“Heydər Əliyev ona edilən yaxşılığı unudan insan deyildi” – Deputat xatirələrini danışır
10 may 2024 17:28 (UTC +04:00)

“Heydər Əliyev ona edilən yaxşılığı unudan insan deyildi” – Deputat xatirələrini danışır

“Heydər Əliyev çox uzaqgörən, bütün planları ilə dövlətin 10-15, çox zaman 50 il sonrakı uğurlu taleyini düşünən, hesablayan siyasətçi idi. O, heç bir sözü boş yerə deməyib. Dediyi hər kəlmənin illər sonra, reallaşdığının şahidi oluruq. Xoşbəxt insanam ki, onunla bir müddət işləmək mənə də nəsib olub”.

Bu sözləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar  Lent.az-a xatirələrini bölüşən deputat, Ana Vətən partiyasının sədri Fəzail Ağamalı deyib:

“Bir xatirəni yada salmaq istəyirəm. 1990-cı illərin əvvəllərində ölkədə böyük xaos hökm sürürdü. Surət Hüseynov qiyam törədərək Baş nazir vəzifəsinə gəlib çıxmışdı. Mən Sosial Təminat nazirinin müavini idim, lakin naziri əvəz edirdim. Əmrim prezidentin masası üstündə idi. Nazir vəzifəsinə təsdiqlənməyim gözlənilirdi. Həmin ərəfələrdə “Əsrin müqaviləsi” imzalanmalı idi. Sürət Hüseynov Moskvanın diktəsi ilə bu müqavilənin imzalanmasına bütün imkanları ilə əngəl olmağa çalışır, müqavimət göstərirdi.

Öz təsir dairəsi altında olan qəzetlərdə tez-tez  müqavilənin Azərbaycana fəlakət gətirəcəyinə dair yazılar verdirirdi. Zərdüşt Əlizadənin “İstiqlal”, Yevlaxda çıxan “Yun” qəzetində, Nazirlər Kabinetinin mətbu orqanında Heydər Əliyevin neft siyasətinə qarşı məqalələr verir, sərt çıxışlar edirdi. Aprel ayının sonlarında Milli İstiqlal Partiyasının “Millət” qəzetinə müsahibə verib, Surət Hüseynovu istefa verməyə çağırdım. Yazı çıxandan sonra Surət Hüseynovun müavini məni çağırdı. Məqaləmi qarşıma atdı. Dedim “bəli, mən bunu demişəm, sözümdə də dururam. O, Heydər Əliyevə, dövlət siyasətinə qarşı çıxır, istefa verməlidir”. 

Bu hadisədən sonra Sürət Hüseynov Etimad Hüseynovun rəhbərlik etdiyi Qarabağ Əlillər Cəmiyyətini mənə qarşı qaldırdı. Bir toplantı keçirildi, əlillər üzümə durdular ki, mən onların haqlarını verməmişəm, nazirliyi “yeyib dağıdıram”. Sürət Hüseynov həmin iclasda məni işdən azad etdiyini bildirdi. Mən dedim ki, onun buna səlahiyyəti yoxdur, bu prezidentin səlahiyyəti altında olan məsələdir. Aramızda qalmaqal yarandı. 2 ay aramızda gərginlik davam elədi. O məni işdən çıxarmaq üçün təzyiq göstərir, Heydər Əliyev imkan vermirdi.

1994-cü ilin avqust ayında Prezident Administrasiyasında müşavirə keçirilirdi. Surət Hüseynov düz 2 saat gecikdi. Məlum oldu ki, yenə əlilləri yığıb “Azadlıq” meydanına. Bu dəfə artıq Prezidentə təzyiq göstərdi ki, Fəzail Ağamalını istefaya göndərməsə, Prezident Aparatına hücum edəcəklər.

Heydər Əliyev yeni seçilmişdi, ölkədə qarışıq durum mövcud idi. Bu məlumatı mən prezidentin köməkçisi Eldar Namazova çatdırdım və dərhal ərizəmi yazdım ki, Heydər Əliyev istefamı qəbul eləsin. Qapının arxasından Heydər Əliyevin əsəbi səsini eşidirdim. Həmin gün mənim istefam qəbul edildi. Heç unutmuram, həmin iclasda Heydər Əliyev çıxış edərək “Fəzail Ağamalı istefa verir. Amma bu mövcud şəraitin və hamının günahıdır” dedi. 

Surət Hüseynov vəzifədən getdikdən sonra Heydər Əliyev məni qəbuluna çağırdı və yenidən nazir vəzifəsini təklif etdi. Mən deputat kimi ölkəyə daha çox fayda verə biləcəyimi dedim, o da fikrimi qəbul elədi. Heydər Əliyev heç bir zaman ona edilən yaxşılıqları unutmurdu. Mən Milli Məclisin deputatı seçildikdən sonra səhhətimdə ağır problem yaranmışdı. O  diqqət göstərdi və dövlət başçısının göstərişi ilə mən İsveçrəyə müalicəyə göndərildim”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3177
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar