“Hazırda vəziyyətim yaxşıdır. Ailəmə demək istəyirəm ki, hər şey qaydasındadır”.
Lent.az xəbər verir ki, bunu APA-nın Rusiya bürosuna Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşı Rəşad Mədətxanov bildirib.
Xəsarət alan digər həmyerlimiz Samid İbadlı onlara göstərilən xidmətin yüksək səviyyədə olduğunu bildirib: “Bizə yaxşı xidmət edirlər. Burada yaşayan azərbaycanlılar da bizə baş çəkir”.
Emin Valehov isə yaralı olsa da, özünü yaxşı hiss etdiyini bildirib: “Həmvətənlilərimiz bizi tək qoymur, maraqlanır, baş çəkirlər. Göstərilən xidmət də yaxşıdır”.
Digər yaralı Namiq Cəfərli də onlara olan diqqətə görə Azərbaycan dövlətinə, səfirliyə, diaspora təşəkkürlərini çatdırıb.
***
14:02
Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından ikisinin vəziyyəti orta ağır, ikisininki isə normaldır.
Lent.az xəbər verir ki, bunu APA-nın Rusiya bürosuna açıqlamasında Yeyskdəki Azərbaycan cəmiyyətinin sədri Fərhad Məmmədov bildirib. O, Yeysk Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə müalicə olunan həmyerlilərimizə baş çəkdiyini, onların müəyyən ehtiyaclarının qarşılandığını, sağlamlıq vəziyyətlərinin həkimlərin nəzarəti altında olduğunu söyləyib. Vurğulayıb ki, Azərbaycan vətəndaşları Rəşad Mədətxanov, Samid İbadlı, Emin Valehov və Namiq Cəfərli həkimlərin nəzarəti altındadır.
Yaralı Azərbaycan vətəndaşları da APA-nın Rusiya bürosuna açıqlamalarında vəziyyətlərinin normal olduğunu, xəstəxanada müalicələrinin davam etdiyini bildiriblər. Onlar Yeyskdəki Azərbaycan diasporu və Rusiyadakı Azərbaycan Səfirliyinin əməkdaşlarının onları ziyarət etdiyini, bütün ehtiyacları ilə maraqlandıqlarını qeyd ediblər.
Azərbaycan vətəndaşlarının gələn həftənin birinci günü xəstəxanadan buraxılacağı bildirilib. Lakin onların üstündə sənədlər olmadığına görə (PUA hücumu zamanı sənədlər gəmidə itib-red) xəstəxanadan buraxılmanın bir müddət uzanacağı bildirilib.
Qeyd olunub ki, Azərbaycan səfirliyi onların sənədlərinin təmin olunmasıı üzərində işləyir.