Paşayevanın Azərbaycanında itmiş nəsil
26 iyul 2011 14:26 (UTC +04:00)

Paşayevanın Azərbaycanında itmiş nəsil

“Milliyet”, “Hürriyet”, “Zaman”, “Todays Zaman”, “Haberturk”, “Radikal” qəzetlərini təmsil edən jurnalistlər Tovuzun Ermənistanla həmsərhəd bölgələrinə baş çəkiblər. Səfər başa çatdıqdan sonra Türkiyəyə dönən jurnalistlər təmsil olunduqları qəzetlərdə təəssüratlarını yazıblar. “Todays Zaman” qəzetinin əməkdaşı Abdullah Bozkurtun səfər barədə yazısını Lent.az-ın oxucularına təqdim edirik.


***

“Təəssüf ki, mənim gənclik illərini tamamilə yaşamaq imkanım olmayıb”, - bunu Azərbaycan parlamentinin millət vəkili Qənirə Paşayeva seçildiyi Tovuz regionundan Bakıya qayıdarkən ötən həftə demişdi. Ermənistan tərəfinin Ermənistandan Azərbaycanın şərq hissəsinə qaçqınları və məcburi köçkünləri göndərməklə təcavüzkarlıq aktlarına başladığı zaman onun 13 yaşı var idi.

Bu qaçqınların bəziləri sığınacaq istəyərək onun evində məskunlaşmışdılar. “Bizim hər şeyini itirmiş o şəxslərə qapılarımızı açmaqdan başqa seçimimiz yox idi”, o həmin hadisələri bu cür xatırlayır. “Uşaq ikən mən öz əzizlərini itirmiş insanlarla böyük adam kimi davranmalıydım. Mən göz yaşları içində necə gülməyi unutdum və iztirab çəkən bu insanların kədərlərini valideynlərimlə birgə bölüşməliydim. ”


Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub həkimlik arzusunu gerçəkləşdirmək istədiyi bir zaman onun həyatında başqa bir faciə baş verdi. Paytaxt Bakıda o, Sovet qoşunlarının yüzlərlə azərbaycanlının həyatına son qoyduğu “Qara Yanvar” gecəsinin şahidi oldu. Bu hadisə Sovet İttifaqının süquta uğramağa başladığı ərəfədə Azərbaycanın istiqlaliyyət uğrunda apardığı hərəkatı boğmaq məqsədi daşıyırdı. “Hər yerdə qan var idi”, - o, həmin günlər haqqında bunları söylədi.

Paşayeva 18 yaşına çatdıqda ən ağır zərbəsini aldı. Ermənistan silahlı qüvvələrinin dəstəyi ilə erməni separatçı qüvvələri Dağlıq Qarabağ və ətraf ərazilərdə müharibə əməliyyatlarına başladılar və bunun nəticəsində milyona yaxın azərbaycanlı öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qaldılar. Standartlara sığmayan insan faciəsi gənc Azərbaycan Respublikasını sarsıtdı, bu zaman ölkənin iqtisadiyyatı tamamilə sıradan çıxmışdı. Məcburi köçkünlər boş vaqonlarda və yük maşınlarında özlərinə sığınacaq axtarır və çadırlarda məskunlaşırdılar. “Mən özümü tamamilə köməksiz hiss edirdim. Bu, ürək ağrıdan vəziyyət idi”, - o deyir.

Paşayeva deyir ki, o, uzun müddət Tovuz rayonunda doğma kəndi olan Düz Qırıqlı kəndində keçirilən toy məclislərində və ya başqa el şənliklərində rəqs etmirmiş. Ondan bunun səbəbini soruşduqda o deyirdi: “Mən qorxurdum ki, məni rəqs edən görənlərin bəziləri ürək sarsıntısı keçirə bilərlər və düşünə bilərlər ki, onların qızları və oğulları da sağ olsaydı, indi onların gözləri qarşısında belə rəqs edərdilər. Ermənistanın işğalı nəticəsində mən o qədər dostlarımı itirdim ki, və bu gün də onların acısını hiss edirəm”.
Paşayeva qəbul edir ki, müharibə onun həyatını təsəvvür edilməz şəkildə köklü surətdə dəyişib. “Mən bu gün tamamilə başqa bir şəxs ola bilərdim. Əgər mən gəncliyimdə adi qız həyatı yaşasaydım, bu gün məsələlərə başqa yanaşmam ola bilərdi”, - o, təəssüf hissi ilə qeyd edir.

Xanım Paşayevanın gənclik illərində yaşadıqları onun daha güclü olmasına, hər bir şeyini itirmiş və qaçqın və məcbur köçkün həyatı yaşamağa məcbur olan bir milyona yaxın Azərbaycan vətəndaşı üçün ədalətin bərqərar olunması uğrunda mübariz kimi yetişməsinə səbəb olmuşdu. O, həm tibb, həm də hüquq sahəsində təhsil alıb. Paşayeva karyerasında irəliləyərək, azərbaycanlıların hüquqlarını həm milli, həm də beynəlxalq aləmdə qorunmasının fəal nümayəndəsi olmuşdu. O, karyerasına reportyor kimi başlamış, sonra redaktor olmuş, televiziyada çox saylı sənədli filmlərin yaradılmasında iştirak etmişdi.

2005-ci ildə o, doğma Tovuz rayonundan müstəqil namizəd qismində Azərbaycan parlamenti və yaxud Milli Məclisinin üzvü seçilmişdi. O, Beynəlxalq münasibətlər üzrə komissiyasının, habelə Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvüdür. Mən onu AŞPA tribunasından Azərbaycanla bağlı etdiyi çıxışlarını dəfələrlə izləmişəm. Müzakirə mövzusunun nə olmasından asılı olmayaraq, o, hər zaman müzakirələri azərbaycanlı qaçqın və məcbur köçkün məsələləri ilə əlaqələndirməyi və Ermənistan nümayəndə heyətindən Azərbaycan torpaqlarının 20%-nin qanunsuz işğalının davam etdirilməsinə son verilməsinin tələb edilməsi ilə əlaqələndirməyi bacarırdı.

Tovuz rayonun atəşkəs rejiminin fəaliyyət göstərdiyi ərazidə Paşayeva polkovnik Barxudarovun düşmən atəşinə tuş gəlməmək üçün neytral zonaya daxil olmamaq xahişinə məhəl qoymadı. O, bizi erməni snayperlərinin son illər həm mülki, həm də hərbçiləri hədəfə alaraq qətlə yetirdikləri sərhəd bölgəsinə apardı. Kənd sakinləri burada öz qəbiristanlıqlarını belə ziyarət edə bilmirlər, çünki Ermənistan silahlı qüvvələri onların gəldikləri yolları atəşə tuturlar. Kənd sakinləri sərhəddən bir qədər uzaq yerdə başqa qəbiristanlıq salmışlar.

Biz burda olduğumuz müddətdə polkovnik Barxudarov sakinlərə mümkün atəşə hazırlıq keçirdi. Hər il təxminən bu vaxt havanın quru və çox isti keçdiyi bir zaman Ermənistan silahlı qüvvələri atəşkəs xətti boyu işğal edilmiş ərazilərdə yanğınlar törədirlər. Bu yanğınlar ətraf kəndlərin evlərinə ziyan vurur və ərazidə yerləşdirilmiş minaların partlamasına səbəb olmuşdu. “Ermənistan tərəfi burada yaşayan sakinləri təşvişə salmaq və onları öz evlərini tərk etməyə məcbur etməyə çalışırlar. Lakin bura bizim torpaqlarımızdır”, - Paşayeva qeyd etmişdi.

Yanğınların törədilməsi Ermənistan silahlı qüvvələrinin atəşkəs xətti boyu əl atdığı yeganə taktiki vasitələrdən deyil. Yaxınlığında yerləşdiyimiz və Əlibəyli kəndi adlandırılan ərazidə Ayqün Şahmalıyeva adlı 13 yaşlı qız partlayıcı qurğu yerləşdirilmiş oyuncağın partlaması nəticəsində həyatını itirmişdi. “İt” oyuncağına partlayıcı qurğu yerləşdirilmiş və ermənilər tərəfindən kəndin yaxınlığından axan Tovuz çayına buraxılmışdı. Bomba Aygünün 32 yaşlı anası Elnarə Şahmalıyevayanın ciddi xəsarət almasına səbəb olmuşdu. Oxşar hadisə 1994-cü ildə baş vermiş və Ermənistan tərəfinin çaya atdıqları oyuncağın partlaması nəticəsində iki azyaşlı uşaqdan biri ölmüş, digəri isə yaralanmışdı.

Bu gün də Paşayeva Ermənistanın təcavüzkarlığından əziyyət çəkmiş uşaqların hüquqlarının müdafiəsi uğrunda çalışmaqda davam edir. O deyir: “İşğal zamanı yüzlərlə uşaq öldürülmüş və ya girov götürülmüşdü. Onların çoxu azad edilməmişlər və onların taleyi barədə məlumat əldə etmək də mümkün deyil. On minlərlə uşaq zorakılıqla üzləşərək məcburi köçkün olmuş və qaçqın düşərgələrində məskunlaşıblar”. O, eyni faciə və aqibəti yaşayan, özünün təsvir etdiyi kimi “itmiş uşaqlıq illərini yaşayan”, psixoloji və fiziki zorakılığa məruz qalmış uşaqları görmək istəmir.

“Artıq yetər”, - Paşayeva söyləyir və Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını çıxarmaq və işğalı dayandırmağı tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirməyə məcbur edilməli olduğunu vurğulayır. “Bu, növbəti nəslin itmiş uşaqlıq illəri yaşamaması üçün edilməlidir”, - o deyir.

Abdullah Bozkurt

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1207

Oxşar yazılar