Sovet Ordusunun ən bərbad marşalı:  Stalinin sevimlisindən düşməninə çevrilən Kulikinin ACI SONLUĞU
19 may 2022 20:15 (UTC +04:00)

Sovet Ordusunun ən bərbad marşalı: Stalinin sevimlisindən düşməninə çevrilən Kulikinin ACI SONLUĞU

İkinci Dünya Müharibəsində qalib gələn ölkələrdən biri Sovet İttifaqı idi. Amma bu qələbə ölkəyə böyük itkilər və dağıntılar hesabına başa gəldi. Rəsmi məlumatlar müharibədə Qırmızı Ordunun azı 9 milyon döyüşçüsünün həlak olduğunu yazır. Çoxsaylı itkilərdə yalnız müharibənin gözlənilməz başlanğıcı və Hitler Almaniyasının öz dövrü üçün SSRİ-dən hərbi və texnoloji üstünlüyü yox, həmçinin, bəzi sovet generallarının yol verdiyi ciddi taktiki səhvlər, uğursuz hücum planları da əsas verirdi.

Lent.az bu dəfə birmənalı olaraq Sovet İttifaqının ən uğursuz marşalı, şəxsi və professional keyfiyyətlərinə görə həmişə tənqidlə xatırlanan marşal Qriqori Kulikin taleyini yada salacaq.

Qriqori Kulik 1890-cı il noyabrın 9-da Rusiya İmperiyasının Poltava Quberniyasının Dudnikovo xutorunda anadan olub. 7 övladın balacası olan Kulik 4 illik məktəbi bitirir. 1912-ci ildə o, əsgərliyə çağırılır və ibtidai təhsilinin olması səbəbi ilə artilleriya qüvvələrində feyerveyker (ind. çavuş) vəzifəsinə yüksəlir. 1914-cü ildə Birinci Dünya Müharibəsinin başlaması ilə o, Polşa ərazisində döyüşlərə cəlb olunur.

1915-ci ilin aprelində Almaniya Ordusu ilə döyüşdə piyada qüvvələrinə ciddi artilleriya dəstəyi verdiyi üçün Kulik 4-cü dərəcəli Georgi Xaçı ordeni ilə təltif olunur.

1917-ci ilin fevralında monarxiyanın devrilməsi ilə nəticələnən inqilab Kulikin həyatında da önəmli rol oynayır.

Ordunun bütün bölmələrində sürətlə yaradılan Əsgər Komitələri Kulikin sıravi artilleriyaçıdan ali hərbi postlara yüksəlməsinə yol açır.

Oktyabr çevrilişindən az əvvəl bolşeviklərin sırasına qoşulan Kulik 1917-ci ilin yayında Ordunun faktiki olaraq dağılması fonunda doğulduğu Poltavaya qayıdır və yerli bolşeviklərdən könüllü hərbi dəstə yaradır.

Həmin dəstə ilə Ukraynanın müstəqilliyi uğrunda vuruşanlara və Almaniyaya qarşı döyüşən Kulik 1918-ci ilin aprelində Stalinin ən yaxın dostlarından sayılan Klim Voroşilovun başçılıq etdiyi 5-ci Ukrayna Ordusunun tərkibinə qatılır. Tsaritsına şəhərinin (ind. Samara) müdafiəsində ağqvardiyaçılarla döyüşdə artilleriyadan uğurla istifadə etdiyi üçün partiya rəhbərliyi, xüsusən hərbi əməliyyatların bu istiqamətinə rəhbərlik edən İosif Stalin tərəfindən yüksək dəyərləndirilir. Məhz Stalinlə dostluq Qriqori Kulikin gələcək karyera irəliləyişinin əsasını qoyur. Müasirləri Kulikin şəxsi cəsarətinin olmasına rəğmən onun yalnız alay komandiri səviyyəsində rəhbərlik qabiliyyətinin olmasına diqqət çəkir, təşkilatçılıq və artilleriya elmini dərindən bilməməkdə ittiham edirdilər.

Vətəndaş Müharibəsini 1-ci Atlı ordusunun artilleriya komandiri kimi tamamlayan Kulik sonrakı illərdə Şimali Qafqaz Hərbi Dairəsinin artilleriya rəisi, 1926-cı ildə isə Qırmızı Ordunun Baş artilleriya idarəsinin rəisi təyinatı alır. Kulikin karyerası və rütbə yüksəlişi bununla da bitmir. 1935-ci ildə o, korpus komandiri, 1936-cı ildə isə İspaniyada davam edən vətəndaş müharibəsində Sovet İttifaqının hərbi məsləhətçisi kimi respublikaçılara dəstək verməyə göndərilir. Lakin general Frankonun qüvvələri ilə döyüşdə fərqlənə bilməyən Kulik 1937-ci ildə İspaniyadan geri çağırılır və əvvəlki postuna qaytarılır.

1939-cu ildə Stalin sevimlisini xalq müdafiə komissarının birinci müavini təyin edir.

Həmin il Yaponiya Ordusu Monqolustan ərazisinə daxil olur və Xalxin-Qol çayı sahilində müttəfiq sovet-monqol qüvvələri ilə döyüşə daxil olur. Kulik Moskvanın kuratoru kimi bölgədə Sovet Ordusuna başçılıq edən diviziya komandiri Georgi Jukovun fəaliyyətini təftiş etməyə göndərilir. Tərəflər arasında dərhal fikir ayrılığı ortaya çıxır və Stalin Jukovun tərəfini saxlayaraq Kuliki Moskvaya geri çağırır. Kremldə nüfuzu zəifləyən və rəhbərliyin inamını itirməyə başlasa da, artilleriya generalı özünü göstərmək üçün yeni fürsət düşür.  

1939-cu ilin noyabrında başlayan Sovet İttifaqı-Finlandiya Müharibəsi zamanı Kulik çoxsaylı artilleriya qüvvələrini ayrı-ayrı müdafiə sədlərinin yarılmasına, möhkəmləndirilmiş döyüş mövqelərinin ələ keçirilməsinə cəlb edə bilir. Buna görə də 1940-cı il martın 21-də SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Sovet İttifaqı Qəhrəmanı fəxri adı və Lenin Ordeni verilir.

Həmin ilin mayın 7-də isə ona Sovet Ordusunun marşalı adı verilir.

Bu anda kasıb kəndli ailəsində andan olan, cəmi 4 sinif ibtidai təhsili olan, çavuş rütbəsində orduda xidmətə başlayan 51 yaşlı Kulik özünü karyerasının zirvəsində hiss edir və Stalinin ona etimadının sona qədər yüksək səviyyədə qalacağını düşünürdü.

Amma qarşıdan onu tarixin qəhrəmanından antiqəhrəmanına çevirəcək müharibə başladı. 1941-ci il iyunun 22-ü səhər saat 04:00 radələrində Almaniya Sovet İttifaqına gözlənilmədən hücum edir. Həmin gün SSRİ lideri İosif Stalin xalq müdafiə komissarının artilleriya üzrə müavini, Sovet İttifaqı Qəhrəmanı, marşal Qriqori Kuliki hərbi əməliyyatların gedişinə nəzarət etmək üçün Qərb Cəbhəsinə göndərir.

Almanlara qarşı vuruşan 3-cü və 10-cu orduların fəaliyyətinə nəzaərət etməli və əks-hücum təşkil etməli olan Kulik iyunun sonlarında itkin düşür və 2 həftə ərzində Sovet Ordusunun marşalı barədə heç bir xəbər olmur.

İyulun ortalarında Moskvaya qayıdan Kulik mühasirəyə düşdüyünü və kəndli forması geyinərək mühasirədən çıxmağa müvəffəq olduğunu deyir.

Yüksək Komandanlıq qarşısında etimadını itirdiyi üçün onu vəzifəsini kiçiltməklə, 54-cü ordusunun komandanı təyin edirlər.

1941-c ilin avqust-sentyabr aylarında Leninqrad cəbhəsində 54-cü ordunun komandanı kimi də Kulik uğursuzluğa düçar olur. Onu cavabdehlik daşıdığı istiqamətdə almanlar Ladoqa gölünə çıxa bilir və Leninqradı tam mühasirəyə alır. Kulik bu istiqamətdə vaxtı ilə Xalxin-Qol çayındakı döyüşləri zamanı fakir ayrılığı yaşadığı, Leninqrad Cəbhəsinin ümumi komandanı Georgi Jukovla da üzləşməli olur. Tərəflər bu dəfə də dil tapmır və Jukov həmkarını artilleriya bölmələrini doğru təşkil etməməkdə, idarəetməni itirməkdə və yersiz itkilər verməkdə ittiham edir.

Stalinin qərarı ilə uğursuz marşal bu dəfə kritik durumun yarandığı Krım istiqamətinə göndərilir.

Ukraynada sürətlə irəliləyən Vermaxt Xerson vilayətini nəzarətə alaraq Perekop keçidindən Krım yarımadasına daxil olmağa çalışıdrılar. Buradakı sovet qüvvələri isə intizamsızlıqdan əziyyət çəkir, idarəetmə böhranı yaşayırdı.

Stalin marşal Kulikin Krımın və xüsusilə, Kerç şəhərinin müdafiəsini təşkil edəcəyinə, vəziyyəti nizamlayacağını gözləyirdi.

Ama məhz bu məqamda marşal Kulikin qeyri-professionallığı və intizamsızlığı özünü kəskin biruzə verir.

Onun gəlişi Krımın müdafiəçiləri arasında panikanı daha da artırır. Belə ki, hərbi əməliyyatlara rəhbərlik etmək, müdafiəni doğru təşkil etmək və orduda intizam yaratmaq yerinə Qriqori Kulik günlərini içki içmək və eyş-işrətlə məşğul olmağa sərf edir.

O, noyabrın 12-də Kerç şəhərinə gəlir və artıq noyabrın 16-da hərbçilərin və hərbi texnikanın Taman yarımadasına təxliyəsi barədə göstəriş verərək şəhəri təslim edir. Komandanlığın göstərişi olmadan bu addımı atan Kulik növbəti gün Rostov-na-Donu şəhərinə gəlir və 1 gün sonra alman ordusunun şəhərə daxil olması ilə burdan da qaçmalı olur.

Hərbi əməliyyatlar meydanındakı bu uğursuzluqlar Kreml rəhbərliyini Kulkin fəaliyyətini və verdiyi qərarları incələmə sövq edir. Stalinin göstərişi ilə başlayan araşdırmalar onun yol verdiyi bir çox qanunsuzluqları üzə çıxır.

SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin iclasında “həmişə içki halda olan Kulkin yüz minlərlə rubl vəsaiti xərcləyərək dövlət əmlakını qəsb etdiyi üzə çıxıb. Vəsaitin çox hissəsi içki məclisi və ziyafətlərə sərf olunub ”, - deyə marşalın ünvanına ittiham səslənir.

Bundan başqa, Kulikin Sverdlovskda olan ailəsinə təyyarələrlə meyvə, un, yağ, kürü, konyak və s. aztapılan məhsullar göndərməsi, cəbhədə hər gün təzə ət yemək və süd içmək üçün hərbi nəqliyyat gəmilərindən birini yalnız bunun üçün istifadəyə etməyə göstəriş veribmiş.

İttihamlara rəğmən, marşal özünə haqq qazandırırdı. “Kerçi qorumaq üçün qüvvəm yox idi. Ordu “banda”ya çevrilmişdi. İçki içir, qadınlara təcavüz edirdilər. Bəyəm belə ordu ilə Kerçi saxlaya bilərdim? Mən gec gəlmişdim, vəziyyəti xilas etmək mümkün deyildi”, - o ifadəsində deyirdi.

Toplanmış faktlar əsasında, 1942-ci il fevralın 16-da SSRİ Ali Məhkəməsi Kuliki Marşal və Sovet İttifaqı Qəhrəmanı adından, bütün döyüş ordenlərindən məhrum edir.

Bundan 3 gün sonra o, Kommunist Partiyasının Mərkəzi Komitəsinə üzvlükdən və xalq müdafiə komissarının müavini postundan çıxarılır.

Bu ağır ittihamlar və bütün şəxsi heyət qarşısında rüsvay edildikdən sonra Qriqori Kuliki həmin dövr üçün standart olan güllələnmə gözləsə də, Stalin bu dəfə də ona ikinci şans verir. O, marşal rütbəsindən general-mayor rütbəsinə qədər endirilir və xalq müdafiə kommisarlığının ehtiyatına göndərilir. 1943-cü ilin aprelində yenidən general leytenant rütbəsinə yüksəldilən Kulik Belqorod-Xarkov strateji hücum əməliyyatında 4-cü ordunun komandanı kimi iştirak edir. Amma onun idarəetmə üslubu bu dəfə də həmkarları tərəfindən ciddi tənqidlərlə qarşılanır. Kulik 1944-cü ilin yanvarında Qırmızı Ordunun maddi təchizat idarəsinin rəis müavini təyin edilir.

Amma yeni postda da Kulik ciddi nöqsanları və korrupsiyaya qurşanması ilə yadda qalır. İdarə rəisi Smorodinov xalq müdafiə komissarı Nikolay Bulqaninə göndərdiyi məktubunda müavini Kulkin cinayət əməlləri barədə bunları yazır:

“Hamıya məlumdur ki, sentyabr-noyabr aylarında Kulik cəbhədən özünə 5 minik avtomobili, 2 cins inək gətirib, Qırmızı Ordunun əsgərlərini Moskva yaxınlığındakı malikanəsinin tikintisində istifadə edib. Qırmızı Ordunun Baş prokuroru isə 1944-cü ilin avqustunda Kulikin Krımın Koreize qəsəbəsində ödəniş etmədən içi mebel və əşyalarla dolu malikanəni zəbt etdiyini bildirib”, - o yazıb.

1945-ci il aprelin 12-də işdə yol verdiyi səhlənkarlıqlara görə, Qriqori Kulik işdən azad edilir. Həmin ilin iyulunda isə müharibə iştirakçıları mükafatlandırılarkən Kulik yenidən general mayor rütbəsinə endirilir.

Xaraktercə şöhrətpərəst və təkəbbürlü olan Kulik postda olduğu dövrdə öz dostları ilə baş tutan içki məclislərində Sovet İttifaqının rəhbərliyi, o cümlədən İosif Stalin haqqında tənqidi fikirlər səsləndirməyə, haqsız olaraq marşal rütbəsindən və ordenlərdən məhrum edilməsindən gileylənməyə başlayır.

1947-ci il yanvarın 11-də istefada olan Kulik və onunla içki məclislərində aktiv iştirak edən Sovet İttifaqı Qəhrəmanı, Volqaboyu Hərbi Dairəsinin keçmiş komandanı, general-polkovnik Vasiliy Qordov və həmin Hərbi Dairəsinn keçmiş Baş Qərargah rəisi general-mayor Filip Rıbalçenko həbs edilir.

Onların içki məclisindəki söhbətlərini istintaq orqanları “Sovet İttifaqını devirmək və ölkədə kapitalizmi bərpa etmək” barədə plana çevirərək, onların əməllərini ağırlaşdırır.

1950-ci il avqustun 23-də Qriqori Kulik SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən ölüm hökmünə məhkum olunur və növbəti gün güllələnir.

Onunla birlikdə içki yoldaşları Qordov və Rıbalçenko da edam olunur.

1957-ci il sentyabrın 28-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti Qriqori Kuliki ölümüdən sonra Sovet İttifaqının Marşalı, Sovet İttifaqı Qəhrəmanı və digər fəxri ad və rütbələrdə bərpa etdi.

Amma ölümündən sonra verilən bu qərara baxmayaraq Qriqori Kulik tutduğu vəzifə ilə bilikləri arasında ciddi uçurum olan, yalnız Stalinin şəxsi rəğbəti əsasında yüksək postlara təyin olunan, üzərinə qoyulan böyük məsuliyyəti doğrulda bilməyən ən uğursuz sovet generallarından biri kimi tarixə düşüb.

# 10308
avatar

Vüqar İsmayılov

Oxşar yazılar