Ermənistanın 16 noyabr təxribatı: Düşmənin başı bir daha əzildi
17 noyabr 2021 17:40 (UTC +04:00)

Ermənistanın 16 noyabr təxribatı: Düşmənin başı bir daha əzildi

2021-ci il noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədiblər. Məqsəd dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək olub.

Qarşı tərəfin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Azərbaycan Ordusu qarşıda duran vəzifələri tam icra edib, ərazi itkisi yoxdur, bütün strateji yüksəkliklər və məntəqələr nəzarətimizdədir.

Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb.

Hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfi 7 şəhid verib, 10 nəfər yaralanıb. Ermənistan tərəfi 20-dən artıq canlı qüvvə itkisi verib, 40-dan artıq hərbçi yaralanıb, xeyli sayda silah sursat onlardan qənimət götürülüb.

Əslində, Ermənistan hakimiyyəti 44 günlük müharibədə ağır məğlubiyyəti, sonrakı dövrdə uğradığı mövqe itkilərini kompensasiya etmək və revanş qazanmaq üçün 2021-ci il noyabrın 8-dən başlayaraq 2020-ci ilin Tovuz ssenarisinə uyğun olaraq ardıcıl şəkildə Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribatlara başladı. 
Ermənistan heç bir nəticə əldə edə bilmədi, bu ölkənin hərbi-siyasi rəhbərliyinin növbəti təxribatı və avantürası tam iflasa uğradı.

Siyasi ekspert Aydın Quliyevin fikrincə,  Ermənistan rəhbərliyinin son sərhəd təxribatlarının özləri üçün növbəti rüsvayçı hərbi məğlubiyyətə çevrilməsi bir daha sübut etdi ki, Azərbaycanın regional sülh siyasəti doğru yoldadır.
“Azərbaycan ordusunun erməni təxribatlarına layiqli cavabı göstərdi ki, Ermənistan pozucu rol oynayır və Azərbaycan Prezidentinin yekun sülh sazişi imzalamaq təkliflərini ardıcıl şəkildə sabotaj edir. Azərbaycan Prezidentinin sərhədlərin dəqiqləşdirilməsi və ərazi bütövlüyünün qeyd-şərtsiz tanınması barədə çağırışlarının Ermənistan tərəfindən davamlı rədd edilməsi bölgədə yaranmış təhlükəli vəziyyətin yeganə mənbəyidir. Vətən müharibəsindən sonrakı bir ildə Prezident İlham Əliyev bütün beynəlxalq və daxili tribunalarda Ermənistanı sülh sazişi imzalamağa dəvət edir. Azərbaycan Prezidenti Ermənistanın yekun sülh sazişinə məcbur edilməsini möhkəm regional sülhün müstəsna həlledici şərti kimi bəyan edib. Təəssüf ki, Azərbaycan Prezidentinin delimitasiya və sülh sazişi barədə çağırışlarının həyata keçirilməsi üçün beynəlxalq birlik Ermənistana lazımı təzyiqi göstərmir”.

Azərbaycan operativ qaydada beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə Ermənistanın Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atması, noyabrın 16-da genişmiqyaslı hücum həyata keçirməyə cəhd göstərməsi və yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməsini çatdırıb. 

Noyabrın 16-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib, ABŞ, Rusiya, Fransa, İtaliya və digər ölkələr məsələ ilə bağlı bəyanatlar veriblər. Ermənistan ordusunun Kəlbəcər, Laçın və digər istiqamətlərdə son təxribatlarına bəzi beynəlxalq reaksiyalar da sübut edir ki, Azərbaycanın sülh sazişi və delimitasiya danışıqları barədə apardığı siyasət kursu başa düşülür və dəstəklənir. 
Avropa Şurasının prezidentinin İlham Əliyevə telefon zəngi, ABŞ, Rusiya , Fransa , İtaliya və başqa ölkələrdən gələn rəsmi reaksiyalar sübut edir ki , Azərbaycan real vəziyyətin beynəlxalq rəsmi dairələrə və ictimaiyyətə yetərincə çatdıra bilib. Narahatlıq ifadə edən beynəlxalq dairələrin narahatlıq ifadə etməklə bərabər delimitasiya danışıqlarının zəruriliyini vurğulaması Ermənistanın böyük təzyiq altında olduğunu göstərir.
Bəyanatlarda narahatlıq ifadə olunmaqla yanaşı, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara başlamağın vacibliyi vurğulanıb.
Məsələyə münasibət bildirən təşkilatların, dövlətlərin mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşüb. Azərbaycan artıq uzun müddətdir ki, sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin bağlanması təşəbbüsü ilə çıxış edir. Ermənistan isə bu çağırışlara reaksiya vermir. Beynəlxalq ictimaiyyətin mövqeyi göstərdi ki, Ermənistanın növbəti dəfə təxribat və avantüra törədərək Azərbaycanı günahkar qismində təqdim etmək cəhdi iflasa uğradı.

Təsadüfi deyil ki, Ermənistan hətta ayrı-ayrı ölkələri də şantaj etməyə cəhd göstərdi. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə digər beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlaması Rusiyanı şantaj etmək cəhdindən başqa bir şey deyildi.  
Ermənistanın noyabrın 16-da başladığı genişmiqyaslı təxribatında ağır silahlardan istifadə olundu. Belə toqquşmalarda itkilərə yol verməmək olduqca çətindir, praktiki cəhətdən mümkün deyil.  
Azərbaycan Ordusundakı nizam intizam, peşəkarlıq, bölmələrimizin ən müasir texnika, silah-sursatla təminatı itkilərin minimuma endirilməsini təmin edir

Ermənistan növbəti dəfə Azərbaycandan dəfələrlə çox itki verdi. Regionumuzda mövcud vəziyyət göstərir ki, Azərbaycan Ordusu həmişə  təxribatlara hazır olmalıdır. Ermənistan hər mümkün halda yeni təxribat törətməyə cəhd göstərəcək. Məsələn, Türkiyə uzun illərdir bu tipli təxribatlardan əziyyət çəkir. Qardaş ölkədə terrorçuların hərbçilərin postlarına hücumları, əksər ölümü tez-tez baş verən haldır. Həmçinin, İsrail ordusu daim belə gərginlikdə fəaliyyət göstərir, hücumlar, silahlı toqquşmalar tez-tez baş verir.

Hazırda Azərbaycan bu istiqamətdə  lazım olan bütün tədbirləri görür. Rəsmi Bakı sadəcə düşmənin hücumlarını dəf edir. Dünən döyüşlər gedib. Bu zaman döyüş təyyarələrindən başqa, demək olar, bütün vasitələrdən istifadə olunub. Əlbəttə, belə olduğu halda hər iki tərəfdən itkilərin olması gözlənilən bir haldır. Azərbaycan tərəfi yeddi şəhid verib. Görülən tədbirlər nəticəsində biz qarşı tərəfə layiqli cavabı vermişik. Azərbaycan prezidentin təbirincə desək, düşmənin bir  daha başını əzmişik. Şəhidlərin qanı isə yerdə qalmayıb.

# 5979
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar