Mərakeş səfiri Ermənistanla sərhəddə oldu
25 iyul 2011 17:18 (UTC +04:00)

Mərakeş səfiri Ermənistanla sərhəddə oldu

Lent.az-ın məlumatına görə, millət vəkili ilk olaraq diplomata Azərbaycan xəritələri əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü haqqında məlumat verib. O bildirib ki, ötən əsrlər boyu qonşu dövlətlərin işğalçı siyasəti nəticəsində Azərbaycanın əraziləri tədricən bölünüb və hazırda isə Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Daha sonra səfir rayonun Şəhidlər Xiyabanını ziyarət edib, Tovuz məscidinə baş çəkib.

Tovuza ilk dəfə səfər edən diplomat sərhəd kəndində də olub. Ermənistanla sərhəddə yerləşən Ağdam kəndində olarkən səfirə Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozaraq, sərhəd kəndlərini, sivil insanları atəşə tutması, sakinlərin əkin-biçinlə məşğul olmalarına mane olmaları, xüsusilə yay aylarında yanğınlar törətmələri, snayperlərlə əkin sahələrinin suvarılmasına mane olmaları barədə məlumat verilib.

Bildirilib ki, sakinlər artıq bir neçə ildir kənd qəbiristanlığına gedərək, yaxınlarının qəbirlərini ziyarət edə bilmirlər. Çünki kənd qəbiristanlığı sərhədə yaxın yerləşir və Ermənistan silahlı qüvvələri snayperlərlə qəbiristanlığa gedən sakinləri hədəfə alırlar. Onlar son bir neçə il ərzində qəbiristanlığı ziyarət edən bir neçə kənd sakinini qətlə yetirib, bir neçəsini isə yaralayıblar. Bu səbəbdən də sakinlər yeni qəbiristanlıq salıblar. Ermənistan silahlı qüvvələrinin hər il qəbiristanlığı və onun içərisində yerləşən tarixi-dini abidələri yandırması kənd sakinləri üçün böyük faciədir.

Millət vəkili Qənirə Paşayeva Mərakeş səfirinin Tovuz rayonuna səfərinin çox əhəmiyyətli olduğunu bildirib. Çünki səfirin burada Ermənistanla sərhəddə baş verənləri görərək, onu olduğu kimi öz ölkəsinə çatdırması çox vacib məsələdir.

Qeyd edək ki, sərhəd kəndində olan diplomat, həmçinin, burada xatirə olaraq ağac da əkib.

Səfər çərçivəsində Hassan Hami Tovuz rayonunun icra başçısı Tofiq Zeynalovla da görüşüb. İcra başçısı T.Zeynalov və millət vəkili Qənirə Paşayeva səfirə rayonun coğrafi mövqeyi, strateji əhəmiyyəti, iqtisadiyyatı və turizm potensialı barədə məlumat veriblər. İcra başçısı ilə görüşdə səfirə saz hədiyyə verilib. Millət vəkili Qənirə Paşayeva Mərakeşin bir bölgəsi və ya şəhəri ilə Tovuzun qardaşlaşmasının çox əhəmiyyətli ola biləcəyini, Mərakeşin bölgələri ilə Tovuz arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib və bu istiqamətdə təkliflə çıxış edib.

Səfir Hassan Hami Tovuza səfərindən məmnun qaldığını, Azərbaycanın və onun ayrı-ayrı bölgələrinin sürətlə inkişaf etdiyini və Mərakeşin Azərbaycanın ayrı-ayrı bölgələri, o cümlədən Tovuzla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Azərbaycanın ərazi bütövlüyü məsələsinə toxunan səfir bildirib ki, onun ölkəsi bütün beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb və dəstəkləyir. Səfir rayonun turizm üçün görməli yerləri, tarixi abidələri ilə də tanış olub və bu səfərdən çox razı qaldığını deyib.

Qonaqlar, həmçinin, Tovuz rayonunun Aşağı Ayıblı kəndində aparılan arxeoloji qazıntılar “Meteş təpə” adlanan ərazidə də olublar. Burada onlara bizim eradan əvvəl 4-cü minilliyə aid olan qədim yaşayış yerində tikili qalıqları, istehsal sahələrini əks etdirən emalatxanalar göstərilib.

Qeyd edək ki, aparılan arxeoloji tədqiqatlarda iştirak edən Fransalı arxeoloqlar da səfir Hassan Hamiyə bu qədim yaşayış yeri haqda məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1796

Oxşar yazılar