Hər milli türk düşüncəsinə malik bir insan üçün mənəvi müəllim, yol göstərən olan Turan hocamızın – Turan Yazqanın vəfatından bir il keçir. Türk dünyası üçün böyük bir itkidir. Fikir adamı, gerçək alim olaraq həyatını bir şam kimi uca millətinin yolunda əridən, əritdikcə də bundan yalnız xoşbəxt olan böyük bir insan idi. Onun vətən sevgisi ilə dolu ürəyi təkcə doğma Türkiyəsi üçün deyil, Altaylardan Balkanlara qədər səpələnmiş böyük türk millətinin hər bir fərdi üçün döyünürdü. Türkiyə türklüyü ilə yanaşı, dünya türklüyü üçün də yaşamaq və yazmaq eşqi onun ruhunun mütləq hakimi idi. O, bir çox vacib həqiqətləri görən, göstərməyə çalışan dava adamlarından biri kimi yaşadı öz həyatını. Şərqdə və qərbdə millətimiz üzərində oynanılan oyunları dərindən bilən, bildiklərini yazan, söyləyən və öyrədən cəsur bir insan idi. Şeyx Əhməd Yasəvi həzrətlərinin türk-islam ülküsünün bulağından su içmiş, Qaspıralı İsmayıl bəy kimi bütün türk dünyasının «Dildə, fikirdə, işdə birlik» fəlsəfəsinin daşıyıcısı olan ərənlərdən idi.
Turan hocanın məqalələrində, çıxışlarında elə xüsuslar var ki, onlar türk birliyi ülküsünə inanmış, könül vermiş insanlar üçün vəsiyyət qiymətindədir. Bunları hər an xatırlamaq lazımdır: Türk gəncləri oxumalı və öz ixtisaslarına uyğun şəkildə peşəkar kadrlar olaraq yetişməlidirlər. Yalnız bu cür onlar öz milli dövlətlərinə və bütünlükdə türk dünyasına xidmət göstərə bilərlər; Dünyada türklər kimi 32 fərqli əlifbadan istifadə edən başqa bir millət yoxdur. Əlifba birliyinə nail olunmadan, türk birliyini reallaşdırmaq mümkün olmayacaq. Bu səbəbdən bütün türk dövlət və topluluqlarını tək əlifbada birləşdirmək ana hədəf olmalıdır; Türk dünyasının yeraltı və yerüstü zənginlikləri son 200 ildə qobal güclər tərəfindən sömürülməkdədir. Bu səbəbdən, Türk dünyasının yeraltı və yerüstü zənginliklərinin türklər tərəfindən nəzarətə alınması, türklər tərəfindən istifadə edilməsi, artan dəyərin bazar qiymətləri üzərindən dünya bazarlarına çıxardılması gərəkməkdədir. Böyrümüzə xəncər kimi saplanaraq Ermənistana verilən tarixi torpaqlar əldə edilərək, Türk dünyası arasında quru yol bağlantısının qurulması gərəkməkdədir; Türk dünyasında ortaq şəkildə vahid türk dili üzrə tədrislər aparılmalıdır; Türk dövlət və topluluqları arasında yaxınlaşma və anlaşmanın əldə edilməsi üçün hər fürsətdən istifadə edilməlidir.
Professor Doktor Turan Yazqan bu idealına sadiq qalaraq, gerçək dava insanı kimi millətinə xidmət göstərmək məqsədi ilə Türk Dünyası Araşdırmalar Vəqfini qurdu. Düşüncələrini daha da rahat paylaşmaq, insanları maarifləndirmək üçün «Türk Dünyası Tarih Kültür Dergisi»ni nəşr etdirdi. 1991-ci ildə Sovet İmperiyasının çöküşü ilə yeni müstəqillik qazanmış türk cümhuriyyətlərində orta məktəblər açdı. Müxtəlif mövzularda ədəbi və fikri əsərlərin yayımlanmasında və yayılmasında böyük rol oynadı. Türkiyə ilə türk cümhuriyyətləri və topluluqları arasında mədəni əlaqələrin qurulması və inkişafında öz əvəzsiz xidmətləri ilə yadda qaldı. Onun ən böyük idealı bütün türk dünyası üçün ortaq əlifba və dil məsələsi idi. Bu idealın gerçəkləşməsi üçün əlindən nə gəlirdisə etdi.
Azərbaycanda Türk Dünyası İşletme Fakültəsinin məzuniyyət törənində görmüşdüm hocamızı son dəfə. Fikirlərini, ideyalarını paylaşan bir tələbəsi kimi onunla söhbət etmişdim, onu dinləmişdim. Xəstəliyinin ən ağır dönəminə rəğmən Bakıya gəlmişdi. Azərbaycana bir başqa idi onun sevgisi… Burada, indi bizlərə əmanət olaraq qoyub getdiyi fakültəsi və körpə balalarımızın təhsil alması üçün açdırdığı Bakı Atatürk liseyi barədə danışırdı.
Allah sənə rəhmət etsin, ustad! Sənin getdiyin bu yol, hər zaman öndərliyində olduğun bu dava ülkülərimiz gerçəkləşənədək sürəcək. Neçə illər əvvəl sənin xeyir duanla kiçik fidanlarımız üçün açdığın o məktəblərdə bu şərəfli, lakin çətin yolun yükünü öz çiyinlərində daşıyacaq neçə Turan Yazqanlar yetişəcək! Bundan əmin ol və rahat uyu, ustad!
Vüqar Zifəroğlu
«Oğuz» Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri,
filologiya elmləri doktoru