Son illər Azərbaycan Respublikası uğurlu milli inkişaf strategiyasının tətbiqi ilə iqtisadi, siyasi, hərbi sahədə irəliləyişə nail olmuş, regionun lider dövlətinə çevrilmişdir. Bu isə öz növbəsində region dövlətləri, həmçinin beynəlxalq arenanın aparıcı qüvvələri ilə əməkdaşlığın zəruriliyinə gətirib çıxarır. Azərbaycan qonşu dövlətlər, güc mərkəzləri üçün strateji əməkdaş, etibarlı tərəfdaş imicini formalaşdırmışdır. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçudur və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz.
Azərbaycan Respublikasının hərbi-iqtisadi tərəfdaşlığının hansı əsaslara dayanmasının göstəricilərini aşağıdakı şəkildə vurğulamaq olar:
- Dövlətlərarası iqtisadi əlaqələrin inkişafı bütövlükdə dövlətlərin milli iqtisadiyyatının beynəlxalq miqyasda inteqrasiyasının əsasıdır. İqtisadi inkişafın dövlətlərarası iqtisadi əlaqələrdən təcrid olunmuş şəkildə reallaşması mümkün deyil. Beynəlxalq və regional səviyyədə iqtisadi əməkdaşlığın yaradılması zəruridir;
- Müasir dövrdə “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” devizinə əsaslanan siyasət həyata keçirilir ki, Azərbaycanın iqtisadi gücü onun etibarlı tərəfdaş kimi tanınmasına zəmin yaradır;
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün daşımaqda olduğu təhdid və risklər dövlətlərlə hərbi əməkdaşlığın genişləndirilməsinə, Azərbaycanın hərbi tərəfdaş axtarışına gətirib çıxarmışdır;
- Silahlı qüvvələrin NATO standartlarına uyğun qurulması istiqamətində əməkdaşlıq, Azərbaycanda ayrıca hərbi sənaye nazirliyinin yaradılması prosesinin NATO ölkələri tərəfindən dəstəklənməsi, bunun ardınca Azərbaycana intensiv səfərlərə, danışıqlara start verilməsi öz-özlüyündə Azərbaycanın hərbi sahədə dünyaya inteqrasiya olunma istəyinin real zəminə söykəndiyini sübut edir;
- Azərbaycanın iqtisadi potensialı, malik olduğu təbii sərvətlər, əlverişli təbii-coğrafi mühitin mövcudluğu iqtisadi tərəfdaş kimi dövlətlər tərəfindən diqqət mərkəzinə keçməsinə və iqtisadi əməkdaşlığın yaranmasının zəruriliyinə səbəb olmuşdur.
Azərbaycanın hərbi sahədə tərəfdaş olduğu, müdafiə sənayesinin inkişaf planında xüsusi mövqe qazanmış ölkələrin siyahısına əsas 4 ölkə daxildir: Türkiyə, İsrail, Cənubi Afrika Respublikası və müəyyən səviyyədə Pakistan. Hazırda Azərbaycanla bu ölkələr arasında müdafiə sənayesi və silah alqı-satqısı sahəsində ciddi əməkdaşlıq prosesi qurulmaqdadır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan hərbi texnikanın müasirləşdirilməsi prosesi və Bakının bu yöndə strateji fəaliyyəti Qərb dairələrinin diqqətinə səbəb olur. NATO qurumları bu yöndə istər rəsmi, istərsə də qeyri-rəsmi səviyyədə Azərbaycanla fəal müzakirələrə, ardınca isə əməkdaşlığa başlamağa həmişə hazır olduqlarını bəyan edir. NATO ilə əməkdaşlıq müharibə vəziyyətində olan ölkəmizin hərbi əməliyyatlarının həyata keçirilməsinə dəstək kimi deyil, məhz silahlı qüvvələrdə həyata keçirilən islahatların texniki təminatı kimi qəbul edilir. Qərbin Azərbaycanla indi başlanmış və strateji planda daha da genişlənəcək hərbi-texniki əməkdaşlığının hədəfi də budur. Strateji dövr üçün dövlətlər qrupu da genişlənir. Azərbaycan Respublikası dünyanın 29 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalayıb.
1993-cü ildən etibarən yürüdülən iqtisadi strategiya Respublikamızın iqtisadi potensialının tanınması, dövlətlərarası iqtisadi inteqrasiyanın genişlənməsi, iqtisadi həyatın canlanmasına xidmət edir. Azərbaycanın iqtisadi sahədə tərəfdaş olduğu ölkələr Türkiyə, MDB ölkələri - Rusiya, Gürcüstan, Belarus, Ukrayna, Qərbi Avropanın inkişaf etmiş dövlətləri – Almaniya, Fransa, İtaliya, Böyük Britaniya və s.
Xüsusilə də son dövrlərdən Azərbaycanın hərbi-iqtisadi sahədə artımı onu əsas tərəfdaşlardan birinə çevirmişdir. Bu bir reallıqdır ki, hər bir dövlət öz mənafeyi baxımından tərəfdaşlığın yaranmasına maraqlıdır. Azərbaycanda isə əlverişli iqtisadi mühitin mövcudluğu bunun üçün obyektiv zəmin hazırlayır. 2009-cu ildən iqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycanın enerji siyasətində söz sahibi və həlledici mövqeyə malik bir dövlət kimi təsdiqlənməsi, hərbi strateji tərəfdaş kimi tanınması məqsədyönlü, düzgün istiqamətlənmiş hərbi-iqtisadi strategiyamızın uğurlu nəticəsidir. Azərbaycan Respublikasının gələcəyə istiqamətlənmiş strategiyası səmərəliliyini və praktikliyini sübut etməklə, Azərbaycanın hərbi-iqtisadi gücə malik ölkə kimi xarakterizə olunmasına səbəb oldu.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı