Avropa İnsan Hüquqları Məhkəməsi “Avanesyan və Karapetyan Ermənistana qarşı” iddiası ilə çıxardığı qərarla sübut etdi ki, hələ ikinci Qarabağ müharibəsi başlamazdan əvvəl Ermənistanın işğalçı qüvvələri Azərbaycan ərazisində yerləşib.
Lent.az xəbər verir ki, bunu Vesti.az-a açıqlamasında hüquqşünas, Vəkillər Kollegiyasının rəyasət heyətinin üzvü Muxtar Mustafayev deyib.
Hüquqşünas qeyd edib ki, Avropa Məhkəməsində işə baxılarkən Ermənistan belə mövqe tutmağa çalışıb ki, bu, qondarma respublikanın ərazisində baş verib və ona görə də onlar buna görə məsuliyyət daşıya bilməzlər.
“Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın bu mövqeyini qəbul etmir. O, Ermənistan ordusunu işğalçı kimi tanıyıb, yəni Ermənistanın Qarabağ ərazisində effektiv idarəçilik həyata keçirdiyini təsdiqləyib”, - vəkil bildirib.
Muxtar Mustafayevin şərhinə görə, Qarabağın Ermənistan tərəfindən işğalı və Qarabağa ordu korpusunun yerləşdirilməsi Avropa Məhkəməsinin qərarı ilə təsdiqlənib.
“Onlar iddia edirdilər ki, Qarabağ ərazisində heç bir erməni silahlı qüvvələri yoxdur və orada qondarma “DQR”in özünümüdafiə ordusu yerləşir. Bu fakt konkret olaraq göstərir ki, onlar Ermənistanda hərbi xidmətə çağırılıb və Ermənistan Respublikasının nəzarətində olan işğalçı qüvvələrin tərkibində hərbi qulluqçu kimi xidmətə göndəriliblər”, - vəkil qeyd edib.
Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsi 2023-cü il oktyabrın 17-də Avanesyan və Karapetyanın Qarabağdakı hərbi hissəyə göndərilməsi aralarında çıxan münaqişə nəticəsində qeyri-müəyyən şəraitdə həlak olan Ermənistan vətəndaşlarının valideynlərinin bu hadisənin ədalətsiz araşdırılması ilə əlaqədarErmənistana qarşı iddiası üzrə qərar qəbul edib.
Ərizəçilərin fikrincə, Ermənistan hakimiyyəti bütün məsul şəxslərin, o cümlədən yüksək rütbəli komandirlərin müəyyən edilməsi və cəzalandırılması üçün effektiv araşdırma aparmayıb.
Strasburq məhkəməsi hər bir ərizəçiyə təzminat kimi 30 min avro ödənilməsinə qərar verib.