ABŞ-ın Azərbaycandakı səfiri istefa verdi
03 dekabr 2024 12:09 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfiri istefa verdi

"ABŞ diplomatik xidmətindən istefamı ürək ağrısı ilə bəyan edirəm. 2023-cü ildə ABŞ Senatı qarşısında dinləməmdə qeyd etdiyim sağlamlıq qayğıları, təəssüf ki, davam etmişdir".

Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycan Respublikasındakı səfiri Mark Libbynin bəyanatında bildirilib:

"Bakıya gəldiyim vaxtdan etibarən xüsusilə minnətdar olduğum Mərkəzi Klinikadakı diaqnostik radiologiya komandasının qayğısı da daxil olmaqla, əla tibbi xidmətdən faydalanmışam. Lakin son test nəticələri göstərir ki, tamamilə öz sağlamlığım üzərində diqqət cəmləmək üçün evə qayıtmaq vaxtıdır. Buna görə də, mən bu son dərəcə məşğul, lakin son dərəcə uğurlu 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacağam. Uğurlu 2025-ci ilə qədəm qoymaq və xərçəng barədə məlumatlandırmanı artırmaq məqsədilə yerdə qalan bir neçə həftəni Azərbaycanda keçirmək niyyətindəyəm.
Bakıdakı səlahiyyət müddətim ərzində ABŞ Səfirlik komandasının və mənim gördüyümüz işlərlə inanılmaz qürur duyuram. Biz ingilis dili proqramlarına sponsorluq etməklə, ABŞ-də təhsil alan azərbaycanlıların sayını xeyli artırmaqla, habelə, geniş səpkili ABŞ alimlərinin, idmançılarının və mədəni təmsilçilərinin Azərbaycana səfərlərinə dəstək verməklə xalqlar arasında güclü əlaqələr qurmuşuq. Biz iqtisadi, ələlxüsus, ənənəvi enerjidən bərpa oluna bilən enerjiyə keçid sahəsində daha dərin əməkdaşlıq qurmuşuq. COP29-da uğurlu nəticə əldə etmək üçün bizim sıx əməkdaşlığımız göstərib ki, biz diqqətimizi cəmləşdirdikdə Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri dünyanı daha yaxşıya doğru dəyişmək üçün birgə işləyə bilərlər.

Azərbaycanda insan haqlarının qorunmasını təşviq etmək və Cənubi Qafqazda davamlı, layiqli sülhə kömək etmək üçün görüləcək işlər çoxdur. Lakin mən inanıram ki, ötən il ərzində bizim ikitərəfli münasibətlərimizdə şahidi olduğumuz çətinliklə qazanılmış irəliləyişlər qarşıdan gələn həftələr, aylar və illərdə bu və digər sahələrdə daha yaxşı və daha uğurlu əməkdaşlığın təməlini qoyur. Mən ABŞ-Azərbaycan münasibətlərinin gələcəyinə böyük nikbinlik hissi ilə buranı tərk edirəm. Mən bu mətin xalqa və Azərbaycanın hər yerində həyat yoldaşım Danusia və mənim qarşılaşdığımız heyrətamiz təbiət gözəlliklərinə və coşqun qonaqpərvərliyə olan böyük sevgi ilə buranı tərk edirəm. Hamınıza təşəkkür edirik. Allah bu gözəl ölkəni qorusun!".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1326
avatar

Oxşar yazılar