Dilçi-alimlərdən tənqidlərə  CAVAB:   "Qərəzlidir..."
24 noyabr 2022 20:15 (UTC +04:00)

Dilçi-alimlərdən tənqidlərə CAVAB: "Qərəzlidir..."

Bir neçə gündür sosial şəbəkələrdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun sonuncu iclasındakı müzakirə mövzusu tənqid olunur. 

Lent.az xəbər verir ki, bu iclası tənqid edənlər arasında məşhur simalar da var. Kimisi “Bu Dilçilik İnstitutu ləğv olunmalıdır” deyib, kimisi müzakirələri “biabırçılıq” adlandırıb, kimisi isə lağ etməklə kifayətlənib. 

Hətta aparıcı Saleh Bağırov “Bu Dilçilik İnstitutu yerli-dibli ləğv olunmalıdır və həmişə demişəm, bu qurum Azərbaycan dilinin bir nömrəli düşmənidir”, - deyib. 

Bəs Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva nə düşünür? Yazılan və deyilən tənqidlərdən xəbəri varmı? 

Lent.az-a açıqlama verən Sevinc Əliyeva bu fikirlərlə qəti razı deyil:

“Tənqidlərlə qəti razı deyiləm. Belə fikirlər səsləndirmək doğru deyil. Monitorinq Mərkəzinin direktoru kimi bu cür əsassız və qərəzli fikirlərə etirazımı bildirirəm.

Müzakirəyə çıxarılan məsələlərə mənfi münasibət bildirmək olar, amma “Bu qurum Azərbaycan dilinin bir nömrəli düşmənidir” kimi fikirlər səsləndirmək qəbulolunmazdır. Həmin aparıcını dəvət edirəm, Dilçilik İnstitutunun fundamental tədqiqatları ilə tanış olsun. Burada illər boyu aparılan tədqiqatlar var. Dilçilik İnstitutu ölkənin ən aparıcı qurumlarından biridir.  Azərbaycan dilini səhnədə, yaxud televiziyada təbliğ edən aparıcımızı dəvət edirəm ki, gəlsin buradakı işlərlə tanış olsun və dediyi fikirlərin məsuliyyətini hiss etsin”.

Monitorinq Mərkəzinin şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Məmmədov (Göytürk) isə məsələyə belə reaksiya verib:

“ "Azərbaycan dilinin yeni orfoepiya normaları”ndakı mübahisəli bəndlərlə bağlı keçirilmiş geniş elmi müzakirədə mən də iştirak edirdim. Əvvəla, təəssüf edirəm ki, müzakirə olunan məsələləri mətbuat düzgün işıqlandırmadı, fikirlər ictimaiyyətə bəsit, qüsurlu və ironik şəkildə təqdim olundu. Müzakirəyə çıxarılan məsələlərdən biri də tərkibində “ov”, “öv” hərf birləşməsi olan  sözlərin ədəbi tələffüzü ilə bağlı idi. Mütəxəssislərimiz eksperimental fonetika laboratoriyasında cihazların vasitəsilə o tip sözlərin tələffüzünü diqqətə çatdırdılar. Bildirdilər ki, “ov”, “öv”  birləşmələrindəki “v” səsindən sonra kar samit gəldikdə sözün tərkibindəki “ov” hissəsi “of” biçimində tələffüz olunur. Əyani şəkildə əsaslandırıldı ki, həmin hərf birləşmələrindəki “v” səsindən sonra cingiltili samit işləndikdə “ov”, “öv” səslərinin tələffüzündə dəyişiklik baş vermir. Məsələn, “mövqe” sözündə tələffüz olduğu kimi, “dovşan” sözündəki “v” səsi isə “f” şəklində tələffüz olunur. Bütün bunlar eksperimental fonetikanın tədqiqat obyetktidir. Təəssüf ki, bəziləri bu məsələləri düzgün anlamadığına görə “dovşan” sözü üzərindən faktları təhrif edərək, müzakirənin önəmini heçə endirməyə çalışdılar.

Mən televiziya və radio işçilərinin orfoqrafiya və orfoepiya məsələləri ilə bağlı qarşılaşdıqları çətinlikləri yaxşı bilirəm. Çünki ayrı-ayrı sahələr üzrə monitorinqlər aparmışıq. Qaydalarla bağlı mövcud problemlərdən xəbərdarıq. Yazı və ədəbi tələffüz qaydaları mükəmməl olmalıdır ki, hər kəs istənilən sözün, şəkilçinin, ixtisarın yazılışını, düzgün tələffüzünü asanlıqla mənimsəyə bilsin. Qeyd etdim ki, biz diqqəti daha vacib məqamlara --  orfoepiya normalarında öz əksini tapmayan və ya maddələrdə izahı mübahisə doğuran məsələlərə yönəltməliyik. Məsələn, “Şuşa” sözü yönlük halda “Şuşaya”,“Şuşıya”, yoxsa “Şuşuya” kimi deyilməlidir? Necə tələffüz etməliyik? “Xankəndiyə”mi, yoxsa “Xankəndinə”mi deyiməlidir? “Gələcəyəm” deyilməlidir, yoxsa “gələcəm”? “Alacağıq”, yoxsa “alacayıq”? Bu məsələlərlə bağlı orfoepiya normalarında heç bir bənd yoxdur.  Müzakirə zamanı qeyd etdim ki, biz mübahisəli məqamlarda Orfoepiya normalarının 1.3 -cü bəndini rəhbər tutaraq tələffüzlə yazı arasındakı fərqin tədricən aradan qaldırılmasına nail olmalı, ümumilikdə isə sabitləşmiş qaydalara toxunmamalıyıq. Qaydalar nümunələr əsasında aydın və anlaşıqlı şəkildə verilməli, ayrı-ayrı bəndlərdə verilmiş izahlar bir-birini tamamlamalıdır. Səsləndirilən fikirlərə hörmətlə yanaşsam da, bəzi təkliflərin müzakirəyə çıxarılmasına ehtiyac olmadığını diqqətə çatdırdım”.

Dilçi-alim, Nəsimi adına Dilçilik İnstitutunun sonuncu müzakirəsini tənqid edənləri də cavabsız qoymayıb:

“Bildirmək istəyirəm ki, NK-nın qərarına əsasən, beş ildən bir dil normaları müzakirəyə çıxarılır. Dilçilik İnstitutunun da vəzifəsidir ki, bu məsələləri ictimailəşdirsin. Ziyalıların, mütəxəssislərin, media nümayəndələrinin və s. fikrini öyrənib nəzərə alsın.  Bu müzakirə də mediaya açıq bir görüş idi.  Etiraf edək ki, son illərə qədər dil məsələləri ictimaiyyətin müzakirəsinə verilməyib. Mətbuat nümayəndələri belə tədbirlərdə iştirak etməyib, müzakirələr bağlı qapılar arxasında keçirilib.  Mövcud problemləri bir gündə həll etmək mümkün deyil. Çünki dilin lüğət tərkibində müəyyən dəyişikliklər baş verir. Bu, təbii prosesdir. 

Təəssüf ki, bəzi mətbuat nümayəndələri də müzakirənin nəticəsini qərəzli və ironik şəkildə təqdim etdilər. Məgər Dilçilik İnstitutunun alimləri, başqa qurumlardan gələn 40-50 nəfər mütəxəssis məhz “dovşan” sözünün tələffüzünə görəmi oraya yığışmışdılar? Bu nə məntiqdir?  İşçi qrupunun əməyini kiçiltmək, heçə endirmək haqsızlıqdır. Məsələni qərəzli şəkildə və fərqli rakursdan təqdim etməyə ehtiyac yoxdur. Sözün tələffüzü ilə bağlı fikirlər dinlənildi və nəticədə təklif qəbul olunmadı. Bu qədər sadə! Məsələnin mahiyyətindən xəbərsiz olan insanların faktları təhrif etməsi, məsuliyyətsiz fikirlər səsləndirməsi təəssüf hissi doğurur”.

# 10038
avatar

Nigar Namiq

Oxşar yazılar