Bu gün əriyən, buxarlanan insanların anım gündür - Xirosima faciəsi
06 avqust 2022 16:18 (UTC +04:00)

Bu gün əriyən, buxarlanan insanların anım gündür - Xirosima faciəsi

Eynşteyn demişdi ki, III Dünya müharibəsinin necə olacağını bilmirəm, lakin dördüncü müharibədə insanların əlində mütləq daş və dəyənəklər olacaq. Böyük fizik yaxşı bilirdi ki, onun beyin məhsulu olan atom və nüvə silahları bəşəriyyət tərəfindən istifadə olunsa, bu, insanlığın sonu deməkdir. Deyilənə görə, Eynşteyn Yaponiyaya atom bombaları atılandan sonra kəşfinə görə böyük peşmanlıq keçirib. 

Bu gün dünyanın ən böyük faciəsi kimi qeydə alınan Xirosima faciəsi günüdür ABŞ-ın Yaponiyanın Xirosima şəhərinə atom bombası atmasından 77 il keçir.

Nobel mükafatçısı, biokimyaçı-alim Aziz Sancar öz xatirələrində yazır:

“Bir gün Los-Ancelesdə alış-veriş edirdim. Çıxışda kassir qız soruşdu: 
– Siz haralısınız?
– Türkiyəli, türkəm.
– “Midnight Express” filmini izlədim. Siz türklər faşistsiniz.
– Xanım, mən isə Naqasaki və Xirosimanı izlədim. Amma bu, film deyildi”.

1945-ci il avqustun 6-da ABŞ-ın “B29 Enola Gay” təyyarəsi 15 min ton TNT-lik atom bombasını Xirosimaya atdı. Nəticədə 1945-ci ilin sonuna qədər atomdan ölənlərin sayı 140 mini keçdi. 3 gün sonra, avqustun 9-da Naqasakiyə 21 min ton TNT gücündə atom bombası atıldı. Partlayış nəticəsində 200 min əhalisi olan şəhərin 27 min sakini bir saniyə içində həyatını itirdi. O zamandan bu günə qədər ərazidə hələ də mövcud olan radiasiya səbəbindən ölənlərin ümumi sayı 143 mini ötüb. Bu dəhşət filmi deyildi, reallıq idi. Demokratiyanın beşiyinin dünyanın tarixinə qara hərflərlə yazdığı faciəydi.

77 il sonra dəhşətli bir film kimi xatırlansa da, bu film deyildi.  Atom bombası atılarkən əriyib mərmər pilləkənlərə qarışmış insanlardan geriyə kül də qalmamışdı, indi pillələr üzərində yalnız tünd rəngdə görünən kölgələr o dəhşətin izi kimi saxlanılır. Bu bombalar insanları sadəcə öldürməmişdi, yox etmiş, əritmiş, buxarlandırmışdı.

O zamandan bu günə qədər ərazidə hələ də mövcud olan radiasiya ucbatından ölənlərin ümumi sayı 143 mini ötüb. 
1945-ci ilin 6 avqust faciəsinin xatirəsinə həmin gün "Ümumdünya Nüvə Silahlarının Qadağan edilməsi Günü" kimi tarixə düşüb.

Amma  nüvə gücünə malik dövlətlərin istehsal etdikləri nüvə bombaları Xirosima və Naqasakiyə atılan bombalardan 2500 dəfə güclüdür. 

Alimlərin hesablamalarına görə, dünyanın 9 dövlətində 14 mindən cox nüvə başlığı var. Amma dünyanı darmadağın etməyə cəmi 7 atom başlığı kifayətdir.

Dünyanın 9 dövlətinin təxminən 14 min nüvə silahı var. Onlardan bir qismi artıq köhnəldiyi üçün utilizasiyasını gözləyir.

Ən çox nüvə başlığı Rusiyadadır - 6257 ədəd. Bunların 1458-i açıq vəziyyətdədir, 3039-u ehtiyatda saxlanır. 1760 ədəd nüvə başlığının istismar müddəti bitib. ABŞ-ın arsenalında 5550 nüvə başlığı var. 1389-u açıq vəziyyətdə, 2361-i ehtiyatdadır. 1800 nüvə başlığı istismar müddətini başa vurub. Çinin 350, Fransanın 290, Böyük Britaniyanın 225, Pakistanın 165, Hindistanın 156, İsrailin 90, Şimali Koreyanın təxminən 50 nüvə başlığı var. 1945-2018-ci illər arasında ABŞ 1032, Rusiya (SSRİ-ni nəzərə almaqla) 715, Fransa 210, Çin və Böyük Britaniya hərəyə 45, Şimali Koreya 6, Hindistan 3, Pakistan 2 nüvə sınağı həyata keçirib.

Ən çox nüvə sınağını ABŞ keçirib. Bu sınaqlardan təxminən 18-i uğursuz olub, indiyədək atılan, amma partlamayan bombaların içində 3 ədədi sonradan heç tapılmayıb. 

# 4749
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar