“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən metorunun “28 may” stansiyası, eləcə də əks istiqamətdə hərəkət edən 1 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasında dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən ( BNA) Lent.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, “Koroğlu” NMM-dən Heydər Əliyev prospekti ilə şəhər istiqamətində hərəkət edən avtobuslar “Azərsu” ASC-nin yeni tikilən inzibati binasının qarşısından Ələsgər Qayıbov küçəsinə dönəcək. Daha sonra avtobuslar Ələsgər Qayıbov küçəsi 10 ünvanında yerləşən iş mərkəzinin qarşısındakı geri dönmədən əks istiqamətdə qayıdaraq Heydər Əliyev prospekti ilə əvvəlki xətt üzrə hərəkət edəcək.
BNA-nın qərarına əsasən, 1 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar fevralın 12-dən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.
Bildirək ki, dəyişikliyin edilməsində məqsəd, həmin ərazidə yaşayan sakinlərin, həmçinin, Ələsgər Qayıbov küçəsində yerləşən dövlət və özəl qurumların əməkdaşlarının şəhər mərkəzinə rahat gedişini təmin etməkdir.
Məlumat üçün deyək ki, Ələsgər Qayıbov küçəsində və ona yaxın ərazidə yaşayış və iş yerlərinin olmasına baxmayaraq, ərazidən hər hansı bir marşrut xətti keçmirdi. Qeyd edək ki, bu dəyişikliyin avtobuslararası intervala təsirinin qarşısını almaq məqsədi ilə daşıyıcı tərəfindən xəttə buraxılan nəqliyyat vasitələrinin sayı artırılacaq.