Bura Afrikanın suya həsrət qalan yerlərindən biri deyil. Heç Azərbaycanın ucqarındakı kənd də deyil. Bura təəssüf ki, gündən-günə gözəlləşən paytaxt Bakımızın bir qəsəbəsidir.
Bəli, 21-ci əsrdə yaşayırıq, amma uzun illərdir bu qəsəbənin sakinləri suya həsrətdirlər. Təsəvvür edin, sakinlər 20 litrlik su qablarına, içməli su daşıyan “ZİL”lərə möhtacdılar.
Binədə su daşıyan "ZİL"
Söhbət paytaxtın Xəzər rayonu Binə qəsəbəsi südçülük sovxozu adlanan yerdən gedir. Qəsəbənin bir hissəsinin, daha dəqiq desək, mərkəzi Əli İsazadə küçəsinin ətrafı içməli su ilə təmin olunsa da, əsas yoldan bir az aralıda yerləşən yaşayış yerlərində su yoxdur. Suyu bu əraziyə yarımçıq veriblər desək, yanılmırıq.
Binə qəsəbəsi
Əvvəlcə onu qeyd edək ki, qəsəbədə məskunlaşma hər il daha da artır. Demək olar ki, əksər evlərin həyətində su quyuları qazılıb. Susuzlar suya olan tələbatı həmin quyular vasitəsilə təmin etməyə çalışırlar. Amma bu su yararsızdır. Hətta ondan məişətdə istifadə etməyin ağır nəticələri ola bilər. Sakinlərin sözlərinə görə, quyudan çıxan duzlu su insan bədənində sonradan qaşınmalara, dəri xəstəliklərinə gətirib çıxarır. Daha pis tərəfi odur ki, indi artıq əksər həyətlərdə həmin quyular da quruyub.
Su quyusu
Binədə quyu suyu vurulan şəhid bulağı
Yayda isə həyəti sulamağa belə su tapılmır. Çünki hətta ucqar dağ kəndlərinə belə çəkilən içməli su paytaxtımızın Binə qəsəbəsinə gəlib çıxmayıb. Buna görə də, yerli sakinlərin öz dili ilə “Kanal üstü”, “Parniklər”, “Pekarnı” adlandırdıqları ərazilərdə yaşıllıq görmək mümkün deyil. Buralarda hər yer quraqlıq, hər yer susuzluqdan əziyyət çəkirmiş kimi görünür. Faciəli bir nüansı da diqqətinizə çatdırım. Görmüşük ki, şəhid bulaqlarına içməli su çəkilər. Amma və lakin Binə “sovxoz”unda belə deyil. İçməli su xətti çəkilmədiyi üçün hətta Vətən müharibəsi şəhidimizin də adına tikilən bulaq da quyu suyu ilə təchiz olunub. Daha doğrusu şəhid bulağı tikmək istəyən adamın məcburiyyətdən quyu suyuna gücü çatıb.
Binədə quyu suyu vurulan şəhid bulağı
İndi su daşıyan “ZİL”lər içməli suyun bir tonunu 8 manatdan satırlar. Bir ton da yalnız bir həftəlik su tələbatını ödəməyə güclə çatır.
Maraq üçün internetdə araşdırma apardım. Axtarış yerinə “Binə Sovxoz, su” yazan kimi illər əvvəl bu ərazinin su problemi ilə bağlı yazılarla qarşılaşdım. Bəli, illərdir qəsəbənin həyat mənbəyi olan su problemi həllini tapmır.
Binədə su daşıyan "ZİL"
Dəfələrlə sakinlər toplu şəkildə rayon su idarəsinə də, baş idarəyə də üz tutublar. Amma hələ də nə içməli sudan, nə də suyun çəkilməsindən bir xəbər yoxdur.
Sanki qəsəbədə bir "Göygöz Kosa" peyda olub, su tapılmır ki, tapılmır. Bu problemin üstündən yalnız "Azərsu" xətt çəkə bilər! O da su xətti çəkməklə…
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Lent.az-a bildirib ki, 2013-cü ildən bəri Binə qəsəbəsində içməli suyun təminatı mərhələli şəkildə həyata keçirilir:
“2013-cü ilədək Binə qəsəbəsində mərkəzləşmiş su şəbəkəsi olmayıb. Ceyranbatan su anbarından Zirəyə su xətti çəkilərkən Binəyə də magistral su xətti çəkilib. Həmin ildən bəri demək olar hər il qəsəbədə mərkəzləşmiş su şəbəkəsinin çəkilməsi üçün müəyyən işlər görülür. Hazırda qəsəbədə təxminən 10 min, bəlkə də çox abonentimiz var. İndi Binədə əhalinin 30 faizi içməli su ilə təmin olunub. Yerdə qalan 70 faizi isə suya olan təminatını ya fərdi maşınlarla, ya da quyu suları ilə ödəməyə çalışırlar. Amma baş plana əsasən, dövlət tərəfindən ayrılan investisiyalara uyğun olaraq, qəsəbə tamamilə içməli su ilə təmin olunacaq. Ancaq bunun üçün konkret vaxt demək doğru deyil. Çünki bu maliyyədən və dövlət tərəfindən ayrılan investisiyadan asılıdır”.
Binədə susuz qalan məhəllə
Binədə susuz qalan məhəllə