İllərlə oxuyub işsiz qalmağın ƏSAS SƏBƏBİ  – Ekspert elə şeylər danışdı ki...
18 may 2023 18:25 (UTC +04:00)

İllərlə oxuyub işsiz qalmağın ƏSAS SƏBƏBİ – Ekspert elə şeylər danışdı ki...

 “Ali Təhsildə Keyfiyyət Təminatı və Keyfiyyətin Gücləndirilməsi” mövzusunda Beynəlxalq Forumda elm və təhsil nazirinin müavini İdris İsayev ali təhsil sistemində ciddi dəyişikliklərin edilməsi barədə açıqlama verib. 

Onun sözlərinə görə, yaxın zamanlarda bu sahədə islahatlar ilk növbədə təhsilin keyfiyyətinin artırılması istiqamətində öz fəaliyyətlərini daha düzgün formada qura biləcəklər. 

Maraqlıdır, ali təhsildə ilk növbədə hansı islahatlar aparılmalıdır?

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov ilk növbədə universitetlərin başlıca məqsədi ölkədəki işçi qüvvəsi tələbatına uyğun qaydada ixtisas qrupları yaratmaq və tələbələrə məzun olduqdan sonra öz ixtisaslarına uyğun işlərdə işləmələri üçün zəruri olan bilikləri öyrətmək olduğunu vurğulayıb:

“Universitetlər tələbələri bazarın tələblərinə uyğun biliklə təmin edə bilmirsə, o zaman universitet təhsili vaxt və pul israfıdır.  Çünki insanlar universitet təhsili almaq üçün illərlə çalışırlar və ciddi maddi resurs istifadə edirlər. Belə olan təqdirdə, universitetin onlara bazar tələblərinə uyğun bilik verməməsi düzgün deyil. Universitetlər özləri də başlıca məqsədlərinin tələbəyə ixtisasına uyğun iş tapmaq üçün zəruri bilik vermək olduğunu qəbul edirlər.

Texnikum və peşə məktəblərinin sayı və oradakı təhsilin keyfiyyəti artırılmalı, həmçinin bu təhsil müəssisələri daha çox şəxs üçün əlçatan olmalıdır. Çünki şagirdlərin məktəbi bitirdikdən sonra ixtisassız işçi olmaması üçün onların təhsillərini davam etdirməsi olduqca vacibdir”. 

Azərbaycanda şagirdlərin təxmini 66%-i orta məktəbdən sonra heç bir təhsil almır və nəticədə onlar ixtisassız işçiyə çevrilirlər...

“Bu problemi də texnikum və peşə məktəbləri aradan qaldıra bilər. Həmçinin, bir çox ixtisasa yiyələnmək və gələcəkdə ona uyğun iş tapmaq üçün universitet təhsili vacib deyil (və vacib də olmamalıdır). Universitet təhsili o ixtisaslar üzrə vacibdir ki, orada tələbənin ciddi nəzəri biliklərə yiyələnməsi zəruri olsun və bu nəzəri biliklərin universitetdən kənar əldə edilməsi qeyri-mümkün və ya olduqca çətin olsun. Məsələn, hazırda Bakı Dövlət Universitetində kitabxanaçılıq ixtisası var, halbuki kitabxanaçılıqda ən yaxşı halda minimal nəzəri biliyə yiyələnmək kifayətdir. Kitabxanaçı olmaq üçün texnikum oxumaq kifayət etməlidir.

Hesab edirəm ki, universitet diplomunun dəyəri əsasən məzunun iş imkanlarını artırması ilə ölçülür. Lakin universitetlərdə təhsil haqları heç də hamı üçün əlçatan deyil. Belə olan təqdirdə, ixtisasa uyğun iş tapmaq baxımından yeni imkanlar yaradan diplomlar əsasən universitet diplomlarını əhatə etməməlidir. Hazırda diqqətdən kənar qalan texnikum və peşə məktəblərinin cəlbediciliyinin artırılması işçinin biliyi ilə bazarın tələbləri arasındakı uyğunsuzluğu aradan qaldırmağa ciddi kömək edə bilər.

Hazırda əmək bazarında təklif edilən bir çox işlər üçün ali təhsil tələb edilir. Amma həm Azərbaycan universitetlərində tədris edilən ixtisasların, həm də əmək bazarında tələb olan ixtisasların ciddi bir hissəsi üçün ali təhsil şərt deyil və ya şərt olmamalıdır. Çünki həmin ixtisaslar üçün ən yaxşı halda minimal nəzəri bilik tələb edilir. Belə olan halda, həmin ixtisasların texnikum və peşə məktəblərində tədris edilməsi daha çox şəxsin məktəbi bitirdikdən sonra təhsilinə davam etməsinə, beləliklə, əmək bazarında ixtisaslı işçi qüvvəsinin artmasına səbəb ola bilər. Bu isə, dolayısıyla, işsizliyin azalmasına imkan yaradır”. 

Dövlət bu sahədə hələlik çox az iş görüb... 

“Belə ki, 2022-ci il dövlət büdcəsində təhsil xərclərinin həcmi 3 milyard 884 milyon manata bərabərdir. Bütün büdcə xərclərinin 13%-ni məhz təhsil xərcləri təşkil edir. Büdcədən təhsil istiqamətinə ayrılan xərclərin (yəni, 3 milyard 884 milyon manatın) təxminən 70%-ni müxtəlif təhsil pillələri üzrə ayrılan vəsaitlər təşkil edir. Təhsil pillələri arasında ən çox vəsait – təhsilə ayrılan maliyyə vəsaitinin 54%-i orta məktəblərə (bura 1-ci sinifdən 11-ci sinifədək bütün siniflərdə təhsil alanlar daxildir) ayrılır.

İlk baxışdan orta ixtisas və peşə təhsili müəssisələrinə universitetlərdən daha çox vəsaitin ayrılması gözə dəysə də, nəzərə almaq lazımdır ki, Azərbaycanda universitetlərin əsas maliyyə mənbələri təhsil haqlarından əldə edilən vəsaitdir. Digər tərəfdən, universitetlərdə təhsil haqqı məbləğləri texnikumlar və peşə məktəbləri ilə müqayisədə olduqca yüksəkdir. Universitetlərdə illik təhsil haqqı orta hesabla 2290, texnikumlarda təxminən 600, peşə təhsili müəssisələrində 500 manatdır.

Dövlət Statistika Komitəsinin sonuncu açıqladığı rəqəmlərdən aydın olur ki, 2020-2021-ci təhsil ilində dövlət universitetlərində ümumilikdə 177 min tələbə təhsil alıb (Dövlət Statistika Komitəsi 2021a). Onlardan 100 min 806 nəfəri, yəni, bütün tələbələrin 57%-i ödənişli əsaslarla təhsil alanlardan ibarətdir. Universitetlərdə illik təhsil haqqının orta hesabla 2290 manat olduğunu nəzərə alsaq, bu, ali təhsil müəssisələrinin dövlət büdcəsindən dövlət sifarişli yerlərdə təhsil alanlar üçün ayrılan vəsaitdən əlavə, təxminən 250 milyon manata yaxın vəsait cəlb etməsi deməkdir”.

Azərbaycandakı ali təhsil qiymətləri heç də əhalinin gəlirlərinə adekvat deyil... 

“2021-ci ilin yekununda ölkədə orta aylıq əməkhaqqı miqdarı 724 manata bərabər olub. Median əməkhaqqının miqdarının isə ötən il 343 manat olduğu açıqlanmışdı. Yəni ölkədə əməkhaqqı ilə çalışanların yarısının (təxminən 850 min insan) maaşı 343 manatdan aşağı səviyyədə idi. Ali təhsil müəssisələrində orta illik təhsil haqqı məbləğinin 2300 manata yaxın olduğunu nəzərə alsaq, bu o deməkdir ki, minimum əməkhaqqı səviyyəsində (300 manat) maaş alan şəxs övladını oxutmaq üçün bütün il ərzində qazandığı gəlirin 65%-ni universitetə ödəməlidir.
Ali təhsil müəssisələrində təhsil haqqı qiymətlərinin əhalinin gəlirlərinə adekvat olmaması, texnikum və peşə məktəblərində təhsil keyfiyyətinin aşağı olması, eləcə də, texnikum və peşə təhsilinin əmək bazarında iş tapmaq imkanlarını elə ə artırmaması bir çox şagirdlərin orta məktəbi bitirdikdən sonra, ümumiyyətlə, heç bir pillədə təhsilini davam etdirməməsinə səbəb olur. Bu isə nəticədə əmək bazarının ixtisaslı işçi qüvvəsindən məhrum olmasına gətirib çıxarır”. 

Ekspertin fikrincə, dövlət büdcəsindən texnikum və peşə məktəblərində dövlət sifarişli yerlərin və həmin qurumlara ayrılan maliyyə vəsaitinin artırılması həmin təhsil müəssisələrinin də infrastrukturunun yaxşılaşdırılmasına və resursların artırılmasına imkan yarada bilər. 

O vurğulayıb ki, universitetlərlə texnikum və peşə məktəbləri arasında ciddi ayrı-seçkilik var:

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası adlı sənəddə qeyd edilir ki, hökumətin təhsil sahəsində müəyyən etdiyi strateji hədəflərdən biri cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı texnikum və peşə məktəbi standartları və kurikulumlarının hazırlanmasıdır (Prezident 2013). Həmin sənəddə bildirilir ki, texnikum və peşə məktəblərinin kurikulumları müasir tələblərə cavab vermir. Bu baxımdan, hökumətin də texnikum və peşə məktəblərində problemlərin olduğunu təsdiqlədiyini qeyd edə bilərik.

Texnikum və peşə məktəblərinə münasibətdə müşahidə edilən ayrı-seçkilik hallarının aradan qaldırılması da, bu təhsil müəssisələrinin reputasiyasının yaxşılaşmasına kömək edə bilər.

Məsələn, hazırda Azərbaycanda hərbi xidmət kişilər üçün icbari sayılır. Universitetlərə daxil olan tələbələrə, hətta magistraturaya daxil olduğu halda iki dəfə hərbi xidmətdən möhlət hüququ verilsə də, bu yanaşma nə texnikumlara, nə də peşə məktəblərinə daxil olan oğlanlar üçün tətbiq edilir. Eyni zamanda, texnikum və peşə məktəblərinin məzunları ilə orta məktəb məzunlarının hərbi xidmət müddəti arasında heç bir fərq qoyulmur. Halbuki, universitet məzunları digərlərinə nəzərən altı ay daha az, 12 ay müddətinə hərbi xidmət keçirlər. Bu baxımdan, texnikum və peşə məktəblərinə daxil olan şəxslərə də hərbi xidmətdən möhlət hüququnun verilməsi və hərbi xidmət müddətinin azaldılması təmin edilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4419
avatar

Fidan İlqar

Oxşar yazılar