Bakıda zibillərin arasından 57 maşın nömrəsi tapıldı - "Tap Qaytar"
14 sentyabr 2023 12:17 (UTC +04:00)

Bakıda zibillərin arasından 57 maşın nömrəsi tapıldı - "Tap Qaytar"

“Təmiz Şəhər” ASC bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi ilə məşğul olan dövlət qurumudur. Hər il Bakı şəhərində əmələ gələn bərk məişət tullantılarının 800 min tona qədəri qurumun təsərrüfat sahələrinə təhvil verilir. Cəmiyyətin nəzdində fəaliyyət göstərən Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna gətirilən tullantıların bir hissəsinin çeşidlənməsi zamanı bəzən insanların itirdikləri müxtəlif sənədlər və avtomobillərin dövlət nömrə nişanları tapılır.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, "Təmiz şəhər” ASC-nin təşəbbüsü ilə ilə birgə keçiriləcək “Tap qaytar” layihəsi nəqliyyat vasitələrinə aid sənəd və dövlət nömrə nişanı itirən sürücülərimizi sevindirəcək. Tullantıların içərisindən tapılan nəqliyyat vasitələrinə aid sənədlər eləcə də, dövlət nömrə nişanları haqqında operativ qaydada polisə məlumat veriləcək və qısa zamanda sahibinə qaytarılması təmin ediləcək.

Zavoda təşkil edilən mediatur çərçivəsində yeni layihə haqqında jurnalistlərə məlumat verilib və tullantıların içərisindən çıxan avtomobillərə aid 57 dövlət nömrə nişanı, 8 sürücülük vəsiqəsi və 2 qeydiyyat şəhadətnaməsi sahiblərinə qaytarılması üçün Bakı Şəhər Baş Dövlət Yol Polisi idarəsinin əməkdaşlarına təqdim edilib.

Qeyd edək ki, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu alman texnologiyası əsasında fəaliyyət göstərir və burada çeşidlənən tullantılar təkrar emala göndərilir. Çeşidləmə prosesində həmçinin dəyərli əşyalar və dəmir pullar toplanır. Tapılan dəyərli əşyalardan zavodda yaradılan kiçik muzey bura gələnlərin böyük marağına səbəb olur. Dəmir pullar isə “Tapılan arzular” layihəsi adı altında xeyriyyə məqsədi ilə istifadə edilir.

# 6891
avatar

Oxşar yazılar