"Azərbaycan ərazisində qripə görə vəziyyət stabildir, qrip infeksiyası hələ aşkarlanmayıb".
Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova Lent.az-a açıqlamasında deyib ki, oktyabr ayı ərzində 30-a yaxın şübhəli xəstədən laborator müayinə üçün yaxma nümunələr götürülüb: “ Əsasən yüksək hərarət, boğaz ağrısı, öskürək kimi simptomları olan xəstələrdən nümunələr götürülüb. Laborator tədqiqatlar zamanı qrip virusu aşkarlanmayıb”.
R.İsmayılova bildirib ki, ölkədə ağır gedişli kəskin respirator virus infeksiyalı, eyni zamanda qripə bənzər xəstələrin laborator müayinələri Taun Əleyhinə Stansiyanın laboratoriyasında aparılır: “Stansiyanın laboratoriyası tam iş vəziyyətinə gətirilib, bütün lazım olan test və digər ləvazimatlarla təchiz olunub, müayinələr aparılır”.
“Baxmayaraq ki, ölkədə qrip epidemiyası yaşanmır, səhiyyə naziri 6 oktyabr 2016-cı il tarixində respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı əmr imzalayıb. Bu əmrdə verilən tapşırıqların hamısı yerinə yetirilir”.
Yoluxucu xəstəliklərlə bağlı ölkə ərazisində azalma tendensiyasının müşahidə olunduğunu vurğulayan R.İsmayılova qeyd edib ki, respublikada xüsusi təhlükəli infeksiyalara görə vəziyyət stabildir və ciddi nəzarət altındadır.