Türkiyənin İstanbul şəhərinin tarixi Bəyazid meydanında son günlər cəbhədə yaşanan gərginliklərlə bağlı Azərbaycana dəstək vermək, şəhid olan hərbçilərimizi yad etmək və Ermənistanın işğalçı və terrorçu siyasətinə, əl atdığı təxribatlara etiraz səsini ucaltmaq məqsədilə "Ya Qarabağ, ya ölüm" adlı izdihamlı mitinq keçirilib.
Lent.az xəbər verir ki, Bütöv Azərbaycan Ocaqları, İstanbul Universitetinin Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi və Turan Ocaqlarının birgə təşəbbüsü ilə gerçəkləşdirilən mitinqə Türkiyədə yaşayan azərbaycanlılar, Tükiyə vətəndaşları və digər ölkələrin təmsilçiləri iştirak ediblər. Mitinq qəhrəmanlıqla həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükütla anılması və Azərbaycanla Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbir iştirakçıları qarşısında Türkiyə Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, millət vəkili Şamil Ayrım, Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Anar Can Kıtay, Turan Ocaqları başqanı Ercan Urçar, Bütov Azərbaycan Ocaqları Türkiyə təmsilçisi Sina Həsəni, Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin fəxri sədri Rəşid Həsən Mustafazadə, digər Türk dünyası ölkələrinin təmsilçiləri olan QHT rəhbərləri, Qazi xanım "Qarabağın Tutusu" ləqəbli Rüxsarə Bayram qızı, "Kobra" ləqəbli idmançı Pərviz Abdullayev və digər fəallar da çıxış ediblər.
Tədbirdə İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Anar Can Kıtay tərəfindən türk və ingilis dillərində media üçün açıqlama oxunub. Açıqlamada 1917-ci ildə baş vermiş Bolşevik inqilabı, tarixi Azərbaycan torpaqlarına ermənilərin yerləşdirilməsi, əsrlərboyu ermənilər tərəfindən türk milləti, o cümlədən azərbaycanlılara qarşı törədilən cinayətlər və qətliamlar, Xocalı soyqırımı kimi faktlar barəsində məlumat verilib, Ermənistan hökuməti tərəfindən atılan addımların beynəlxalq hüquq və normalara zidd, insanlığa qarşı cinayət olduğu bildirilib. Son günlər işğalçı Ermənistan tərəfindən törədilən təxribatlar və hücumlar nəticəsində uşaqlar da daxil olmaqla xeyli sayda dinc insanın Ermənistanın terrorçu siyasətinin növbəti qurbanı olduğu, Azərbaycan Silahlı Qüvvələrinin düşmənə lazımi cavabı verdiyi qeyd edilib.
Natiqlər Ermənistanın işğalçılıq və təcavüzkar siyasətini hiddətlə pislədiklərini, dünya azərbaycanlılarının doğma Vətənlərini dəstəklədiklərini, Azərbaycan üçün savaşmağa hazır olduğunu bəyan ediblər. Onlar dünya birliyindən və beynəlxalq təşkilatlardan Azərbaycan torpaqlarının azad olunması və ərazi bütövlüyünün bərpa olunması, işğalçı Ermənistanın sərt şəkildə cəzalandırılması üçün qətiyyətli addımlar atılmasını tələb ediblər.
Mitinqdə Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə yanaşı, dövlətimizi dəstəkləyən digər dost ölkələrin də bayraqları qaldırılıb. Mitinq boyu “"Ya Qarabağ, ya ölüm", "Marş, marş irəli, Azərbaycan əsgəri", "Azərbaycan bir olsun, istəməyən kor olsun", "Qarabağa ədalət!" şüarları səsləndirilib. Böyük izdihamın yaşandığı tədbirdə Azərbaycana dəstək ifadə olunub, çıxış edənlər Ermənistan tərəfindən törədilən təxribatları şiddətlə qınayıblar.