Məzahir Süleymanzadə
11 may 2022 19:09 (UTC +04:00)

Məzahir Süleymanzadə

Şamaxının ulduzlu gecələrini verin ona: Və ya "Səhər" bir də açılmayacaq... - ONU TANI

Azərbaycan mediası bu səhəri çox pis xəbərlə açdı. Jurnalist, yaşasaydı bu il 70 illik yubileyini qeyd edəcək Məzahir Süleymanzadə haqq dünyasına qovuşdu. 

Məzahir müəllim adını Azərbaycan mətbuat tarixinə yazdırmış şəxsdir. Bir “Səhər” qəzeti bəs edər məncə. 

Məzahir müəllim təpədən-dırnağa qəzetçi idi. Müsahibələrinin birində deyirdi: 

“Anam Umleyla Nəcəfqulu qızı Şamaxının ilk oxumuş qadınlarından idi. Hələ üç yaşım olanda mənə oxumağı və yazmağı öyrətmişdi. Hər gün poçtalyon evimizə bir qucaq qəzet gətirərdi. Mən də qəzetlərin üzərinə üz üstdə uzanıb onların adını kağıza köçürərdim. İlk dəfə yazdığım söz isə “Kommunist” olub. Təbii ki, mən bu ifadənin mənasını anlamırdım. Amma taleyin hökmünə bax ki, böyüyüb bu qəzetin tarixi ərzində ən gənc redaktor müavini oldum”. 

Hə, maraqlı taledi. Tale isə onu qədim Şamaxıdan Bakıya gətirib çıxarmışdı. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirəndən sonra.

Daha sonra Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakültəsini bitirmişdi.  1974-1979-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdı. Onun müəllimləri arasında kimlər olmayıb? Mircəlal Paşayev, Nəsir İmanquliyev, Nəriman Zeynalov, Qulu Xəlilov, Famil Mehdi, Əzizə Cəfərzadə, Şamil Qurbanov, Şirməmməd Hüseynov, Tofiq Rüstəmov, Yalçın Əlizadə, Nəsir Əhmədli, Akif Rüstəmov, Mahmud Mahmudov… 

Müxtəlif illərdə “Leninskoe znamya”, “Krasnaya zvezda”, “İdman” qəzetlərində  çalışmışdı. Lap sonralar “Kommunist” qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutmuşdu. 1989-cu ildə isə müstəqil Azərbaycan mətbuatının ilklərindən sayılan “Səhər” qəzetini təsis etmişdi. Hə, o əfsanəvi “Səhər”i. 

Məzahir müəllim danışırdı ki, kommunist sözündən fərqli mövqeyi olan bir mətbuat orqanı haqqında düşünürmüş. Amma o zaman yeni qəzet təsis etmək mümkün deyildi. Bundan ötrü birbaşa Sov.İKP MK- nın razılığı tələb olunurdu. Cəmil Əlibəyovun baş redaktorluğu dönəmində isə ümid yarandı. 

“1989 - cu ilin aprelində Cəmil Əlibəyovla ciddi söhbətimiz oldu. O, Mərkəzi Komitəyə məktub göndərdi ki, həftədə bir dəfə “Kommunist”in 6 səhifə çıxmasına icazə verilsin, bu məqsədlə müvafiq kağız ehtiyatı ayrılsın. Məktuba elə həmin ay müsbət cavab verdilər və “Səhər”in doğulması üçün işıq ucu göründü”.
Həmin il avqustun 4-də qəzetin ilk nömrəsi işıq üzü görür. Təsəvvür edin, həmin gün “Səhər”in çap olunan  bütün tirajı - 400 min nüsxə  günortaya kimi satılıb qurtarır.  Qəzetin 1990-cı ilin 20 Yanvar qırğınından dərhal sonra buraxılan nömrəsi isə mətbuat tariximizdə 2 milyon tirajla oxuculara çatdırılan yeganə nəşr kimi xatırlanır.  Xocalı soyqırımı haqqında əsl həqiqəti ictimaiyyətə çatdıran ilk qəzet də “Səhər” olur. 

Ustad müstəqillik dönəmlərində müxtəlif sahələrdə, o cümlədən futbolda da çalışdı. AFFA-nın ilk mətbuat xidmətinin rəhbəri kimi tarixə düşdü. Yeri gəlmişkən, bir zamanların “Səhər” kuboku da onun adıyla bağlıdı. 

Amma jurnalistikadan, sözdən bir anlıq da olsa ayrılmadı. Müsahibələrinin birində hətta yeni nəsil jurnalistlərindən umu-küsünü belə gizlətməmişdi. Və haqlıydı da.


“O dövrün jurnalistləri istedadlı və məsuliyyətli idilər, öz imzaları ilə tanınırdılar, ictimai fikrə təsir edə bilirdilər. İndiki jurnalistlərin məsuliyyət hissi azdır, onlardan istedad da tələb olunmur. O vaxtın əsas jurnalistika janrları oçerk, felyeton və zarisovka idisə, indiki mətbuat yalnız xəbərdən, ayaqüstü müsahibədən və rəsmi arayışdan ibarətdir. Mən Dövlət İmtahan Mərkəzində keçirilən qabiliyyət imtahanlarında da ekspert kimi iştirak edirəm. Gələnlərin çox böyük əksəriyyəti qızdır, hamısı da televiziya aparıcısı olmaq istəyir. Belə tələbələrə heç məsləhət, tövsiyə vermək də olmur”.

Üç il əvvəl həyat yoldaşı Gülnarə xanımı itirmişdi. Çox pis təsir etmişdi bu ölüm ona. Mən dostumuz, Məzahirin müəllimin qardaşı Tahir bəydən soruşa bilmədim ölüm səbəbini. Bəlkə də bu itkinin qüssəsi də az rol oynamamışdı. 

Bəlkə də az adam bilir ki, Məzahir müəllim həm də gözəl şeirlər müəllifidir. 
Şamaxılıdır axı? Hə, Şamaxı, gözəl Şamaxı…

Belə yazmışdı bir dəfə: 

Yazdım, dedim, doydum...
Əkdim, yedim, doydum... 
İndi heç nə istəmirəm, Şamaxının əyri - üyrü küçələrini, 
Ulduzlu gecələrini verin mənə. 
Həyətimizdəki qırmızı toyuğun, 
Sapsarı cücələrini verin mənə... 
Xatirəmdə nə qalıbsa, 
Çoxunu siz götürün, 
Azını verin mənə... Səhvimi düzəltməkçün, 
Deyingən qonşumuzun, 
Qızını verin mənə... 

Əlvida Şamaxı, əlvida USTAD!!!

# 5139
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar