"Belə yanğınlar bəzən günlərlə davam edir" - Yanğınsöndürənlərin operativliyi bizi hansı faciədən qorudu?
29 aprel 2022 14:47 (UTC +04:00)

"Belə yanğınlar bəzən günlərlə davam edir" - Yanğınsöndürənlərin operativliyi bizi hansı faciədən qorudu?

Dünən axşam saatlarında Sumqayıtın Tağıyev qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nda güclü yanğın başladı. Mürəkkəb relyefi olan ərazidə baş verən bu yanğının əks-sədası da böyük oldu. Sosial şəbəkələrdə insanlar çox narahatlıqla bu hadisəni və yanğının necə söndürülməsi prosesini izləyirdilər. Prosesi izləyənlər arasında yanğın təhlükəsizliyi üzrə ekspert Elmar Nurəliyev də var idi.   

Ekspert Lent.az-a açıqlamasında FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının dünənki fəaliyyətini belə şərh edir: 

“Bu kimi irimiqyaslı yanğın hadisələrində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin peşəkarlığı, yanaşması, gördüyü işlər yüksək səviyyədədir. Nəzərə almaq lazımdır ki, dünən Sumqayıtda olan genişmiqyaslı yanğın ərazisinin relyefi də mürəkkəb idi. İri obyektlərdə yanğın təhlükəsizliyinə ciddi riayət olunmalıdır. Əks halda çatışmazlıq hadisə yerinə gələn yanğın qruplarının işini çətinləşdirir.
Ötən gün baş verən, əhatə dairəsi minlərlə kvadratmetr olan yanğının tüstüsü onlarla metr yüksəkliyə qalxırdı. Yanğın ətrafa yüz dərəcədən çox istilik saçırdı. Bu kimi irimiqyaslı yanğınlarda ilk növbədə insanlar təxliyə olunmalı, əmlaklar oradan çıxarılmalıdır. Yanğına meylli əşyalar daşınmalıdır ki, alov daha da geniş vüsət almasın. Bütün bunlara nəzər salsaq əminliklə deyə bilərik ki, FHN yanğın qruplarının peşəkarlığı təqdirəlayiqdir. Şükürlər olsun ki, yanğınsöndürənlərimizin təcili və təxirəsalınmaz, professional tədbirləri nəticəsində hadisə zamanı həyatını itirən, tüstüdən zəhərlənən olmadı. Sənaye müəssisələrində olan belə genişmiqyaslı yanğınlar bəzən günlərlə davam edir, ancaq yanğınsöndürənlərimizin uğurlu fəaliyyəti ilə bu sadəcə bir neçə saat çəkdi. Təsəvvür edin dünənki zavodda əşyaların demək olar 90 faizi xammallar, mürəkkəb mühəndis konstruksiyaları və s. yüksək yanma xüsusiyyətli idi. Bütün bu müsbət nəticələr yanğın qruplarımızın düzgün koordinasiyalı işləməsi, təxliyə qruplarının, düzgün rabitə qurulmasının keyfiyyətindən irəli gəlir”.

Elmar Nurəliyev

E. Nurəliyev bu hadisə ilə əlaqədar digər sahibkarları da tədbirli olmağa səsləyib:

“Ümid edirəm ki, digər sənaye müəssisələri rəhbərləri, sahibkarlar bu hadisədən özlərinə nümunə götürərlər. Yanğınla bağlı bütün çatışmazlıqları aradan qaldırarlar və qaldırmalıdırlar ki, belə hadisə sabah onların da qapısını döyməsin. Xammal anbarları olan müəssisələr bilməlidirlər ki, həm də böyük risk sahibidirlər. Həmin anbarları olan obyektlər mütləq avtomatik yanğınsöndürmə, yanğın təhlükəsizlik siqnalizasiya sistemi, ehtiyat su çəni quraşdırmalıdır və işçilərə də təlimat verməlidir. Sex, istehsalat müəssisəsi və s. varsa mütləq bu yanğından mühafizə sistemləri qurulmalıdır ki, sahibkarlar dəhşətli yanğınlardan sığortalansınlar və ya hadisə zamanı az zərərlə qurtulsunlar”. 

Yanğın hadisələrinin digər və ağır ziyanlarından biri də  ekologiyanın zəhərlənməsidir. Lakin yanğının tez bir zamanda söndürülməsi nəticəsində bu ziyan sıfıra endi. Bu barədə daha ətraflı Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva aydınlıq gətirib.

Umayra Tağıyeva

Umayra Tağıyeva Lent.az-a bildirib ki, Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən avtomatik stansiyalardan aprelin 28-də axşam saatlarında daxil olan məlumatlara əsasən təyin olunan havanın keyfiyyət göstəricilərinin orta sutkalıq qatılığı – azot-4 oksid 1.2 dəfə, azot-2 oksid 3.7 dəfə, dəm qazı isə 1.3 dəfə normadan yüksək olub. Rəisin dediyindən belə bəlli olur ki, yanğın vaxtında söndürüldüyü üçün havanın keyfiyyət göstəriciləri yol verilən hədd daxilindədir.

# 4371
avatar

Mehman Nəbiyev

Oxşar yazılar