Ötən il “Media haqqında” yeni qanun qəbul olunandan sonra qanuna uyğun olaraq media subyektlərinin və jurnalistlərinin media reysterinə daxil edilməsi sistemi yaradıldı.
Son məlumata görə, artıq ölkədə fəaliyyət göstərən 160 media qurumu (qəzet, TV, platforma yayımçısı, agentlik, sayt) media reysterinə daxil edilib. Reysterə daxil edilənlər arasında müxtəlif məzmunlu, siyasi görüşlü media subyektləri və jurnalistlər var.
Ölkədə media orqanı təsis etmək üçün heç bir bürokratik əngəl və qadağa olmadığı üçün sayını bilmədiyimiz qədər sayt və youtube kanalları mövcuddur. Bunların əksəriyyəti dövrülüyü qorumur, bir çoxu sahəvi maraqları ifadə edir. Amma görünən odur ki, sayt yaratmış və ya sosial mediada kanalları olanların çoxu yaratdıqları şirkətlərin və ya fərdi sahibkarlıq subyektinin, ya da heç bir dövlət qeydiyyatı olmayan subyektin media reysterində olmasını, özlərinin də jurnalist kimi reysterə daxil edilmələrini istəyirlər. (çünki işlədiyi subyekt Media Reysterində olmayan jurnalist də reystərə daxil ola bilməyəcək. Qanunda belə yazılıb) Həqiqəti demək lazımdırsa, onların arasında uzun illər qəzet, TV və saytlardan tanıdığımız imzalar da var.
Bütün bu proqnozlar, hər gün açılan saytlar və kanallar isə media reysterinə daxil olmaq istəyənlərin sayının artacağını da deməyə imkan verir. Əlbəttə ki, müraciətlər olacaqsa, qeydiyyatla yanaşı, həm də imtinalar da mümkündür.
Media Reysterinə daxil edilməkdən hansı hallarda imtina olunur?
Media Reysterinə daxil olmaqla bağlı müraciətə hansı hallarda mənfi cavab veriləcəyi “Media haqqında” qanunda çox açıq şəkildə yazılıb.
Qanunun 74-cü maddəsi elə belə də adlanır: “Media reyterinə daxil olmaq üçün tələblər”.
Əvvəla, Media reysterinə daxil edilmək üçün müraciət edən subyektin təsisçisi fiziki şəxs olanda o, Azərbaycanda daimi yaşayan Azərbaycan vətəndaşı olmalıdır.
Media subyektinin rəhbəri ali təhsilli şəxs olmalıdır.
Media orqanının fəaliyyəti davamlı olmalıdır.
Reysterdə olan media qurumu digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.
Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.
Media subyekti hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmış olmalıdır.
Fiziki şəxs olduqda, fərdi sahibkar kimi vergi uçotuna alınmış olmalıdır.
Emblem və loqotipi Media Reyestrində olan digər media subyektlərinin redaksiyalarının loqotipləri ilə eyni və ya oxşar olmamalıdır.
Audiovizual media subyektləri isə qanunun tələblərinə cavab verdikləri halda müvafiq lisenziyanı alırlar və Audiovizual Şura tərəfindən birbaşa Media Reyestrinə daxil edilirlər.
Sadalanan tələblərə cavab verilmədikdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (indiki halda Media Agentliyi) tərəfindən onların Media Reyestrinə daxil edilməsindən imtina edilir.
Yəni, məsələ bu qədər aydındır. Hazırda və gələcəkdə də MEDİA Agentliyi qüvvədə olan qanunun tətbiqi ilə məşğuldur. Media reysterinə daxil olmaq üçün lazım olan tələbləri sərt adlandırmaq olmaz.
Normal media redaksiyası, şirkət və ya fərdi sahibkar kimi fəaliyyət növü, ali təhsili, əməkdaşları, strukturu olmayan media orqanı necə ola bilər? Özü qanunun tələbinə əməl etməyən struktur başqalarından bunu necə tələb edəcək?
Yəni, doğrudanmı, ali təhsili olmayan adamın media rəhbəri olması çox vacibdir?
Qanun qəbul olunub və onun tələbi yerinə yetirilir. Bu qədər sadə və açıq...