televiziya QHT və ya digər sosial proqramlarla bağlı iş görən tərəflərə elan etsin ki, filan mövzuda ən yaxşı sosial çarxları nümayiş etdirmək niyyətimiz var. Və bütün təşkilatlar da öz hazırladığı çarxları təqdim etsin və ən yaxşısı seçilərək nümayiş etdirilsin. Hazırda insan alverinə qarşı mübarizə ilə bağlı Milli Fəaliyyət planında bu məqam var. Milli Koordinator AzTV ilə qarşılıqlı əməkdaşlıq memorandumu çərçivəsində İnsan alveri ilə mübarizəyə dair sosial çarxlar və filmlər nümayiş etdirməyə razılıq alıb. Məsələn, qadınlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı bu cür təşəbbüslər televiziyalardan daxil olmur.

 

“QİÇS-lə Mübarizə" İctimai Birliyi isə cəmi bir dəfə kommersiya kanallarından birinə müraciət edib.  O da 2007-ci ildə. O vaxt onlara sosial reklam üçün efir vaxtının olmadığını bildiriblər. Bu barədə Lent.az-a İB-yin layihə koordinatoru Ehtiram Paşayev deyib.

 

Reklam şirkətlərinin birinin Kreativ Direktoru Orxan Yusifov əməkdaşlıq etdikləri şirkətlərin, bankların Korporativ Sosial Məsuliyyət platformaları əsasında bir neçə layihə hazırladıqlarını deyir: “Sosial yönümlü işlərimiz arasında uşaqların yaradıcılığını stimullaşdırmaq üçün təqvim, 1 İyun Uşaqlar Günü ilə bağlı kampaniya və fiziki məhdudiyyətləri olan insanlar üçün “Məhdudiyyətlərə Meydan Oxuyaq!” və bu layihədən çıxan “Əngəlsiz Karyera Sərgisi”ni göstərə bilərik. Ümumiyyətlə, son illər bu sahəyə diqqətin artması trend halını alır və bu çox sevindiricidir”.

 

Milli Televiziya və Radio Şurasının  aparatının rəhbəri Toğrul Məmmədov isə Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Reklam haqqında qanununun tələbinə əsasən, sosial reklamlar yalnız dövlət büdcəsindən maliyyələşən tele-radio yayımçılarında pulsuz əsaslarla yayımlanır. Özəl telekanallar isə bu cür reklamlar üçün müəyyən güzəştlər edə bilər. “Amma ödənişsiz yayımlanmasından söhbət gedə bilməz”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar