ATƏT sədri: “Qarabağ münaqişəsinin həlli istiqamətində mükəmməl iş aparırıq"
08 dekabr 2016 12:32 (UTC +04:00)

ATƏT sədri: “Qarabağ münaqişəsinin həlli istiqamətində mükəmməl iş aparırıq"

 

"Bu il Dağlıq Qarabağda münaqişənin eskalasiyası Avropa məkanında sülh arxitekturasının nə qədər həssas olduğunu göstərdi".

 

APA-nın məlumatına görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer qurumun Hamburqda keçirilən Xarici İşlər Nazirləri Şurasının iclası öncəsi mətbuat konfransında deyib.

 

O bildirib ki, ATƏT məkanında münaqişələrin həlli üçün səylərin artırılması  çox vacibdir: “ATƏT Dağlıq Qarabağ, Ukrayna münaqişələrinin həlli istiqamətində mükəmməl iş aparır. ATƏT bəzi hallarda hətta bu münaqişələrin açıq müharibə vəziyyətinə gəlməsinin qarşısını alıb”.

 

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

 

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

 

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

 

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157
avatar

APA Baycan

Oxşar yazılar