Söz vaxtına çəkər, üç il öncə, bu vədələrdi. Qarabağ müharibəsi zamanı Allahverdi Bağırovun batalyonunda vuruşmuş döyüşçülərlə azad olunmuş ərazilərdə Xocalı soyqırımının izlərini axtarırdıq. Həmən vaxt Şelli dağının ətəyinə qədər gəlmişdik. Dağın o üzü, əsas qırğının törədildiyi Naxçıvanlı kəndi, Kətik dağının ətəyi, Qaraqayanın altı hələ ermənilərin nəzarətindəydi. Beş addım atsaydıq, həmin yerlərdəydik. Di gəl, gedə bilmirdik.
Çəkilişimizi yekunlaşdırdıqdan sonra gəlib dayanmışdıq Ağdam-Əsgəran şosesində, iri beton blokların qarşısında. Blokları aşmaq qadağandı. O üz Əsgəran idi.
Uzaqdan kimsə Qaraqayanı göstərmişdi.
Kimsə də demişdi Əsgəran qalası bax, odur!
“Dağın o üzü də Naxçıvanlıdı”, - bunu da bir başqası ağrı ilə pıçıldamışdı.
Onda separatçıların uzaqda görünən əski parçalarına baxıb oralara nə vaxt qayıdacağımızın intizarını çəkmişdik.
Amma içimizdə inam vardı ki, Əsgəran, Xocalı, Xankəndi və Xocavəndin işğaldakı kəndləri də gec-tez bizim nəzarətimizə keçəcək, Azərbaycan, nəhayət, öz bütövlüyünə-suverenliyinə qovuşacaq.
Həmən vaxt Əsgəranın bir addımından ayrılmışdıq...
İndi isə Azərbaycan polisinin qurduğu postu adlayıb Əsgəran yazılmış lövhənin yanından ötürük.
Avtomobilimiz irəliləyir və gözlərimiz qarşısında dağlardan, dərələrdən, düzlərdən ibarət geniş mənzərə açılır. Göz işlədikcə baxırsan, qurtarmaq bilmir.
İnanmaq olmur ki, cəmi bircə günlük lokal antiterror əməliyyatları ilə bu qos-qocaman torpaqlar yenidən öz əbədi sahiblərinə qayıdıb. “Möcüzə elə budur də. Bircə günə Lixtenştyen boyda torpaqlar özümüzə qayıdıb. Gedirsən-gedirsən, torpaq qurtarmır, a kişi”, - heyrətlə yol yoldaşlarıma deyirəm. Onlar da mənim sözlərimi təsdiqləyirlər.
Əsgərana çatırıq. Uzaqdan Əsgəran qalası görünsə də, hələ ora tələsmirik. Qəsəbənin mərkəzində maşını saxlayıb çəkiliş üçün düşürük.
Hava soyuqdur, temperatur sıfırın həndəvərində gəzişir. Külək yoxdur deyə, soyuq Bakıdakı kimi sümüklərə işləmir, üstəlik, günəş də bir tərəfdən xoş üzünü göstərir. Halbuki bir neçə gün qabaq gəlsəydik, deyilənlərə görə, qara, çovğuna düşəcəkdik. Quzeylərdə, güngörməz yerlərdə qalmış topa-topa qarlar sübutdur.
Soyuğa baxmayaraq, Əsgəranda həyat diridir. Qəsəbənin mərkəzindən keçən magistral xətlə avtomobillər yuxarı-aşağı şütüyür, aralarında ağır tonnajlı yük maşınları çoxdur. Görünür, irəlidə haradasa tikinti işləri aparılır, hələ bilmirik. Xaraktercə tikib-qurmağı sevən xalqıq axı, odur ki, azad olunmuş ərazilərdə də sürətli quruculuq işləri aparılır. Hər tərəfdə tikinti-abadlıq işləri görülür. Elə bil buralar dərin yuxuya gedibmiş, indi-indi gərnəşib ayılır.
Əsgəran qəsəbəsi çox nimdaş görünür. Bəzi evlərin üzərində, heykəllərdə, küçələrdə sovet atribut və şüarları hələ də qalır. Eyni mənzərə Şuşakənddə, başqa məntəqələrdə də təkrarlanır. Elə bil SSRİ dağılandan sonra separatçıların nəzarətində olan ərazilərdən zaman da küsüb gedib, bir də otuz il sonra bizimlə qayıdıb. Mənim sözlərimi qəribçiliyə salıb Əsgəranda, Şuşakənddə sovet atribut və şüarlarının qalmasını ənənəyə sadiqlik kimi o zaman yozmaq olardı ki, həmən atribut və şüarların rəngi-ruhu təzələnəydi, par-par yanaydı, daha boyası uçub-tökülməyəydi.
Dövlət qurumlarının nümayəndəlikləri də lokal antiterror əməliyyatlarından sonra azad edilmiş torpaqların digər ərazilərində yerləşdikləri kimi artıq Əsgəranda qərarlaşıb. “Azərpoçt”un xudmani nümayəndəliyinin qarşısında dayanmışıq. Evləri müşahidə edirəm. Xankəndidə “Qarabağ”la MOİK-in yarışı keçirilən zaman şəhərə gəlmiş dostumu bir məqam təəccübləndirmişdi. O demişdi ki, Xankəndidə evlər ermənilər necə qoyub gediblərsə, eləcə də qalıb. Onun dediklərini yoxlamaq üçün yol qırağındakı evlərdən ikisinin küçə qapısına toxunuram, kilidli deyil. Düzü həyətə keçmirəm, amma aralıdan baxanda da evin salamat olduğu görünür.
Bu vaxt bir it yaxınlaşır. Üz-gözündən aclıq tökülür. Yola götürdüyümüz kolbasadan bir qırıq kəsib itə atırıq. Əvvəl ürkür, sonra yaxınlaşıb iyləyir və bizimmi yad, yeminmi tələ olmadığını dəqiqləşdirəndən sonra kolbasa tikəsini ağzına ötürür. Ona yazığım gəlir. Görəsən nə yeyib-içir?
Səfər boyu istər Xankəndidə, istərsə də Pirlərdə, Şuşakənddə, Qırmızı Bazarda, Sosda çoxlu yiyəsiz it görəcəyik. Özü də əksəriyyəti pitbull, doq, xaski, yəni cins itlər. Ermənilər gedəndə tarixin bu ilk vəfalı heyvanlarına vəfasızlıq göstəriblər, illərlə sevib-oxşadıqları vəfalıları qoyub çıxıblar.
Orda olduğum neçə gündə hər dəfə qabağıma yiyəsiz it çıxanda fikirləşdim ki, görəsən, Allahın bu yazıq varlıqları soyuqda, şaxtada nə yeyirlər? Tutalım Xankəndidə, polis postlarının yaxınlığında barınanları birtəhər başlarını girələyirlər, bəs heç kəsin yaşamadığı kəndlərdə sülənənləri nə tapır? Onun üçün də özümlə hoteldən çıxanda yeməyimizin artığını götürürdüm ki, yolda it görəndə qabağına atım.
Sualın cavabını isə səfərimizin son günü öyrənirəm. Demə, Şuşada rəhbər vəzifədə çalışan bir şəxs hər gün maşınını yeməklə doldurub kənd-kənd gəzir, soyuqda, şaxtada ac qalan sahibsiz itləri yemləyirmiş. Açığı eşidəndə qəlbim fərəhlə dolur, xeyirxahlığını gözlərimlə görəndən sonra isə sevincdən ağlamaq istəyirəm. O soyuqda, qarda-şaxtada dağları-daşları gəzib yiyəsiz itləri yemləmək sizə asan iş gəlməsin. Böyük ürək tələb edir.
Qabaqda bizi uzun və yorucu olmaqla yanaşı, sevindirici, qürurverici, eyni zamanda kədərli səfər gözləyir. Planımızda bir çox məntəqələrə baş çəkmək var. Gündüz işığına hamısına yetişməyə çalışacağıq, vaxtımız qum kimi barmaqlarımızın arasında sovrulanda isə, heç olmasa gecə də olsa həmən məntəqələrə gedəcəyik. Odur ki, bəzi çəkilişlərimiz günün qaranlıq vaxtına düşəcək.
Anonsda deyib qabaqcadan dadını qaçırmaq istəmirəm, bu uzun, kədərli və qürurverici səfərdən boğçası dolu gəlmişik. Vaxtı çatdıqca hamısını təqdim edəcəyik. Sadəcə bizi izləməyiniz yetər.
***
Çin səddinin oxşarı
Aralıdan baxırsan, Çin səddinə bənzəyir. O səbəbdən də Əsgəran qalasına bəzən sədd deyirlər. Deyilənə görə, qala/sədd 18-ci əsrdə Pənahəli xan tərəfindən tikilib. Lakin qalanın Pənahəli xanın oğlu İbrahimxəlil xan tərəfindən tikildiyini iddia edənlər də var. Qala müdafiə məqsədilə, xanlığın şərq sərhədlərini düşməndən müdafiə etmək məqsədilə inşa edilib, bu dəqiqdir.
Qala Əsgəranın dağlarından başlayıb, çökəklik boyu Qarqarçayın vadisini yarıb keçir. Qalanın sağ sahil istehkamı bürclərlə möhkəmləndirilib, ikiqat daş divarlardan ibarətdir. Bütün bürclər ikimərtəbəli olub, bir-birləriylə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilib. Relyefə uyğun olaraq dəhlizlər bir bürcün birinci mərtəbəsini digər bürcün ikinci mərtəbəsi ilə birləşdirir. Dağ keçidindən müdafiə olunan kənar şərq bürc xüsusi formalı otaqların yaratdığı kompleksdən ibarətdir. Qalanın sol sahil hissəsi isə bir müdafiə həlqəsində birləşən düzbucaqlı trapesiya şəkilli istehkamlardan ibarətdir. Burada relyef nəzərə alınmaqla inşa olunmuş qala divarları altı bürclə möhkəmləndirilib. Qarqar çayından başlayaraq dağa doğru uzanan qala divarları qala həyətini əmələ gətirir.
Qalanın ortasından avtomobil yolu keçərək, onu ikiyə bölür. Güman ki yol sovet illərində çəkilib. Avtomobil yoluna çıxan qala divarları və bürclərin bəzisi isə işğal illərində bərpa edilib.
İşğaldan azad edilmiş torpaqlarımıza səfərlərimizin bir çoxunda bizə yoldaşlıq edən tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev yenə bizimlədir. Onunla bürclərdən birinə qalxırıq. Bayram Quliyev qalanın tarixi, tikilmə səbəbi haqqında müfəssəl məlumat verir: “Əsgəran səddi olduqca mükəmməl memari quruluşa malikdir. Çünki inşa olunan zaman coğrafi amil də nəzərə alınıb. Ona görə də həm bürclər, həm də dəhlizlər bir-birilə əlaqəlidir. Bu relyefə uyğunlaşdırılmış memarlıq həllidir. Bürclər isə Azərbaycan memarlığı üslubundadır. Bu cür bürclərə Bakıda, Naxçıvanda, Dərbənddəki Narınqalada da rast gələ bilərik. Narınqala da Xəzər dənizindən başlayıb dağlara qədər uzanır, bu qala da çayın hər iki sahilindən şaxələnir. Böyük ehtimal ki, Əsgəran səddinin inşası zamanı Narınqalanın memarlıq quruluşundan istifadə edilib”.
Tarixçi tikilini nə tam qala, nə də sədd adlandırsa da, maraqlı yozum da verir: “Bu səddin içərisində olan qaladır”.
“Bir çox qaynaqlarda qalanın və məntəqənin adı “Əsgi Aran” adlandırılır - Tarixçi-alimlə qala divarının üstündə baxış keçirən zaman deyir - Əslində isə bizim dilimizdə bir -an, -lar şəkilçisi var. “Əsgəran” “əsgərlər” mənasını da verir, böyük ehtimal ki, Əsgəran qalası hərbi-strateji məqsədlə tikildiyindən bu cür adlandırılıb”.
Açığı Bayram Quliyevin fərziyyəsi ağlıma batır. Nədən ki, dayandığımız yer Arandan çox uzaqdır. Üstəlik qaynaqlarda da “Yeni Aran”, “Əsgi Aran” ifadələri yoxdur.
“Biz indi Qarqarçayı sakit, sısqa bir çay kimi görürük, qaynaqlarda isə onun eninin 500 metrə yaxın olduğu yazılıb - Alim qala divarının üstündən boylanaraq sözünə davam edir - Həmən məsafəni nəzərə alsaq, qalanın hər iki hissəsinin bu qədər aralı olmasının səbəbi aydın olur. Qalanın iki ayrı hissədə tikilməsinin səbəbi odur ki, bura işğal ediləndə o tərəf, o tərəf işğal ediləndə bu tərəf salamat qalsın və xanlığın mərkəzinə – Şuşaya vaxtında məlumat ötürülə bilsin”.
Belə bir əfsanə dolaşır ki, qalanın inşası zamanı Çinə memarlar göndərilib. Onlar Çin səddinin memarlığını öyrənərək burada tətbiq ediblər. Lakin tarixçimiz mənimlə razılaşmır: “Bu söyləntilərdən başqa bir şey deyil, bunu təsdiq edən tarixi qaynaq yoxdur. Qala böyük ehtimal ki, Dərbənd səddi ilham alınaraq tikilib”.
Danışa-danışa qalanın yuxarı hissəsinə gəlib çıxırıq. Alimin sözlərinə görə, yuxarı hissəni qalanın təminat ərazisi də adlandırmaq olar.
“Kobud şəkildə desək, qalanın idarəetmə mərkəzi bura olub?” - Bayram Quliyevdən soruşuram.
“Hə, elədir, idarəetmə buradan aparılıb”.
Yuxarı hissədə qala divarlarına nəzər yetirirəm. Bura qala həyətinin hər küncündə bir bürc yerləşməklə demək olar ki, kvadrat formalı qapalı istehkam yaradıb. Bu həyətdən aşağı həyəti ayıran köndələn divarda daxili, üstü tağlı darvazalar var. Aşağı həyət şərq tərəfdən açılıb, belə ki, hər iki divar çaya qədər uzanır.
Yuxarıdakı kvadrat biçimli istehkam, görünür, müdafiə sistemində xüsusi əhəmiyyət kəsb edirmiş, hətta qalanın aşağı hissəsi düşmənin əlinə keçdikdə də burada mübarizəni davam etdirmək mümkün görünür. Hündürlüyü 9 m, qalınlığı 2 m-dən ibarət qala divarlarının üz hissəsi yaxşı işlənmiş çay daşlarından tikilib. Horizontal sıralı döşəmə daşları tikintini daha da canlı göstərir.
Daha sonra tarixçi ilə maraqlı dialoqumuz başlayır:
- Adətən tarixi binalar özlərindən əvvəl olmuş tikililərin üzərində inşa edilir. Əsgəran qalası ilə bağlı da bunu demək olarmı?
- Mənbələrdə bununla bağlı bir məlumat yoxdur.
- “Qarabağnamə”lərdə Əsgəran qalasının inşası ilə bağlı məlumatlar da dəqiq deyil.
- Elədir. “Qarabağnamə”lərdə məlumatlar müxtəlifdir. Bəziləri Pənahəli xanın, bəziləri İbrahimxəlil xanın, digərləri də Mehdiqulu xanın adını çəkir. Bu boyda qala səddinin bir xanın dövründə tikildiyini söyləmək çətindir. Mənim qənaətimə görə qala Pənahəli xanın dövründə planlaşdırılıb, inşası İbrahimxəlil xanın dövrünə düşüb, möhkəmləndirilməsi isə Mehdiqulu xanın dövrünə təsadüf edib. Böyük ehtimal ki, qalanın əsas inşası İbrahimxəlil xanın dövründə baş tutub. Amma niyə tamam yekunlaşmayıb? Çünki İbrahimxəlil xanın dövründə bir tərəfdən Qacar hücumları, digər tərəfdən Rusiya hücumları var, üstəlik Kürəkçay müqaviləsi də bağlanır. Ona görə də bütün bunlar tikintinin ləng getməsinə səbəb ola bilərdi.
- Qarabağ xanları özləri buradan yaşayış yeri kimi istifadə ediblərmi?
- Bunu deyə bilmərik. Bura daha çox hərbi məqsədlər üçün istifadə edilib və əsgərlər üçün nəzərdə tutulub.
- Əsgəran yəqin ki, Qarabağ xanlığının sərhədi olmayıb, xanlığın sərhədləri sonradan çox genişlənib...
- Düzdür, qaynaqlarda Əsgəran qalasının xanlığın şərq sərhədlərində inşa edildiyi deyilsə də, bu ərazi xanlığın sərhədi olmayıb. Xanlığa zaman-zaman Gəncə, İrəvan, Naxçıvan xanlıqlarının birləşdiyini görürük. Sabit sərhəd yox idi.
“Buna baxmayaraq qalanın inşası illərlə davam edib. Bütün dövlətlər yeni qurulanda öz qüdrətlərini hansısa tikililərlə tərənnüm edirlər. Mənə elə gəlir ki, Qarabağ xanları öz qüdrətlərini, ehtişamlarını göstərmək üçün bu qalanının inşalarını dayandırmayıblar. Bu geniş, möhkəm qala divarları ilə öz qüdrətlərini göstərməyə çalışıblar və qala da günümüzə bu formada gəlib çatıb”, – deyirəm.
“Hələ bəzi hissələri dağılsa da, görün nə qədər qüdrətlidir – Alim fikrimi təsdiqləyir – Elədir”.
Yuxarıda dediyim kimi, işğal dövründə ermənilər qalanın “bərpa”sını həyata keçirsələr də yanında dayandığım qapıya baxanda görünür ki, inşaat zamanı qaydalara əks olaraq betondan istifadə edilib. Bu da ermənilərin qalanı necə bərpa etdiyinə bariz sübutdur.
Əsgəran qalasında çəkilişləri yekunlaşdırmaq üzrəyik. Qarşıda bizi növbəti səfərlər, növbəti təyinat nöqtələri gözləyir. Qalanın qarşısına keçib üzü Xocalıya sarı dayanıram. Səddin hər iki tərəfini birləşdirmək istəyirmiş kimi qollarımı yana açıram.
Qarabağ xanlığını düşməndən qorumaq üçün inşa edilən Əsgəran qalası antiterror əməliyyatları nəticəsində azad edilərək, nəhayət, 31 il sonra özümüzə qayıtdı. Mahnıda səsləndiyi kimi: Bu qala bizim qala! Və mən qalanın ətəyində dayanıb azman bürclərə baxaraq düşünürəm. Daha Əsgəran qalası yad əllərdə deyil. Və məndən ötrü Əsgəran qalası bu məqamda yeni bir məna qazanır:
Biz də Azərbaycan xalqı olaraq bu qala divarlarından, bürclərdən qüvvət almalı, Vətənimizin mənəvi sərhədlərində ehtimal olunan düşmənə qarşı hər zaman belə dik, məğrur və qürurlu dayanmalıyıq!
O zaman bizə heç bir düşmən bata bilməz!
Foto - İlkin Nəbiyev ©️ APA GROUP