Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Təhsil məsələləri üzrə İşçi Qrupu təhsil ekspertlərinin və aidiyyatı QHT rəhbərlərinin iştirakı ilə “Məktəbəqədər təhsil haqında” qanun layihəsinin ictimai müzakirəsini keçirib.
Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təhsilin bütün cəmiyyətlər üçün ən önəmli məsələ olduğunu və bu cəhətdən müvafiq istiqamət üzrə fəaliyyət göstərən QHT-lərin “Məktəbəqədər təhsil haqında” qanun layihəsi ilə də bağlı rəy və təkliflərini bildirməsinin vacibliyini vurğulayıb.
Şuranın Təhsil məsələləri üzrə İşçi Qrupunun rəhbəri, XXI Əsr Təhsil Mərkəzinin sədri Etibar Əliyev, Azərbaycan Müəllimlər Şurasının sədri, prof. Əjdər Ağayev Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü, BDU-nun professor Şahlar Əsgərov, İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı, “Ekoloji maarifçilik və monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirova, “Potensial” Sumqayıt mütəxəssislər İctimai Birliyinin sədri Sahib Fərzəliyev və digər QHT təmsilçiləri çıxış edərək qanunun ictimai müzakirəsinin keçirilməsinin cəmiyyət üçün böyük faydasının olacağına inandıqlarını deyiblər.
Çıxış edən ekspertlər məktəbəqədər təhsil və tərbiyə müəssisələri ilə bağlı qanun layihəsinin müzakirəsinin təhsil tarixində mühüm hadisə olduğunu bildirərək ictimai şüurun bazasını formalaşdıran uşaq bağçalarının gələcək yüksək səviyyəli kadrların hazırlanmasındakı rolundan danışıblar.
QHT rəhbərləri məktəbəqədər müəssisələrin uşaqların ətraf mühitlə tanış edilməsi, insanlara sevgi hissinin oyadılması, dünyagörüşünün formalaşdırılması və inkişafını həyata keçirilməli olduğunu bildirərək qanun layihəsinin müxtəlif maddələrinə dəyişikliklər edilməsi ilə bağlı təkliflərini də səsləndiriblər.
Müzakirələr zamanı sözügedən qanun layihəsindəki bəzi müddəaların və terminologiyanın məktəbəqədər təhsilin mahiyyətinə uyğun olmadığı və daha sadə, bütün vətəndaşların asan anlayacağı şəkildə hazırlanmasının vacib olduğu qeyd edilib. Toplantıda həmçinin qeyd olunub ki, məktəbəqədər təhsil və tərbiyə müəssisələrində ana dilimizin təbliğinə xüsusi diqqət ayrılmalıdır.