Bakının ortasında ölüm saçan yaşayış məskəni – REPORTAJ –
Yarıqaranlıq, dəhşətli qoxu... Heç bir məna ifadə etməyən donuq sifətlər... Hissiyyatsız bir məkanın yaşamaq uğrunda mübarizə aparan sakinləri. Varlıqları ilə yoxluqları bilinməyən şəhərin mərkəzindəki unudulmuşlar – tərki-dünyalar. Onların hamısı bir yerdə yaşayır – xəstəxanada...
Bakıda elə bir yer var ki, orada qaçqınlar, şəhərdə dilənən qaraçılar və evsiz-eşiksiz bomjlar bir yerdə yaşayır. Həmin ərazi çox uzaqda yox, elə şəhərin mərkəzində, Cəlil Məmmədquluzadə küçəsində yerləşir. Əslində bura sahibsiz də deyil, söhbət Səhiyyə Nazirliyinin tabeliyində olan Kliniki Tibbi Mərkəzin (keçmiş Semaşko adına xəstəxana) radiologiya şöbəsindən gedir.
Bu şöbə neçə ildir fəaliyyət göstərmir. 1997-ci ildə bir qrup qaçqın ailəsi şöbənin binasında məskunlaşıb. Hazırda burada əksəriyyəti Füzuli rayonundan olan 7 qaçın ailəsi yaşayır. Onlar burda özlərinə yaşayış üçün şərait yaradıblar. Hətta qaçqın ailələrindən birinin həyətində qoyun tövləsi də var idi.
Artıq 13 ildir ki, burada yaşayan Füzuli Əsədov adlı sakin radiologiya şöbəsində güzəranlarının pis olmadığını deyir. Onun sözlərinə görə bir neçə dəfə polislər onları köçürmək istəsə də, buna nail olmayıblar: “Neçə dəfə gəlib tökülüblər. Elə vaxt olub, 200 nəfər gəlib. Amma biz burdan çıxan deyilik. İşıq pulu veririk, qaz pulu veririk. Mən məktəbi də burda qurtarmışam, burda evlənmişəm. Niyə çıxmalıyam ki?”
Şöbədə kirayə yaşayanlar
Radiologiya şöbəsinin digər sakinləri isə gündüzlər küçələrdə, metro stansiyalarının qarşısında, orda-burda dilənçilik edib, fala baxan qaraçılardır. Səhər saatlarında “işə” yollanan qaraçılar gecələmək üçün bura gəlirlər. Qəribədir ki, dilənçilər şöbənin xarabalıqları arasında... kirayə qalırlar! Ərazini mənimsəmiş qaçqın ailələrindən biri taxta-parçalarından balaca daxmalar düzəldərək qaraçılara kirayəyə verib. Xarabalıqda kirayə qalanlardan biri də gününün böyük hissəsini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qarşısında keçirən Şəkərnaz Bəkirovadır. O, iki qızı ilə birgə axşam 10-a kimi dilənir, yalnız gecələri radiologiya şöbəsində keçirir: “2 aydı “opşitel”də (radiologiya şöbəsini nəzərdə tutur) yaşayırıq. “Xozeyn”ə hər gün 2-3 manat veririk. Allah onun köməyi olsun, yaxşı adamdı, narazılığımız yoxdu. Rayonda (Yevlax) dolanışıq yox idi. Ona görə yığışıb gəlmişik. Buranın camaatı ürəyiaçıqdı, ən çox da instituta girmək istəyənlər-zad gəlir, ona görə pul verirlər”.
Şəkərnaz Bəkirova indiyədək 3 dəfə ailə qurub. Dediyinə görə hazırkı həyat yoldaşı da 3 dəfə evlənib. Qəribədir ki, qaraçı ailələrində evin arvadı və uşaqlar bütün günü işləyir, yəni dilənçilik edir. Evin kişisi isə evdə oturur. Radiologiya şöbəsində olarkən Şəkərnaz xanımın həyat yoldaşını soraqlaşıb tapdıq. O, həyətdə paltar yuyub, sərirdi.
Xəstəxananın sərxoş sakinləri
Ümidsizlərin pənah, evsizlərin yaşayış yeri olan radiologiya şöbəsinin ən orijinal sakinləri bomjlardır. Şöbənin onlar yaşayan hissəsindən elə iy gəlirdi ki, ora yaxınlaşmaq belə olmurdu. Bomjların daxmasının qarşısında o qədər zir-zibil vardı ki, buranı 3-4 “Kamaz”la da daşıyıb aparmaq olmazdı. Burada 3 bomj yaşayır, hərəsi də özünə bir otaq qurub. Amma bu xarabalıqlar arasında, uçmuş plitələrin altında ömür sürən tərki-dünyalar hallarından məmnun görünürlər. Aralarında ən yaxşı dolananı, deyəsən, bizim söhbətləşdiyimiz Jenya idi. Onun otağında televizor, ventilyator kimi məişət əşyaları var. Özü də, demək bir az qəribə səslənməsin, səviyyəsiz adama oxşamır - gözündə eynəyi, sifətində ziyalı mimikası var. Dediyinə görə, iki institut qurtarıb, ailəsi, övladları, şəxsi torpaq sahəsi də var. Amma burda daha rahatlıq tapır: “Arvadla boşanandan sonra evdən çıxdım. Çox yerdə yaşamışam, indi burdayam”. Jenya familiyasını da xatırlamır. Dediyinə görə, ayıq olanda heç nəyi yada sala bilmir: “Bacıoğlu, bir manat ver, belə başım işləmir, danışa bilmirəm”.
Baş həkim: “Onlar şərəşür adamlardı”
Kliniki Tibbi Mərkəzin tabeliyində olan radiologiya şöbəsinin qapısının üzərində vərəq yapışdırılıb. Burada insanlardan Onkoloji Klinikaya müraciət etmələri xahiş olunur. Azərbaycanda ən böyük tibb ocağı olan Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov da tabeliklərində olan radiologiya şöbəsinin neçə ildir ki, fəaliyyət göstərmədiyini dedi: “Mərkəz təmir olunarkən radiologiya şöbəsi nəzərdə tutulmamışdı. Neçə illərdir, ora işləmir”.
Tərlan Bəbirov onu da bildirdi ki, xəstəxananın ərazisində yad insanların yaşamasından xəbərdardırlar. Amma Bəbirov qaraçı və bomjların da burada gecələdiyini bilmədiyini əlavə etdi: “Düzü, biz həmin əraziyə nəzarət edə bilmirik. Orda qaçqınlar yaşayır, onlara da nə isə demək mümkün deyil. İndi hansı qaçqını yerindən tərpətmək olur ki? Dəfələrlə polisə müraciət eləmişik ki, həmin insanları çıxarsınlar. Amma onlar çox şərəşür adamlardır. İşıqlarını, qazlarını, sularını kəsmişik, yenə çıxmırlar, öz bildiklərini eləyirlər. Bütün günü xəstəxananın ətrafında dolaşırlar. Bizim onlara gücümüz çatmır”.
Müasir dördə radioloji müalicə üsulu sürətlə inkişaf edir. Amma bu zaman radioaktiv elementlərdən istifadə olunur ki, buna görə də xüsusilə ehtiyatlı olmaq lazımdır. Deyilənlərə görə, Kliniki Tibbi Mərkəzin tabeliyində olan, amma evsiz-eşiksiz şəxslərin məskunlaşdığı radiologiya şöbəsində də xeyli zəhərli maddə qalıqları var. Sakinlərin dediklərindən bəlli olur ki, burada əkilən heç bir bitki yetişmir.
“Sağlamlığa Çağırış İctimai Alyansı”nın sədri Aytəkin Əsgərova da belə yerdə yaşamağı təhlükəli sayır: “Radioaktiv şüalanmanın olduğu ərazidə yaşayan insanlar qan-damar sistemindən tutmuş, dəri xəstəliklərinə kimi yoluxmaq ehtimalı var. Həmin ərazilər mütləq təmizlənməlidir və yaşayış qadağan olunmalıdır. Azərbaycanda bununla bağlı həm Elmlər Akademiyasının tərkibində institut, həm də Tibb Universitetində kafedra mövcuddur”.
Bura uzaq, əlçatmaz yer deyil. Bura Bakının mərkəzidir – düz mərkəzi... İnsanın ehtiyacdan hər cür çətinliyə qatlaşmasını anlamaq olar. Amma ölümə qatlaşmağı anlamaq çətindir. Burda insanlar ehtiyac üzündən ölümə qatlaşıblar...
Nizam Rza

1844