Bir çoxları üzləşdikləri bəlalardan, sıxıntılardan və.s xilas olmağın yolunu intihar etməkdə görürlər. Təəssüf ki, tez-tez mediada bu cür əlacsız və könüllü surətdə həyata keçirilən ölüm xəbərlərini eşidirik. Məsələnin acınacaqlı tərəflərindən biri də odur ki, bəzi xəstəliklərdə qeyd olunan “ölüm yaş tanımır” ifadəsini artıq intiharlara da şamil etmək olar. Nə qədər ağır və inanılmaz olsa da, bu yaxınlarda Bakının Zabrat qəsəbəsində 10 yaşlı qız özünü asıb öldürmüşdü. Araşdırmalara görə, intihara ən çox səbəb olan amillərdən biri, bəlkə də birincisi sevgidir.
Yəqin siz də belə xəbərlərə rastlaşırsınız - Bakı bulvarında intihar oldu, sevgililərin özünü dənizə atdı və s.
Mövzumuzun da əsas tərəfi elə bununla bağlıdır. Görəsən son çarəni ölməkdə görən, ancaq xilas olunan şəxslərə sonrakı münasibət necə olmalıdır? Onlar ailələri tərəfindən necə qarşılanır?
Bu barədə Lent.az-a danışan psixoloq Elnur Rüstəmov intihara gətirib çıxaran amillərə aydınlıq gətirib. O, həmçinin karantin rejiminin yumşaldılması ilə intiharların təkrar artacağını da dilə gətirib:
“İntihara səbəb olan amillər çoxdur. Ümumi olaraq qeyd olunur ki, burada genetik, sosial və psixoloji faktorlar var. Baş verən intiharlar daha çox sosial və psixoloji faktorlardan qaynaqlanır. Həmin faktorlarda isə ailə daxilində konfliktlər, fərdin özünün daxilində olan psixoloji gərginliklər, narahatlıqlar, fərdin özünü aktuallaşdıra bilməməsi və ya ünsiyyət problemi ola bilər. Həmçinin şəxslər arasında yarana biləcək psixoloji gərginliyi qeyd etmək olar. Bu da intihar amilinə rəvac verə bilər. Yəni, şəxslər arasında gərginlik zamanı fobiya və ya depressiyanın yaranması ehtimalı var. Əgər əvvəllər zərərli vərdişlərdən, uzunmüddətli ağır xəstəliklərdən əziyyət çəkənlər, tənha və yaşlı insanlar intihar edirdisə, indi artıq azyaşlılardan tutmuş bütün yaş qruplarında buna rast gəlirik. Bu gün dünyada da intihar artan sürətlə gedir. Sadəcə pandemiya dövründə intiharlara az rast gəlindi. Çünki konkret səbəb və məqsəd vardı ki, COVİD-19-la mübarizə aparmaq lazımdır. Bu mübarizə çərçivəsində istər ailədaxili konfliktlər, istər depressiya və digər problemlər arxa fona keçmişdi. Karantin rejimi yumşaldıqca görürük ki, psixoloji problemlər də artır. Bunun üçün önləyici tədbirlər görülməlidir”.
Psixoloq bildirib ki, intihara cəhd edən insana sonradan sosial psixoloji reabilitasiya və psixoloji dəstəyin göstərilməsi vacibdir:
“İntihara cəhd edən şəxslər birmənalı şəkildə reabilitasiyaya götürülməli və onlara psixoloji dəstək göstərilməlidir. Statistika göstərir ki, bir dəfə intihara cəhd edən insan sonradan yenə buna cəhd edəcək. Bu gün də intihar edənlərin bir qismi təkrar intihar edən insanlardır. Onlara psixoloji dəstək göstərilmədiyi üçün sonradan təkrar intihara rəvac verir. Həm ailə üzvləri, həm də cəmiyyət intihara cəhd edən şəxsə psixoloji dəstək göstərməlidir. Çünki baş verən hadisə ilə yaxın ətraf məlumatlıdırsa, onların cəmiyyətə adaptasiyasında çətinlik olur. Psixologiyada buna stiqma deyilir. Mənası damğa deməkdir. Ailədə kimsə intihara cəhd edibsə, bu ailə üzvlərinin narahatlığına səbəb olur. Çünki onlar birdən yenə intihar etmək istəyər deyə, daim düşünürlər. Özünə qapananda, ailə üzvlərinin gözündən kənarda olanda həmin insan üçün narahat olurlar. Burada təkcə intihara cəhd edən şəxs yox, onun bütün yaxınları bu sarsıntını keçirmiş olurlar. Ona görə də, onlara sosial psixoloji reabilitasiya və psixoloji dəstəyin göstərilməsi vacibdir. Hər bir ailə individualdır və problemlər də fərqlidir. Ancaq intihara cəhdə səbəb olan problem analiz edilməli və həlli tapılmalıdır. Əks halda, problem ortadan qalxmayacaqsa, təkrar intihara cəhdin olma ehtimalı çoxdur. Buna görə də ailə üzvləri diqqətli olmalıdır”.
Məsələni hüquqi tərəfdən şərh edən tanınmış hüquqşünas Kamandar Nəsibov isə Lent.az-a danışarkən əksər hallarda intihara cəhdlə balı konkret olaraq kiməsə cinayət işi açılmadığını qeyd edib:
“Özünü öldürmə həddinə çatdırma hadisələrinin səbəbini tapmaq çətindir. Bu hansısa psixoloji məsələ ilə bağlıdırsa, ümumiyyətlə, araşdırılması uzanır. Tutaq ki, hansısa qız atası onu istədiyi oğlana vermir deyə, öldürüb. Ata deyəcək ki, mən sadəcə məsləhət verirdim. 18 yaşı tamam olan, özünü idarə etməyi bacaran adam sərbəst qərar verə bilir. Bu kimi səbəblərə görə, niyə gedib özünü öldürməlidir? Dəfələrlə şahidi olmuşuq ki, ailə evliliyə razılığa olmadığı təqdirdə cütlüklər bir-birinə qoşulub qaçıb. Yəni, məsələnin həlli elə özünü öldürmək deyil. Buna görə kiməsə cinayət işi açılmır. Kimsə məsuliyyət daşımır”.