Bu gün III qrup üzrə imtahandır
21 may 2022 07:50 (UTC +04:00)

Bu gün III qrup üzrə imtahandır

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (I cəhd) keçiriləcək.

DİM-dən Lent..az-a verilən xəbərə görə, imtahanda 21521 abituriyentin iştirakı nəzərdə tutulub.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 11:00-da başlanacaq və 15 dəqiqə qalmış buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Mayın 21 və 22-də imtahan keçiriləcək şəhər və rayonlarda ümumilikdə 189 imtahan binası, 3322 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 189 ümumi imtahan rəhbəri, 544 imtahan rəhbəri, 4158 nəzarətçi–müəllim, 503 buraxılış rejimi əməkdaşı, 189 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda 60 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

# 1380
avatar

Oxşar yazılar