Azərbaycan-İran münasibətləri: Ümummilli Liderin balanslı siyasəti
Cənubi Qafqazda cərəyan edən siyasi proseslərə təsir göstərən əsas aktorlar sırasında İran İslam Respublikası mühüm yerlərdən birini tutur. İran həmçinin, Cənubi Qafqazın regional təhlükəsizliyində və geostrateji məsələlərində özünəməxsus rolu ilə seçilən dövlətlərdən biridir. Bu baxımdan, regionun lider dövləti kimi Azərbaycan Respublikasının xarici siyasətində bu dövlətlə balanslaşdırılmış qarşılıqlı münasibətlər qurulması müstəqilliyin ilk illərindən prioritet vəzifə olaraq qarşıya qoyulmuşdur.
Geosiyasi baxımdan olduqca əhəmiyyətli bir bölgədə - Qafqaz və Orta Şərqin kəsişməsində yerləşən bu iki dövləti ortaq etnik, dini və mədəni xüsusiyyətlər birləşdirir. Bu oxşar dəyərlərə baxmayaraq, Azərbaycan və İran fərqli siyasi strategiyaları və fərqli siyasi rejim xüsusiyyətlərinə sahib olmaları ilə fərqlənir. Məhz bu səbəbdən də, ayrı-ayrı dövrlərdə iki ölkə arasındakı münasibətlər əməkdaşlıq və qarşıdurma şəklində bir-birini əvəz edən tendensiyalarla müşahidə olunmuşdur.
25 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini rəsmən tanıyan İran İslam Respublikası ilə münasibətlər həmin dövlərlərdə qeyri-sabit olması ilə səciyyələnir. Belə ki, 1992-ci ildə baş verən hakimiyyət dəyişikliyi və AXC-nin hakimiyyətə gəlməsi, xarici siyasətdə balansı pozaraq birtərəfli addımlar atması bu ölkə ilə münasibətlərin bir müddət qırılmasına səbəb olmuşdur. Ə.Elçibəyin Türkiyəyə olan bağlılığı və qərbə yönəlməsi, eləcə də, “Bütöv Azərbaycan” məsələsini gündəmə gətirməsi İranla münasibətlərin gərginləşməsinə səbəb olan əsas məsələlər idi.
Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Türkiyə-İran-Rusiya üçbucağında tarazlıq yaradıldı, Rusiya və İranın enerji qaynaqlarından pay alma istəyi bir sıra güzəştlər əsasında həll olundu. Daha sonra İran İslam Respublikasının Prezidenti Haşimi Rəfsəncaninin 26-28 oktyabr 1993-cü ildə Azərbaycana, Azərbaycan Prezidenti Heydər Əliyevin 29 iyun - 2 iyul 1994-cü ildə İrana səfər etməsi ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə stimul yaratdı. Ümummilli lider Heydər Əliyev İran İslam Respublikasının prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani ilə görüşlərin birində bildirmişdir: "Biz belə fikirdəyik ki, son dövrdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında olan əlaqələrdə müəyyən soyuqluq yaradılmışdı. Bunların aradan götürülməsi üçün biz son vaxtlar, sizə məlumdur ki, lazımi tədbirlər görmüşük. Bundan sonra da bu tədbirləri görmək fikrindəyik". Səfərlər çərçivəsində iki ölkə arasında dostluq, əməkdaşlıq, iqtisadi, elmi, mədəni tərəfdaşlıq haqqında imzalanan müqavilələr ölkələr arasındakı əməkdaşlığın sonrakı inkişafının təməlini qoymuşdur.
Müasir dövrümüzdə də Azərbaycanın İranla münasibətləri əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi dostluq və mehriban qonşuluq aspektində uğurla davam etdirilir.
Ləman Xəlilova
Azerbaijan Realities
220