Ermənistan: Döyüşə uşaqlar gedir və…
25 oktyabr 2020 10:57 (UTC +04:00)

Ermənistan: Döyüşə uşaqlar gedir və…

Bir qədər əvvəl sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrində şəxsi heyət çatışmazlığını əks etdirən video paylaşılıb. Həmin videoda açıq şəkildə göstərilir ki, Ermənistan Azərbaycan Ordusuna qarşı uşaqlardan əsgər kimi istifadə edir. Bunu etməklə, Ermənistan bir çox beynəlxalq konvensiya və normaları  - BMT-nin Uşaq Hüquqları Konvensiyası və UNICEF-in Paris Konvensiyasını - açıq şəkildə pozur.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də twitter hesabında bu barədə paylaşım edib:.“Video Ermənistanda uşaq əsgərlərin olduğunu əks etdirir. Bu araşdırılmalıdır. 15 yaşınadək uşaqların əsgər kimi götürülməsi və istifadəsi beynəlxalq humanitar hüquq - müqavilə və qaydaya görə qadağandır və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən müharibə cinayəti kimi təyin olunur. UNICEF, ICRC”.

Ekspertlərin fikrincə, müasir silahlı münaqişələri xarakterizə edən təhlükəli tendensiyalardan biri onların iştirakçılarının gəncləşməsidir. Bir çox silahlı münaqişələrdə məhz gənc insanlar, çox zaman isə uşaqlar həm birbaşa (silahlı qüvvələrin tərkibinə daxil olan şəxs) kimi, həm də dolayı şəxslər kimi fəal rol oynayırlar. Bu baxımdan uşaqlar silahlı münaqişədə silahlı əsgər kimi də çıxış edə bilərlər. Ona görə də silahlı münaqişə dövründə uşaqların hüquqi statusu əhəmiyyətli dəyişikliyə məruz qalır. Belə ki, silahlı münaqişə zamanı onlar həm zorakılıq subyekti, həm də obyekti ola bilərlər. Statusuna görə subyekt olan uşaqlara silahlı münaqişə dövründə müəyyən hallarda silah tətbiq edilə bilər, obyekt uşaqlara isə heç bir halda silah tətbiq edilə bilməz.

 

 XX əsrin 70-ci illərində uşaqlarla bağlı bir neçə problem mövcud idi. Birincisi, uşaqlar daha kövrək şəxslər kateqoriyası kimi xüsusi müdafiə hüququna malik olsalar da, bu prinsip IV Cenevrə konvensiyasının heç bir maddəsində dəqiq şəkildə ifadə olunmamışdı. İkincisi, uşaqların hərbi əməliyyatlarda iştirakı da kəskin problemlərdən biri kimi ortaya çıxmışdı. 1977-ci diplomatik konfransında 1949-cu il Cenevrə konvensiyasına iki əlavə protokol qəbul olundu. Onlardan birincisində göstərilirdi ki, münaqişə zamanı uşaqlar xüsusi hörmətə layiqdir və onların istənilən qəsdlərdən müdafiəsinə təminat verilir. Münaqişə tərəfləri onlar üçün yaşlarına və ya istənilən digər səbəbə görə tələb olunan müdafiə və yardımı təmin edirlər.

 Əlavə protokollarla uşaqların hərbi əməliyyatlarda iştirakı məsələsi də tənzimlənir. Həmin protokollara görə 15 yaşı tamam olmamış şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməməsi üçün bütün mümkün tədbirlər görülməlidir. Silahlı münaqişə ilə bağlı həbs edilmə, tutulma və ya nəzarət altına alınma hallarında uşaqlar böyüklərdən ayrı saxlanılmalıdırlar.

Gördüyünüz kimi, Ermənistan nəinki beynəlxalq konvensiya və protokolları kobudcasına pozur, hətta uşaqlarını belə təhlükə altına atır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1396
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar