3 gün “Xilafət”lə üz-üzə - <span style="color:red;">REPORTAJ- III YAZI
12 sentyabr 2015 15:01 (UTC +04:00)

3 gün “Xilafət”lə üz-üzə - REPORTAJ- III YAZI

 

“Şükran Türkiyə, şükran Türkiyə”. Beləcə bir neçə dəfə təkrarlayıb əllərini göyə qaldırır. Gözlərini məchul bir nöqtəyə dikib dua edir. Sonra təkrar başlayır danışmağa. Amma hər cümləsinin başında xahiş edir ki, kameranı yığışdıraq. Çünki o tayda anası və atası qalıb. Hə, bir də əri qətlə yetirilmiş bacısı, iki uşağıyla.

 

Əvvəlini bu linklərdən oxuya bilərsiz:  http://news.lent.az/news/213734http://news.lent.az/news/214004

 

…Karkamışdan qaçqın düşərgəsinə yollanırıq.  Sərhəd yaxınlığındakı ən böyük düşərgələrdən biridir bura. 10 mindən çox qaçqın yerləşdirilib. Türkiyə tərəfi qaçqınların bütün ehtiyaclarını ödəyir. Bundan əlavə, adambaşına aylıq pul da verir. Suriyalıların yerləşdiyi qaçqın düşərgələri bir ayrı mövzudur, buna qayıdacağıq. İndilikdə isə Malik bizi bir nəfərlə tanış edir.  Adı Asafdır. Deyr az Zor yaxınlığında kiçik bir qəsəbədə yaşayırmışlar. Normal da həyatları varmış. Ta İŞİD gələnəcən.   

 

***

 

- O qara bayraq bizim qəsəbəyə asılandan qara günümüz başladı. Nə islam? O bayrağın, o adamların islama nə dəxli? Elə bil pis yuxudur, hələ də görürük. Bu cür vəhşilikləri heç filmlərdə belə görməmişdik.

 

Bunu deyib də bir siqaret yandırır. Deyir, o günləri bir daha yaşamaq istəmir. Hər dəfə yadına düşəndə, az qala dəli olsun.

- Bizim qəsəbəyə qəfil girdilər. Qadınları və uşaqları kişilərdən ayırdılar. Bir nəfər qadınların qızıl əşyalarını topladı. Sırğaları, boyunbağıları vəhşi kimi dartıb qopardırdılar. Sonra kişiləri ayırıb kəndin kənarına apardılar. Qadınları isə maşınlara doldurub getdilər. Mənim ailəm çoxdan Kilisə keçmişdi. Daha doğrusu, keçirmişdim. Qardaşımın ailəsinin dalınca gəlmişdim. Qardaşım arvadını və 13 yaşlı qızını özləri ilə apardılar. Bizi isə 3 gün gecə-gündüz döydülər. Çox pis döyürdülər. Əllərindəki dəyənək sınanacan vururdular. Kim ağrıdan möhkəm qışqırırdısa, anındaca küçədə güllələyirdilər. Ona görə də dişimizi dodağımıza sıxıb səsimizi çıxarmırdıq. Huşumuzu itirənədək döyürdülər. Səhəri bizi Deyr az Zora gətirdilər. Orada balaca bir zirzəmiyə saldılar. Bir az su, bir az da makaron verdilər. Quru, bişməmiş, qutuda. Dedilər çeynəyin yeyin, özünüz bilərsiz. Sabahacan olmayacaq. Axşam elan elədilər ki, səhər sizi işləməyə aparacağıq. Haradasa xəndək qazmalıydıq.

 

Səhəri onları əlləri-qolları bağlı şəhərin kənarına aparırlar. Bütün günü işləyirlər. Axşam yenidən həmin zirzəmiyə. Beləcə bir  həftə.  Bir gün yenə işə gedərkən onlara bildirirlər ki, əsir alınan qadınlar arasında kimin yaxını varsa, onu satın ala bilər.

- Dedilər 800 dollar müqabilində öz yaxınınızı alıb apara bilərsiz. Və bir şərtlə buraxırıq ki, haradan olursa olsun,  iki gün ərzində pulu tapıb gətirməliyik. Əllərində olan qohumlarımızın adlarını götürdülər. Bir neçə nəfər, eləcə də mən razı oldum. Qardaşımın arvadı və qızı üçün 1600 dolları tapmaq çətin deyildi. Bizə dedilər ki, gedin, iki gündən sonra Rakkaya gələrsiz. Rakka bunların baş kəndidir. Əbü Umeyra deyilər birinin bazarına gəlməyi tapşırdılar. Bizi, 4 nəfəri səhərə yaxın buraxdılar. Bir məktub da verdilər ki, Rakkanın girişində postda göstərərsiz.  Amma açmamaq şərtilə. Mən Azeza gəldim. Bu şəhər müxaliflərin əlindəydi. Orda mənim dayım yaşayırdı. Ümidim bircə ona idi.

Axşamı bir təhər Azezə çatır Asaf. Deyir, dayısı onu görəndə az qala ürəyi gedib. Üst-baş cırıq, qan içində. Əhvalatı danışır. Asafa pul tapıb verirlər. Səhəri, bu dəfə Rakkaya qayıdır.  Dedikləri kimi də edir. Onu Əbu Umeyranın bazarı deyilən yerə gətirilər.

- (Əllərini göyə qaldırıb dodağının altında  nəsə pıçıldayır) İnandıqlarımıza and olsun, yalan deyirəmsə. Bəlkə də iki yüzə yaxın qadın idi. Hamısı da bir-birinə bağlı. Mən qardaşım arvadını uzaqdan gördüm. Üst-başı nə gündəydi, ay Allah. Döyüşçülərdən biri “hansıdır” deyə soruşdu. Mən başımla onu göstərdim. Bilirdim ki, əli uzatmaq olmaz qadına tərəf, bunların qaydalarına görə, adamın əlini kəsərlər.  Qardaşım arvadı durdu, mənə tərəf gəldi. Mən qızı, Aminanı soruşdum. O, qəfildən hönkürdü. Döyüşçülərdən biri əlində şallaq “gedin, durmayın” deyə bağırmağa başladı. Məcburən aralandıq.  Danışa bilmirdi, sanki ağlı qaçmışdı. Bircə onu deyə bildi ki, Aminanı apardılar. Hara apardıqlarını isə bilmir. 13 yaşlı qızın başına nə gətiriblər, hara aparıblar, bilmirik. Qardaşım arvadı çox dəhşətli şeylər danışırdı. Deyirdi, on gün ərzində onlara eləmədikləri zülm qalmayıb. Heyvan kimi baxırmışlar. Gün ərzində quru çörək və sudan başqa bir şey vermirmişlər. Qardaşım arvadı danışır ki, onları Rakkaya gətirən günün səhəri Aminanı və o yaşda olan 20-dək qızı maşına doldurub harasa apardılar. Uşaqların səsi, yalvarışı hələ də qulağımdadır, deyir.  Döyüşçülər isə kim nə vaxt istəsə, onlar saxlanılan yerə gəlib istədiyini seçib aparırmış. On gün bu zülmü çəkiblər. Əsirlikdəki qadınlardan ikisi isə müqavimət göstərdiklərinə görə, hamının gözü qarşısında küçədəcə yandırılıb.

 

***

 

Asaf deyir ki, Karkamışda, elə bu qaçqın düşərgəsində elə adamlar var ki, ailələri girovluqdadı.  Hələbdən bir Əhməd var, Türkiyəyə qaçanda bütün ailəsi əsir düşüb. 13-14 yaşlı iki oğlunu İŞİD aparıb. Arvadını isə satıblar. Özü bir zülmlə gəlib çıxa bilib.

- Yox, danışmaz. Hələ də ümidlidir ki, ailəsini tapacaq. Bunlar qız uşaqlarını satırlar, oğlan uşaqlarına isə təlim keçirlər. O televiziyada baş kəsmək öyrədirlər, nə bilim avtomatdan atəş açdırırlar, bunlar nədi ki? Uşaqlardan canlı bomba kimi istifadə edirlər. Uyuşdurucunu verib bədəninə bomba sarıyıb göndərirlər haranısa partlatmağa. Bəzən özləri kənardan idarə edirlər. Uşaq obyektə çatan kimi düyməni basırlar. Nə qədər uşaq var əllərində. Gedək bir çay içək. Qoy Abdulla da danışsın.

 

***

Çayxana dedikləri yerdə hisdən oturulası deyil. Abdulla isə qaradinməzin biridir. Ağzından sözü kəlbətinlə çıxarırsan az qala. Onun faciəsini isə Allah heç kimə göstərməsin. Oğlunu güllələyiblər. Rakkada. Düz gözünün qabağında. 15 yaşlı Bilal özündən balaca əmisi qızının əlindən tutub küçəylə gedirmiş.  Saxlayıblar uşağı. Adını da qoyublar ki, naməhrəmin əlindən tutmusan. Bu, zinadır. Abdullanı da çağırıblar öz məhkəmələrinə. Uşağın başına torba keçirib güllələyiblər atasının və digərlərinin gözü qarşısında. Sonra da elan ediblər ki, belə hal təkrarlansa, asacaqlar, bir həftə də küçənin ortasında saxlayacaqlar ki, hamıya görk olsun.

Abdulla isə danışmaq istəmir. Eləcə susub baxır.

Bura isə suriyalıların kiçik dükanıdır. Dükançı Vadid bu vaxt ərzində gördüyüm yeganə şən, zarafatcıl suriyalıdır. Deyir, Azezdə yaşayırmış. Oradan qaçıb gəlib. Elə orada da balaca baqqal dükanı varmış. 12 qohumu həlak olub Vadidin. Birini isə namaza gecikdiyi üçün öldürüblər. Daha doğrusu, döyüb öldürüblər.

Ürəyi xəstə imiş Başirin. Əlini də ürəyinin üstünə qoyub qışqırırmış ki, vurmayın, bir də gecikmərəm. Elə ürəyinin üstünə vura-vura öldürüblər.

 

- Bunu bizə sonradan dedilər. Başqa bir qohumumu isə elektrik verib öldürdülər. Evində televizor tapdıqları üçün.  Bir əmim oğlu vardı, Qafur adında. Əvvəldən çox dindar olub. Səudiyyədə belə təhsil alıb.  Elə onlara qoşulmuşdu. Hələb tərəfdə döyüşürdü. Heç iki ay keçməmişdi, zəng elədi ki, Öncüpinar tərəfdə tanış adam varsa, kömək edim, onu Türkiyəyə keçirsin. Mən onu söydüm, biabır etdim ki, utanmırsan, gedib kimə qoşulmusan, hələ bir Türkiyəyə də gəlmək istəyirsən, məndən kömək umursan. Başladı ağlamağa ki, bunlar islam, şəriət nə olduğunu bilmirlər. Vəhşidirlər. Aldanıb. Yalvarırdı ki, ona kömək edim. Deyir, bu qədər baş kəsmənin, edamların qabağında dəli olacaq. Bu qədər vəhşiliyi görməyə artıq gücü çatmır. Mən ona söz verdim ki, nəsə bir kömək edim. O, Hələbdən, onların yanından qaça bilmişdi. Amma yolda, Bayanun deyilən qəsəbədə tutmuşdular. Elə oradaca başın kəsiblər. Ehh, nə isə, sizə yaxşı qəhvə dəmləyim, bir yerdə içək.

 

***

 

Bu vaxt dükana təxminən 60 yaşında bir qadın girir. Utanır nəsə soruşmağa. Vadid ərəbcə ona nəsə deyir, qadın ürəklənib əlini piştaxtaya uzadır. Sabun, makaron və peçenye götürüb gedir. Vadid isə əlindəki dəftərçəyə ərəbcə nələrisə yazır. Sən demə nisyə dəftəriymiş. Vadid deyir bir dəftər dolub. Bu, ikincidir.

-Haradasa 5-6 min dollarlıq mal götürüblər, yəqin qaytararlar.

Bunu deyib də gülür.

 

***

Vadidlə sağollaşıb Nizipə gedirik. Oradan Qaziantepə, daha sonra isə Kilisə gedəcəyik. O şəhərə ki, mərkəzindən bir neçə kilometr aralıda İŞİD-lə müxalif ordu arasında qanlı döyüşlər gedir...

 

(Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lent.az-ın birgə  “İŞİD həqiqətləri: reallıqlar, miflər” layihəsi çərçivəsində, Komitənin dəstəyi ilə hazırlanıb)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 355

Oxşar yazılar