Ümid Partiyası Bələdiyyə seçkilərində iştiraka qərar verdi
Ümid Partiyası Ali Məclisinin növbəti sessiyası keçirilib.
Azərbaycan dövlət himni oxunduqdan və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edldikdən sonra Ali Məclisin sədri Rəfail Tağızadə gündəlikdə olan məsələni Məclis üzvlərinin diqqətinə çatdırıb. Çıxış üçün söz partiyanın sədri İqbal Ağazadəyə verilib. Sədr ölkədə və regionlardakı ictimai-siyasi vəziyyət, qarşıda duran vəzifələr, seçkilərdə iştirakla bağlı geniş məruzə ilə çıxış edib.
23 dekabr 2019-cu il Bələdiyyə seçkilərindən danışan İqbal Ağazadə seçkilərdə iştirakın vacibliyini bildirib. “Biz 2004-cü ilin Bələdiyyə və son növbədənkənar Prezident seçkiləri xaric, digər bütün seçkilərdə iştirak etmişik. Biz seçkidə ona görə iştirak edirik ki, vətəndaşlarda seçki mədəniyyətini və seçki vərdişlərini formalaşdıraq. Partiya qərar verəcəksə, hər kəsin bu qərarın icrası üçün çalışması vacibdir”.
Ali Məclis 23 dekabr 2019-cu ildə keçiriləcək Azərbaycan Respublikasının Bələdiyyə seçkilərində Ümid Partiyasının iştirak etməsi ilə bağlı qərar qəbul edib.
Ümid Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri, səlahiyyətli şəxs olaraq Ümid Partiyası adından çıxış etmək, lazımi sənədləri imzalamaq hüququ haqqında müvafiq qərarlar qəbul edilib.
1454