“Qoy elə, Mark məni izləsin”, “Adamın ürəyini oxuyurlar, nəinki “WhatsApp”-ını” – SORĞU
15 yanvar 2021 14:03 (UTC +04:00)

“Qoy elə, Mark məni izləsin”, “Adamın ürəyini oxuyurlar, nəinki “WhatsApp”-ını” – SORĞU

“WhatsApp”-ın gizlilik siyasətindəki dəyişikliyi nəticəsində bir çox istifadəçilər qısa zamanda digər platformaların abunəçisi oldu. Sosial mediada bu məsələ geniş müzakirə olundu.

Lent.az bununla bağlı ölkənin tanınmış ictimai xadim və sənət nümayəndələri arasında sorğu keçirib.

Sorğu iştirakçıları “WhatsApp” qalmaqalı yaranandan sonra hansı platformalar yüklədiniz və informasiya təhlükəsizliyiniz necə təmin edirsiniz?" sualına cavab verir:

“525”-ci qəzetin baş redaktoru Rəşad Məcid:

- Bu qalmaqal yaranandan sonra heç bir addım atmadım. “WhatsApp” bu gün ən operativ və çevik informasiya-kommunikasiya vaistəsidir. “Facebook”, “İnstagram” da istifadə edirəm. Pandemiya zamanı “WhatsApp”-ın səsli mesajları, qrupları ilə bütün redaksiya işimizi həll edirik. Planlaşmanı, tapşırıqları oradan veririk. Yəni, bu mənada “WhatsApp”-a etibarım çoxdu. Elə bilirəm hamısından yaxşıdı. Məsələn, Vətən müharibəsi dövründə “Telegram” da abunə olmuşdum. Amma alışa bilmədim. Müharibədən sonra “Telegram”-ı sildim. Orada idarəedicilərin diqqtəsi daha çox hiss olunur. “Twitter”- dən siyasətçilər daha çox istifadə edir. Orada siyasi paylaşımlar olur.

Mən ən çox “Facebook” və “WhatsApp”-a üstünlük verirəm. Heç bir platformaya dəyişmək fikrim yoxdu. Çünki orada qeyri-adi, kiməsə məlum olmayan sirlər paylaşmırıq. Bu baxımdan silmədim. “Messenger”-də də işlə bağlı yazışmalar var. “Facebook”dakı paylaşımları ictimai yer kimi qəbul edirəm. Ümumiyyətlə, bizim sirrimiz yoxdur. Ona görə də qorxacağımız heç nə də yoxdur.

Yazıçı Aqşin Yenisey:

-Sosial platformalardan yalnız "Facebook" istifadəçisiyəm. Ona görə digər şəbəkələrdə nə baş verdiyindən, demək olar ki, xəbərim yoxdur.

Bu vaxta qədər xüsusi olaraq heç bir informasiya təhlükəsizliyi tədbiri görməmişəm. Hətta sirr kimi qorunmasını düşündüyüm hansısa bir gizlinim üzə çıxacaqsa da əminəm ki, özümdən başqa kimsəyə zərəri dəyməyəcək. Odur ki, özümü bir də informasiya əsrinin girovuna çevirmək fikrim yoxdu.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:

- “WhatsApp”-dan istifadə etməkdə davam edirəm. Çünki şəxsi, yaxud işgüzar yazışmalarımın kimlər üçünsə maraqlı olacağını düşünmürəm. Məxfi məlumatlarla işləmədiyimdən adi, sıradan bir yazışmaların üçüncü tərəfə ötürüləcəyindən də narahat deyiləm.

Elektron poçt, sosial şəbəkələr və digər resurslardakı ünvan və hesablarımda daha mürəkkəb parollardan və digər təhlükəsizlik mexanizmlərindən istifadə edirəm. Çalışıram ki, lisenziyasız proqramlardan istifadə etməyim. Şübhəli resurslara daxil olmuram. Yüksək təhlükəsizlik standartlarına cavab verən antivirus və internet təhlükəsizliyi proqramlarından istifadə edirəm.

Müğənni, bəstəkar Elza Seyidcahan:

- Lazım olanda “WhatsApp”-dan istifadə edirəm. “Telegram” da istifadə etdiyim platformadı. Mənim üçün “WhatsApp” ekonomik bir vaistədi. Yəni, telefonla kiməsə zəng edəndə, kontur yükləməli olursan. Amma internet elədir ki, bir ay ödəyib, bir ay da istifadə edirsən. Ona görə “WhatsApp”-dan istifadə edirəm. Bəzi məlumatları isə “Telegram”-a da yükləyirəm.

Elə bir məxfi məlumatım, xəbərim yoxdu. Bəzi insanlar iz azdırmaq üçün tez-tez telefon nömrələrini dəyişirlər, nömrələrini kiməsə verməkdən ehtiyat edirlər. Hər zaman demişəm ki, mənim telefonum hamıda ola bilər. Mən bəstəkar xanımam. “WhatsApp” da mənim musiqilərim, işlərim, yaradıcılığım var. Mənim üçün daha da xoş olar ki, Mark məni izləsin. Bu mənim iş prossesimin uğuru deməkdi və gözəl göstərici olar.

Jurnalist, yazıçı, Mirmehdi Ağaoğlu:

- “WhatsApp” qalmaqalına diqqət etmədim. Mənim üçün çox əhəmiyyətsiz göründü. Fikrimcə, hara yazılmasından asılı olmayaraq nə yazılıbsa, o da qalır. Üçüncü bir şəxs onu istəsə tapacaq. Bu qalmaqal mənə M. A. Bulqakovun “Master və Marqarita” əsərindən məşhur bir fikri xatırlatdı: “Əlyazmalar yanmır.”

Fikrimcə, XXI əsrdə elektron vasitələrdə yazılan, aparılan qeydlər itmir. Sadəcə axtarıb tapan yoxdu. Bütün məlumatlar yaddaşa, böyük “data”ya yüklənir. Mən kim üçünsə əhəmiyyətliyəmsə, onu axtarıb tapa bilər. Əlbəttə, bizə mesajlaşmanın təhlükəsizliyini qoruyacağına söz verən şirkətlər var ki, bunu deyib, etmirlər. Biz onların dürüstlüyünə inana bilmərik. Buna baxmayaraq, mən çox rahatam və “WhatsApp” -ı silmədim. Sadəcə xoşagəlməz nələrinsə, kiçik müdaxilələrin qarşısnı almaq üçün hər kəs kimi telefonuma, işlətdiyim soial media hesablarıma parol qoymuşam. Düşünürəm ki, bu şeylərdən narahat olmağa dəyməz. Rahat olub, həyatımıza davam etməliyik.

Əlavə heç bir platforma yükləməmişəm. Son aylarda, müharibə zamanı rus və erməni blogerlərini izləmək üçün “Telegram” yükləmişdim. Amma məni qane etmədi. Rusdilli mətbuat daha çox “Telegram”da təmərküzləşib deyə, hələ də istifadə edirəm. O da danışıq üçün yox, sırf informasiya əldə edə bilmək üçün.

Yazıçı Kəramət Böyükçöl:

- Bu mövzuda danışacaq sözüm yoxdur. “WhatsApp”-ım da, “Messenger”-im də həmişə açıq olub. İctimailəşəcəyindən, yayılacağından narahat olduğum gizli bir məsələm yoxdur deyə, fikir bildirə bilmirəm. İndi elə bir zamandır ki, adamın ürəyini oxuyurlar, nəinki “WhatsApp”-ını.

Media eksperti Turan İbrahimov:

- “WhatsApp” bağlı mövzu gündəmə gələndən məsələyə ciddi reaksiya vermədim. Çünki həyat tərzi və daşıdıqları informasiyanın xüsusi önəmi olmayan insanların bu mövzuda narahatçılığı mənə hətta gülməli gəldi. Özümü orta statistik bir vətəndaş hesab edirəm. İstər mənim danışıqlarım, “WhatsApp” üzərindən paylaşımların xüsusi bir informasiya əhəmiyyətli olduğunu düşünmürəm. Müəyyən bir səviyyə var ki, ondan yuxarı şəxslər və şirkətlər üçün ola bilər ki, hansısa formada belə narahatçılıq yaransın. Bu qalmaqalla bir çoxlarının həyat tərzində özlərini narahat edəcək məqamlar da ortaya çıxdı. Düşünün, evdar qadın, hansısa adi bir işdə işləyən kişi niyə narahat olsun ki? Burada ağıla çoxlu fikirlər, suallar gəlir.

Ağıllı əşyalar, cihazlar var ki, onlar həyatımıza daxil olduğu andan bizim təhlükəsizlik məsələmiz gündəmdən düşüb. Yəni bizlə bağlı hansısa məlumatı əldə etmək istəyirlərsə, bu mümkün olacaq. Bunun qarşısını almaq üçün ya kripto cihazlardan istifadə etməliyik, ya da ənənəvi cihazlara qayıtmalıyıq. Evimizdə belə ağıllı televizordan istifadə edirik. Onun vaistəsilə də bizimlə bağlı hansısa məlumatı əldə eləmək mümükündür.

Mən bütün cihazlardan istifadə edirəm. Data məlumatlardan söhbət gedirsə, xüsusi bir narahatçılığım yoxdur. Konkret marketinq, komerssiya məlumatlar üçün istifadə olunmasını isə orta statistik vətəndaşlar üçün təhlükəli hesab etmirəm. Dünya bazar iqtisadiyyatı üzərində qurulubsa, onsuzda bu tip araşdırmalar əvvəllər də başqa şəkildə aparılıb. Burada xüsusi narahatçılıq kəsb edəcək məqam yoxdur.

Müğənni, bəstəkar Murad Arif:

- “WhatsApp” qalmaqalı ilə bağlı həyatımda heç nəyi dəyişməyəcəm. Qorxacaq bir yerim və məxfi yazışmam yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2811
avatar

Nigar Adil

Oxşar yazılar