Facebook, twitter, instagram, yoxsa telegram?  –Daha çox hansı platforma izlənilir?
07 yanvar 2021 14:53 (UTC +04:00)

Facebook, twitter, instagram, yoxsa telegram? –Daha çox hansı platforma izlənilir?

Azərbaycanda hansı sosial şəbəkələr məşhurdu? İstifadəçilər öz problemlərini harada paylaşır, ölkə və beynəlxalq gündəm daha çox hansı platformadan izlənilir?

Lent.az bu suallara cavab tapmaq üçün kiçik araşdırma etdi.

“Fikrimcə, ən çox istifadə olunan sosial şəbəkələr “İnstagram”, “TikTok” və “Facebook”du. “Telegram” və “Twitter” kanalları da 44 günlük müharibə zamanı ön plana gəldi və istənilən halda ilk üçlük qədər populyarlaşa bilmədilər.”

Bu fikirləri  son zamanlar sosial şəbəkələrdə çox populyarlaşan, izləyici sayına görə çoxlarını geridə qoyan, jurnalist-bloger Əzizə İsmayılova bildirib.

Jurnalist sosial şəbəkələrdə istənilən yaş qrupuna rast gəlməyin mümkün olduğunu qeyd edir:

“Baxır paylaşımlar hansı yaş qrupunun marağındadı. Ümumilikdə hər bir sosial platformanın öz izləyici auditoriyası var və paylaşımlara əsasən dəyişir. Məsələn, auditoriya baxımından “TikTok”la nə “Facebook”u, nə “İnstagram”ı müqayisə etmək olmaz. Üstünlük təşkil edən yaş qrupu “İnstagram” və “Tiktok”da daha çox 24-45 yaş arasıdı. “Facebook”da  bir qədər fərqlidi, 25-60 yaş arası. Təbii, bunu öz şəxsi sosial hesablarıma əsasən deyirəm”. 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  ictimai rəyə təsir baxımından ölkədə “Facebook”un  əhəmiyyətinin yüksək olduğunu qeyd edir.

“İctimai rəyə təsir buradan qaynaqlanır. Biz bunu müharibə vaxtı da gördük. “Facebook” Azərbaycan cəmiyyəti üçün çox əhəmiyyətli platforma rolunu oynayır.

Daha sonra multi-media cəlbedici olduğundan, “YouTube”dan daha çox istifadə edilir. Növbəti sıralamada isə beynəlxalq ictimai rəyə təsir göstərən və bizim üçün də əhəmiyyətli olan “Twvitter” dayanır. Bəlkə də bu  müharibənin bizə verdiyi əlavə üstünlüklərdən biri oldu. Gələcəkdə beynəlxalq aləmə təsir baxımdan bu bizim üçün çox vacib platformadı. Çünki dünyanın əhəmiyyətli siyasətçiləri, birinci şəxsləri, tanınmış ictimai xadimlər qərarlara, qanunlara təsir edən insanlar “Twitter”dədi.”

Osman Gündüz auditoriyası geniş, lakin ictimai rəyə  təsir imkanları elə də güclü olmayan “İnstagram” və “TikTok”u da əhəmiyyətli platforma hesab edir:

“Azərbaycanda “TikTok” uşaqlar üçün bağlanmalıdı. Azərbaycan Respublikasının Qanunvericiliyi də  bunu tələb edir. Elə mexanizmlər qurulmalıdır ki, uşaqlar üçün əlçatan olmasın. Amma bütövlükdə qapanmadan əlavə, ciddi təhlükə yoxdu. Kimsə koryera, bines, reklam, müxtlif məqsədlər üçün istifadə edirsə və faydalanırsa deməli əhəmiyyətlidi . Uşaqlar üçün isə birmənalı qapanmalıdı.”

Sosial şəbəkələrdə istifadədə yaş həddinə gəldik Osman Gündüz statistika daha çox 25-35 yaşa qədər olan insanları göstərdiyini qeyd edir.

APA Group Media şirkətinin sosial media meneceri Turan Şakir bildirir ki, Azərbaycanda “Facebook” və “İnstagram” ən çox izlənilən sosial şəbəkələrdən idi.

“Son zamanlar ölkədə baş verən əlamətdar hadisələr,  Prezident İlham Əliyevin tivittləri “Twitter”i  məşhurlaşdırdı. Artıq ən sıravi adamlar da bu platformadan istifadə edirlər. İnformasiya müharibəsində ən çox həştəq kampaniyaları bu şəbəkə üzərindən aparıldı. Belə bir dönəmdə xəbəri daha operatiov əldə etmək üçün aktivləşən “Telegram” kanallarından da istifadə artdı və bu platforma da Azərbaycanda populyarlaşdı.”

 Turan Şakir qeyd edir ki, “Tiktok” kimi əyləncə üçün nəzərdə tutulmuş şəbəkələr də var ki, bundan da istifadə edənlər az deyil.

Sosial media meneceri “Facebook” statistikasında 20-55 yaş arası insanların bu platformada daha aktiv olduğunu söyləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4674
avatar

Nigar Adil

Oxşar yazılar