"Onun getdiyi yolda çoxlu ayılar olur" - İtən turisti son görən adam Lent.az-a danışdı
22 iyun 2022 12:53 (UTC +04:00)

"Onun getdiyi yolda çoxlu ayılar olur" - İtən turisti son görən adam Lent.az-a danışdı

“Çox güman ki o elə selə düşüb. Amma bir ehtimal da var ki, leysan gecə olub və o 3-4 saat ərzində Cara çatmalı idi. Onun yolu meşədən keçirdi. Orada isə çoxlu ayılar var.” 

Bunu Lent.az-a Zaqatala sakini Ramazan Epdeyev deyir.  

Ramazan Epdeyev

Ramazan Epdeyev 40 gün əvvəl Zaqatalada itkin düşən hindistanlı turist Manikanth Kondaveetinin son görən adamdı. 

O deyir ki, dağda bir gecə həmin turistlə birlikdə qalıb...

- Honzoqor yaylağından dünən düşmüşəm. İndi də axtarış gedir. Hələ ki tapılmayıb. İndi yenə axtarmaq üçün dağa qalxacağıq. Mən həmişə yaylaqda oluram. Hindistanlı turist may ayının 12-si axşam 6-7 arası yaylağa gəlib çatdı. Mən də həmin vaxt kartofun otunu yolurdum. Gördüm aşağıdan yuxarı bir nəfər gəlir. Elə bildim ki, bizim yerli adamlardandı. Sonra gördüm ki, yad adamdı. Gəldi yanımda dayandı. Ona salam verdim, başa düşmədi. Sonra o mənə “ya Hindistan, turist” dedi. Əyni-başı, ayaqları su idi. Görünür yol gələndə çayda batmışdı.
  
O istəmədi və biz yollarımızı ayırdıq...

- Mən iş görən vaxtı o dağların şəkillərini çəkirdi. Sonra mən onun üçün çay qoydum. Hiss etdim ki üşüyür, qara rəngli kurtkamı ona verdim. Özü də boz rəngdə jaket və kofta geyinmişdi. Ayağında da qara rəngli ayaqqabı var idi. Axşam onu yeməyə dəvət etdim. Toyuq əti qızartmışdım. İkimiz də birlikdə yemək yedik. O da mənə çantasından çıxarıb banan və alma təklif etdi, götürmədim. Gələndə belində boş bir çanta var idi. Gözündə də şəffaf eynəyi. Atasının dediyinə görə, həmin eynək olmayanda o, görə bilmir. Bir sözlə, hindistanlı turisti gecə orada qonaq etdim. O taxtadan olan komalardan birində yatdı. Səhər durub yemək yedi və mənim ona verdiyim kurtkanı qaytarıb, təşəkkür etdi. Və getməyə hazırlaşdı. Əl işarələri ilə dedim ki, hara gedirsən? O Car kəndinə gedən yolu göstərərək “Zaqatala, Zaqatala...” dedi. Mən ona israr etdim ki, gəl mənimlə gəldiyin yolla, yəni Qəbizdərə kəndinə qayıdaq. O istəmədi və biz yollarımızı ayırdıq.

Ramazan bəyin ehtimallarına görə, həmin turist ya selə düşüb, ya da onu ayılar yeyib...

- Belə başa düşdüm ki, o, Car istiqamətindən Zaqatalaya enmək niyyətində idi. Biz onunla qaldığımız gecə yaylağa yağış yağdı. Amma o gedən günün gecəsi güclü leysan tökdü. Çox güman ki o, elə selə də düşə bilərdi. Lakin bir ehtimal da var ki, leysan gecə olub, o, səhər çıxıb və 3-4 saata Cara çatmalı idi. Onun yolu meşədən keçirdi. Orada isə çoxlu ayılar var. Keçən il mənim özüm neçə dəfə orada ayı ilə rastlaşmışam. Dünən də dağda ayılar atlarıma hücum edib. Atlar səhərə qədər ürküblər. Bu il dağda ayılar ötən illərə nisbətən daha çoxdur. Onu da deyim ki, orada çoxlu kol-kos da var. Ola bilər ki, ayılardan qaçanda dərəyə düşə də bilər. Dağıstan istiqamətindəki sərhədləri də axtarmışıq, çobanları danışdırmışıq. Onlar da hindistanlı turisti görmədiklərini dedilər.

Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub. 29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət qruplar, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub.

# 24990
avatar

Aytəkin Cəlali

Oxşar yazılar