“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri “Dövlət Bayrağı Günü” münasibətilə “Hər ay bir gün” adlı növbəti aksiyanı Şəhidlər Xiyabanında həyata keçirib. Lent.az-ın məlumatına görə, birliyin sədri Sevinc Əzimbəyli deyib ki, il boyunca “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri məmləkətimizin, xalqımızın qəhrəman şəhid övladlarının xatirəsini yad edərək, vətənpərvər ənənəni davam etdirməkdədir. Onun sözlərinə görə, gənclərimiz “Hər ay bir gün” aksiyasını müqəddəs Şəhidlər Xiyabanında keçirməklə mübarək bayrağımızın ucalığı uğrunda şəhadətə qovuşan Vətən övladlarının müqəddəs ruhlarına bir daha sevgilərini göstərməyə çalışıblar.
Birlik sədri qeyd edib ki, “Hər ay bir gün” aksiyasının əsas məqsədi ölkəmizdə milli-vətənpərvərlik duyğularının gənclər arasında yüksəlişinə nail olmaq və şəhid doğmalarına cəmiyyətin biganə qalmadığını nümayiş etdirməkdən ibarətdir. Həm də bu aksiya yad düşüncələrin əsirinə çevrilən bəzi üzdəniraq milli dönüklərə dövlətinə, bayrağına, şəhidinə sahib duran Azərbaycan gəncliyinin nümunəvi və sərt cavabıdır.